Yüz il sonra

Tarix : 2016/02/02 18:20     Kateqoriya : MÖVQE    


	Yüz il sonra

Şair, publisist Zeynal VƏFA «Fakt-Araşdırma»-ya növbəti şerini təqdim edib

Yüz il sonra

Biz bu günə əl vurmadan,

İçimizdə qövr eləyən

Ağrılara, acılara pəl vurmadan,

Yüz il əvvəl bağrımıza mismarlanmış

Əzablardan söz acırıq.

 

Yüz il sonra

Giley-güzar yenə ərzi bürüyəcək,

Babalarım

Bizim bu gün çəkdiyimiz

Əzabların boğazına,

Kəndir salıb sürüyəcək,

Öz dövründə tüğyan edən

Ədalətsiz qanunlara toxunmadan.

 

Biz sağ ikən özümüzə sol gedirik,

Bax beləcə...çalın-çarpaz yol gedirik.

İçimizdə icimizi

Oyum-oyum oyan qalır,

Bir ölkənin, bir millətin dərisini,

Yüz-yüz, min-min soyan qalır,

Altı əsr bundan əvvəl,

Bir Nəsimi dərisini

Soyanlardan danışırıq.

Anlamıram, yoxsa ki, biz

Qeyri-mütləq oğulmuşuq?

Yoxsa ki, biz bu günü yox,

Keçmişləri görmək üçün doğulmuşuq?