Lənkəran Dövlət Universiteti Müstəqil Azərbaycanın yetirməsidir-ARAŞDIRMA

Tarix : 2016/05/10 15:05     Kateqoriya : TƏHSİL    


	Lənkəran Dövlət Universiteti Müstəqil Azərbaycanın yetirməsidir-ARAŞDIRMA

Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəran şəhəri həm də Müstəqil Azərbaycanın ilk töhvələrindən olan Lənkəran Dövlət Universitetinin yerləşdiyi bir bölgədir. Gələcəyimizi etibar edəcəyimiz gənclərin bir mütəxəssis kimi yetişməsində bu elm ocağının da öz danılmaz yeri vardır.

Azərbaycanda gənclərin təhsillə əhatə olunması təkcə paytaxda deyil, bölgələrimizdə də davam etməsi çox sevindirici bir haldır. Elə bu minvalla yolumuzu bölgələrdən birinə saldıq. «Fakt-Araşdırma Təhlil» Analitik İnformasiya Agentliyinin “TƏHSİLİMİZ BU GÜN” adlı layihəsi çərçivəsində növbəti araşdırma apardığımız elm ocağı Lənkəran Dövlət Universitetidir.

Universitetin bölgədə yerləşməsi burada yaşayan gənclərin ailə nəzarətindən uzaq düşməməklə elmə cəlb olunması Azərbaycanın daha bir uğurudur. Durğunlaşmış fikrin əksi olaraq bu elm ocağında oxuyan tələbələrin əksəriyyəti bu bölgənin gənclərini təmsil edir. Belə ki, Universitetdə oxuyan tələbələrin 65 faizi Cənub bölgəsinin gəncləridir.

Danılmaz bir faktdır ki, bu bölgədə qızların erkən nikaha məcbur edilməsi çoxluq təşkil edirdi. Bəlkə də səbəbi valideynlərin övladlarını təhsil almaq üçün başqa uzaq yerlərə göndərməkdən çəkinmələri idi. Ancaq indi fərəhləndirici haldır ki, Lənkəran Dövlət Universitetində tələbələr arasında qızların artan çoxluğu da nəzərə çarpır. Bu da öz növbəsində təhsilin inkişafı deməkdir. Ulu Öndər Heydər Əliyevin “Təhsil Millətin Gələcəyidir” sözləri bir şüar kimi bu gün öz əksini tapır.

Qeyd edim ki, Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun 09 sentyabr 2015-ci il tarixli 11/944 saylı əmri ilə texnika üzrə elmlər doktoru, professor Nizami Dəmir oğlu Yusubov Lənkəran Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuş, Təhsil Nazirinin 29 mart 2016-cı il tarixli əmri ilə ona LDU rektorunun vəzifəsini icra etmək həvalə edilmişdir.

Bizim müraciətimizə rektor vəzifəsini icra edən Nizami müəllim cavab verdi və elə bizi universitetdə qarşılayan da, ilk tanışlıq verən də rektorun özü oldu. Tanışlığımız Nizami müəllimin iştirakı ilə universitetin elmi katibi Zaur Məmmədov, Humanitar və Pedoqoji Elmlər fakultəsinin dekanı dosent Kamran Kazımov,İqtisadiyyat və İdarəetmə fakultəsinin dekanı dosent Rəşad Əliyev, Universitet Həmkarlar təşkilatının sədri Rəşid Qasımov və Təbiyyət fakultəsinin dekanı Məlahət Ağayeva ilə dəyirmi masa arxasında başladı.

İlk öncə Universitetin yaranma tarixinə nəzər saldıq. Lənkəranda ali təhsil quruculuğu müstəqilliyimizin ilk illərinə təsadüf edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli, 319 saylı qərarı ilə Bakı Dövlət Universitetinin Lənkəran filialı yaradılmışdır. Az sonra Nazirlər Kabinetinin 23 iyul 1992-ci il tarixli, 403 saylı sərəncamı ilə həmin filial müstəqil ali məktəbə - Lənkəran Dövlət Universitetinə çevrilmişdir. Lənkəranda 1995 – ci ildən 1997 – ci ilə qədər Lənkəran Dövlət Universiteti ilə yanaşı, Hirkan Özəl Universiteti də fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 206/3 saylı qərarı ilə adı çəkilən özəl ali təhsil müəssisəsi Lənkəran Dövlət Universitetinə birləşdirilmişdir.

Araşdırma zamanı məlum oldu ki, hal-hazırda LDU-nun strukturuna 4 prorektorluq, 4 fakültə (“Təbiyyat”, “Humanitar və pedaqoji elmlər”, “İqtisadiyyat və idarəetmə” və yenidənhazırlanma təhsili üzrə “Əlavə təhsil”), 11 kafedra, 8 şöbə, Mülki müdafiə qərargahı, İnformasiya texnologiyaları mərkəzi, İdman klubu, Elmi kitabxana və s. daxildir.

Həmçinin, Lənkəran Dövlət Universitetində 3 fakültə üzrə 2336 nəfər tələbədən 168 nəfəri dövlət sifarişi ilə, 2168 nəfəri isə ödənişli əsaslarla təhsil alır, yenidənhazırlanma təhsili üzrə “Əlavə təhsil” fakültəsi üzrə isə 10 dinləyici təhsil alır. Tələbələrdən 5 nəfəri 600-dən yuxarı bal ilə LDU-ya qəbul olub. Onlardan ən yüksəyi 639 balla qəbul olub. Universitetdə 100 nəfər müəllim-professor heyəti çalışır. Onlardan 10 nəfəri elmlər doktoru, 61 nəfəri fəlsəfə doktoru, 7 nəfəri professor, 32 nəfəri isə dosentdir.

Elm ocağında daha çox marağımızı çəkən məqam o oldu ki, 2015/2016-cı tədris ilində LDU-ya qəbul olan tələbələrin 65%-i, ümumilikdə isə Universitetdə təhsil alan tələbələrin 64%-i Cənub Regionunun payına düşür.

Tələbələrin biliyinin qiymətləndirilməsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 40 nömrəli 21.01.2014-cü il tarixli əmrinə əsasən Azərbaycan Rеspublikаsı Nazirlər Kabinetinin 348 nömrəli 24.12.2013-cü il tаriхli “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalar” ı əsаs götürülür. İmtahanda tələbələrin biliyi hər biletdə 5 sual olmaqla yazılı qaydada yoxlanılır. Tələbələr imtahanlara tələbə bileti ilə buraxılırlar. Sеssiyаnın gеdişi zаmаnı imtаhаnlаrın nəticəsindən yаrаnа biləcək nаrаzılıqlаrın və şikаyətlərin mövcud qаydаdа аrаşdırılmаsı və həll еdilməsi məqsədi ilə Appelyasiya Kоmissiyаsı yаrаdılır. İmtаhаn sеssiyаsındа tələbələrin biliyinin qiymətləndirilməsində şəffаflığı və оbyеktivliyi təmin еtmək, yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədi ilə Operativ Qərargah yаrаdılır və bu qərаrgаhlа əlаqə tеlеfоnlаrı (qaynar xətt) müəyyən еdilir. Operativ Qərargahın fəаliyyəti imtаhаn sеssiyаsının gеdişi hаqqındа Kütləvi İnfоrmаsiyа Vаsitələrinə və ictimаiyyətə mütəmadi məlumаt vеrilir.

Universitetdə Respublikanın bütün bölgələrindən və xarici ölkələrdən olan gənclər təhsil alır. Təkcə onu qeyd etmək yetər ki, fəaliyyət göstərdiyi dövrdə LDU-da həm magistratura, həm də bakalavriat səviyyəsi üzrə Türkiyə Respublikasının bir neçə vətəndaşı təhsil almışdır.

Burada mütəmadi olaraq Beynəlxalq və Respublika səviyyəli elmi konfranslar, seminarlar, diskussiyalar, debatlar, görkəmli dövlət, elm, mədəniyyət, incəsənət xadimləri və ziyalılarla görüşlər keçirilir, idman yarışları təşkil olunur. Universitet bir çox ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin təşəbbüsçüsü və fəal iştirakçısıdır. LDU Avrasiya Universitetləri, Xəzəryanı ölkələrin, Türkdilli ölkələrin və Qafqaz ölkələrinin Universitetləri Assosiasiyalarının üzvü olaraq, Avropa və Asiyanın 100-dən artıq qabaqcıl ali təhsil və elm ocaqları ilə daimi təmasda işləyir. Universitet 5 beynəlxalq qrantın qalibidir. Həmçinin, NATO və TEMPUS, həmçinin İNTAS qrantlarının qalibidir.

Auditoriyalarla tanışlıq zamanı məlum oldu ki, universitetdə müasir avadanlıqla və yüksək sürətli limitsiz internet xətti ilə təchiz edilmiş bir neçə kompyuter laboratoriyası, o cümlədən, Beynəlxalq əlaqəli müasir informatika laboratoriyası, Təhsil məlumat mərkəzi və elektron kitabxana və Elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bütün bunlar tələbələrə elektron təhsillə tanışlıq imkanları yaradır, onların dünyada fəaliyyət göstərən yüzlərlə rəqəmsal kitabxana resurslarına əlyetənliyini təmin edir. Kafedralar da müasir avadanlıqlarla (komyuterlər, printer, skanerlər, proyektorlar və s.) və sürətli internet xətti ilə təchiz edilmişdir. Həmçinin Universitet və onun strukturu, Universitet həyatında baş verən yeniliklər və s. haqqında məlumatların əks olunduğu sayt fəaliyyət göstərir. Bu saytın təkmilləşdirilməsi istiqamətində ciddi işlər də aparılır.

LDU-da müxtəlif mövzular ətrafında səfirliklər, beynəlxalq təşkilatlar, yerli və xarici qonaqların iştirakı ilə görüşlər keçirmək, diskussiyalar aparmaq üçün tələbə toplantı zalları fəaliyyət göstərir.

Universitetin tələbə həyatı təhsillə məhdudlaşmır. Gənclər Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Yaradıcılığı Mərkəzi, İdman klubu kimi təşkilatlarda təmsil olunur, Universitet daxili, həm də universitetdən kənar müxtəlif mədəni, sosial, elmi, idman, və s. tədbirlərdə fəal iştirak edir, Universitetin qalib olduğu qrant layihələri əsasında xaricdə təhsil alır və təcrübə keçirlər.

LDU-nun tələbələri bu illər ərzində Respublika üzrə təşkil olunan müxtəlif bilik və idman yarışmalarında iştirak edərək layiqli yerlər qazanmış, bir çox kubok və diplomlar əldə etmişlər. Bunlarda bəzilərini qeyd etmək olar. Məsələn, həm 2013-cü ildə, həm də 2014-cü illərdə LDU-nun tələbələri “Mən Azərbaycanlıyam” adlı milli intellektual bilik yarışmasının qalibi olaraq qiymətli hədiyyələr qazanmışlar. LDU-nun tələbələrindən ibarət komanda iki dəfə - 2014-cü ildə 44 ali təhsil müəssisəsi arasında təşkil olunan “Heydər Əliyev və Azərbaycan tarixi” adlı I Ümumrespublika bilik yarışmasının və 2015-ci ildə 46 ali təhsil müəssisəsi arasında təşkil olunan eyni adlı II Ümumrespublika bilik yarışmasının 3-cüsü olaraq diplom və qiymətli hədiyyələrə layiq görülmüşlər. Bununla yanaşı Universitetin daxilində hər il müxtəlif idman və bilik yarışmaları, olimpiadalar təşkil olunur.

Eyni zamanda universitetdə elmin aktual problemləri üzrə 200-ə yaxın tədqiqat işi aparılır, 3 seriya üzrə “Lənkəran Dövlət Universitetinin Elmi xəbərləri” adlı elmi məcmuə nəşr edilir, müasir təlim və informasiya texnologiyalarının tətbiqinə ciddi fikir verilir, ən müasir texnologiya ilə təchiz olunmuş Elektron Təhsil Şəbəkəsi fəaliyyət göstərir. Universitetdə “Heydər Əliyev muzeyi və İdarəçilik Məktəbi”, 20-ə qədər tədris və tədqiqat laboratoriya və mərkəzləri, geniş iclas salonları, qonaq evi, İdman klubunun nəzdində müasir tələblərə tam cavab verən idman zalı və meydançası, tələbə yeməkxanası və yataqxana fəaliyyət göstərir.

Sevindirici haldır ki, LDU-da ixtisasların sayı da ildən ilə artmağa başlayıb. Hazırda bakalavriat səviyyəsi üzrə 14, magistratura səviyyəsi üzrə də 14, doktorantura səviyyəsi üzrə 4 ixtisasda kadr hazırlığı aparılır. Lakin Universitetdə növbəti tədris ilindən başlayaraq əlavə olaraq regionun sosial-iqtisadi inkişaf prespektivlərini nəzərə almaqla kənd təsərrüfatı istiqaməti üzrə yeni ixtisas yerləri açılacaq.

LDU da Azərbaycanda ilk olaraq Azərbaycanda Bolonya təhsil prosesinə qoşulan ali təhsil müəssisələrindəndir, və burada ixtisaslar üzrə yaradılmış Yekun Dövlət Buraxılış Attestasiyası Komissiyaları tələbələrin attestasiyasını həyata keçirirlər.

Beynəlxalq əlaqələr şöbəsi 1997-ci ildə xarici ölkələrin universitetləri, beynəlxalq təhsil mərkəzləri, fondları ilə Universitetin təhsil, elm və mədəniyyət sahəsində əlaqələrini yaratmaq, əlaqələri rəsmiləşdirən sənədlərin layihələrini hazırlamaq və bağlanmış müqavilələrin, sazişlərin həyata keçirilməsi üçün fakültə, kafedra və digər şöbələrlə birlikdə işi təşkil etmək məqsədilə yaradılmışdır. Son illərdə universitetdə keçirilmiş 7 Beynəlxalq və  6  Respublika səviyyəli elmi konfransların, seminar və simpoziumların və tələbə və gənc tədqiqatçıların Respublika olimpiadalarının təşkilində Beynəlxalq əlaqələr şöbəsinin yaxından iştirakı olmuşdur.

 

LDU-nun tələbə və müəllim mübadiləsi proqramı üzrə tərəfdaş olduğu “IANUS Erasmus Mundus” beynəlxalq qrant layihəsi çərçivəsində bir qrup müəllim və tələbələr Avropanın bir sıra Universitetlərində təhsil almaq və təcrübə keçmək imkanı əldə etmişlər. Təkcə 2014-cü ildə qrant layihəsi çərçivəsində Rumuniyanın Aleksandr İoan Kuza Universitetində 1 müəllim doktorantura təhsili almaq, 5 tələbə isə bakalavriat səviyyədə təhsil almaq hüququ qazanmışdır.

 Bu yaxınlarda 5 mart 2016-cı il tarixində Lənkəran Dövlət Universiteti ilə Macarıstanın Kapoşvar Universiteti arasında 5 il müddətinə Anlaşma Memorandumu imzalanmışdır. Bu memorandum tərəflər arasında bir sıra sahələrdə akademik və elmi əməkdaşlığı hədəfləyir. Məsələn, elmi nəşrlərin, elektron vəsaitlərin və kurikulumların mübadiləsi; professor-müəllim heyətinin birgə tədqiqat layihələrində fəal şəkildə əməkdaşlığın təşviq edilməsi; birgə simpozium, təlim və konfransların təşkil edilməsi; magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələr üçün birgə elmi rəhbərliyin təşviq edilməsi; “Erasmus+” kimi beynəlxalq proqramlar çərçivəsində birgə layihələr üçün imkanların nəzərdən keçirilməsi; Avropa Ali Təhsil Məkanın standartlarına uyğun birgə dərəcə və ikili diplom proqramlarının təsis edilməsi imkanlarının araşdırılması və s.

  

Bu gün LDU-nun məzunları təkcə Respublikanın dövlət və özəl təşkilatlarında deyil, dünyanın bir çox dövlətlərində, hətta ABŞ-da belə yüksək vəzifələrdə çalışırlar. Bunlardan bəzilərini xüsusi ilə qeyd etmək olar. Məsələn, Universitetin 1 məzunu Hollandiyada Aqroşirkətin prezidenti, 1 məzunu Kanadanın Vaterloo Universitetinin professoru, 1 məzunu ABŞ-ın Nyu-York şəhərində Sülh və demokratiya İnstitutunun əməkdaşı, 1 məzunu ABŞ-ın Kanzas Universitetinin əməkdaşı kimi fəaliyyət göstərir.  LDU-nun Türkiyə vətəndaşı olan 1 məzunu ABŞ-da Neft şirkətinin vitse-prezidenti kimi çalışır.

 Son günlər Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla əlaqədar olaraq Lənkəran Dövlət Universitetində də Ermənistanın işğalçı siyasətinə qarşı, Azərbaycan ordusunun qazandığı qələbələrə dəstək olaraq Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə mitinq keçirilmiş və bu mitinqdə 1500-dən çox tələbə iştirak etmişdir. Mitinqdə müxtəlif şüarlar səsləndirilmiş və tələbələr çıxışlarında bildirmişlər ki, Vətən, torpaq, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş igidlərimizin həyat yolu biz gənclərə nümunədir, hər birimiz qələmi süngü ilə əvəz etməyə, mənfur düşmənlə vuruşa atılmağa hazırıq. Mitinqin sonunda  qətnamə qəbul edilmiş, və tələbələr "Azərbaycan əsgəri" sözlərindən ibarət flaşmob nümayiş etdirmişlər.

Barəsində söhbət açdığımız elm ocağı haqqında təəssüratlarımızı kiçik bir məqaləyə sığdırmaq mümkün deyil. Özünəməxsus adət-ənənləri, qonaqpərvərliyi ilə zəngin olan Cənub bölgəsindəki Lənkəran Dövlət Universiteti ilə tanışlığmız onu deməyə imkan verir ki, universitetin professor-müəllim heyəti sadəcə olaraq mütəxəssis hazırlığı ilə məşğul olmur, həm də, Vətənimizə Vətənpərvər gənclər hazırlayırlar.

Xəyalə Süleymanqızı