AQRAR UNİVERSİTET HƏM DƏ TORPAĞIN “DİLİNİ” ÖYRƏDİR VƏ YA İNKİŞAFIN ZİRVƏ ÖMRÜ

Tarix : 2016/05/25 10:17     Kateqoriya : MÖVQE    


	AQRAR UNİVERSİTET HƏM DƏ TORPAĞIN “DİLİNİ” ÖYRƏDİR VƏ YA İNKİŞAFIN ZİRVƏ ÖMRÜ

Torpaq da canlıdır. Onun da dili var və qayğıya möhtacdır. Əgər torpağı öz dilində danışdıra bilsək, nazını çəkib qayğıya bürüsək onda istədiyimizi zəhmətimizin qarşılığında ən keyfiyyətli formada əldə edə bilərik. Qürurumuz və bərəkət çeşməmiz olan torpağı əkib becərməsək qorumağa, qorumasaq əkib becərməyə dəyməz. Üzü Dədə Qorquddan günümüzədək səslənən və şüurlara hakim kəsilən bu fikir uzun əsrlər heç dəyərini itirmədi. Hər zaman aktual oldu, insanları əkməyə, becərməyə və qorumağa səslədi.

Torpaq təkcə yadellilərin işğalından qorunmamalıdır. O həm də əkilib becərilməli və insanları saf, ekoloji sağlam məhsulları ilə sevindirməli, yaşam tərzini yaxşılaşdırmalıdır. Bunun üçün də hər fəsilin özünə uyğun sinəsi üstündə gəzdiyimiz torpaq dilləndirilməli, tələb olunan qayğı ilə əhatə olunmalıdır.

Amma etiraf edək ki, qlobal iqlim dəyişiklikləri indi torpağa qayğını daha çox tələb edir. Mənşəyi bilinməyən xəstəliklər, gözlənilməz istilər və ya qəfil tufanlar tez-tez baş verir. Bəzən illərin zəhməti bir necə dəqiqə və ya saatda məhv olub gedir. Deməli, 40-50 il bundan əvvəlki normal iqlimin olmaması torpağa elmi yanaşmanı daha operativ formada gündəmə gətirib. Təbii ki, əvvəllər də torpağa elmi yanaşma olub, yeniliklər iləbəil məhsuldarlığı artırıb. İnsan çəkdiyi zəhməti əvəzini birə beş qazananda sevinci də bol olub, əldə etdiyi nemətlər də.

Hər dəfə bu fikirləri yaşayanda gözlərim önündən ilk olaraq Aqrar universitet keçir. O Aqrar universitet ki, tək Azərbaycan iqtisadiyyatının deyil, keçmiş ittifaq iqtisadiyyatının güclənməsinə, bütövlükdə kənd təsərrüfatının inkişafına böyük töhfələr verib. Adı tarixin bütün dönəmlərində fəxrlə çəkilən bu təhsil müəssisəsinin yetirdiyi kadrlar bacarığı və biliyi ilə hətta ən ali idarəetmə orqanlarında üz ağardıb, yüksək nüfuz qazanıb. Kənd təsərrüfatının bütün sahələri üçün kadr hazırlayan ali təhsil ocağı indi daha sürətli inkişaf ömrü yaşayır, maddi-texniki bazası güclənir, yeni və ən müasir laborotoriyalar qurulur, kənd təssərrüfatın bütün sahələri üçün kadr hazırlığı tələbə və təlabata uyğun həyata keçirilir. Ən əsası isə Azərbaycan Dövlət Aqrar Universitetinin daha mükəmməl inkişafına dövlətin qayğısı artıb və təhsilin  keyfiyyətli formada aparılması üçün geniş imkanlar açılıb. Aqrar bölmənin inkişafı ölkə prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub. Aqrar sahənin inkişafı isə təbii ki, bir başa Aqrar universitetdən keçir. Elə bu baxımdan da universitetdə son 3 ildə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına ciddi işlər görülüb və bu iş sürətli formada indi də davam etdirilir. Aqrar universitet sözün həqiqi mənasında çiçəklənmə və dinamik inkişaf ömrü yaşayır.

Universitetin əsas bazası hesab edilən Aqranomluq fakültəsi isə kifayət qədər hazırlıqlı və təcrübə vərdişlərinə yiyələnən kadrlar hazırlayır. Torpağın dilini bilən, əkinçiliyin elmi inkişafını tətbiq etməyi bacaran, bitgiləri mühafizə edib ona aqrotexniki qulluğu bacaran çox sayda kadr hazırlanıb ki, onlar istənilən fermer təsərrüfatında işləyə bilər və özünü ən bacarıqlı kadr kimi təsdiqləyər. Bitgiçilik və bitgi mühavizəsi, Ekologiya mühəndisliyi və meşəçilik, Ümumi əkinçilik, genetika və seleksiya, Bağçılıq, Torpaqşünaslıq və aqrokimiya, Biologiya laborotoriyaları imkan verir ki, tələbə bütün təcrübələrini burda keçin, əldə etdiyi bilikləri sınaqdan çıxarsın. Sözü gedən bu laborotoriyaların hamısı ən müasir avadanlıqlarla təchiz edilib və ətraf rayonların fermerləri üçün də dəyərli bir araşdırma mərkəzinə çevrilib. Bu cür texniki təcrübə bazası univesitetin 7 fakültəsinin hər birində yaradılıb.

Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi də hazırladığı kadrlarla heyvandarlığn, balıqçılığın və quşçuluğun inkişafına töhfə vermək imkanındadır. Qapalı və açıq balıq yetişdirmə, quşçuluq, arıçılıq mərkəzləri bu gün tələbələrin ən dəyərli təcrübə məkanıdır. Önəmli olan odur ki, bu mərkəzlərdə işləyənlərin hamısı bakalavr pilləsinin yuxarı kurs və magistr tələbələrdir. Onlar əldə etdikləri nəzəriyyəni burada asanlıqla təcrübəyə çevirir, mükəmməl kadr kimi formalaşırlar.

Son zamanlar ADAU-da təcrübə saatlarına daha çox yer verilməsi də bir yenilik və əslində zamanın tələbidir. Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov deyir ki, aqranom auditoriyalarda deyil, sahələrdə hazırlanmalıdır.Təcrübə əldə edilən biliyin sınaq meydanıdır. Bu sınağı dəf edənlər heç şübhəsiz ən dəyərli kadrlar olurlar. Elə bu səbəbdən də Goranboy rayonu ərazisində fermer təssərrüfatı ilə müqavilə bağlanıb. Müqaviləyə uyğun 25 hektar sahədə tələbələr il boyu təcrübədə olurlar.  Bu il Aqranomluq fakültəsinin tələbələri torpağın əkinə hazırlanmasından indiyədək bütün aqrotexniki proseslərdə özləri iştirak edib, 10 hektar sahədə dənli bitgilər, 10 hektarda pambıq, 5 hektarda isə “ADAU qarğdalı sortu” əkiblər. Becərmə tədbirlərini də məhz tələbələr həyata keçiriblər. Hazırda onlar pambığın və qarğıdalının vegetasiya becərməsi ilə məşğuldur. Bütün bunlar isə nəzəriyyə ilə təcrübənin qoşalaşdırılması, daha bacarıqlı kadr hazırlığı deməkdir. Rektor bu cür tədris formasının bütün ixtisaslarda tətbiq olunduğunu, eyni zaman universitetdə ustad dərslərinin ənənə şəklini aldığını da bildirib.

Tədrisin  müasir standartlara uyğun qurulması, tələbələrin daha keyfiyyətli bilik əldə etməsi məqsədilə universitetdə tam şərait yaradılıb. Məqsəd mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaq, tədris prosesini təkmilləşdirmək, innovasiyalı təhsilə keçməklə universitetin reytinqini yüksəltməkdir. Bütün bunların təmin edilməsində zəngin maddi-texniki baza, zəruri tədris avadanlıqları ilə təminat, pedaqoji heyətin peşəkarlığı və tələbələrin fəal təhsilə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir. Bu fikirləri isə universitetin tədris şöbəsinin müdiri Nüsrət Hüseynov söyləyib.

Aqrar universitetin hazırkı zəngin maddi-texniki bazası ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin çoxundan fərqlidir. Son illərdə tədris korpuslarının müasir standartlara uyğun təmiri, yüksək zövqlə inşa edilib istifadəyə verilən 520 yerlik tələbə yataqxanası-“Tələbə evi” bütün sadalananlara tam cavab  verir. Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Burada akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Yataqxanadakı 257 otağın 251-i ikinəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var. Dam örtüyünün 2000 kvadratmetr sahəsi yataqxanada yaşayanların gəzintisi üçün nəzərdə tutulub. Yataqxananın elektrik enerjisi ilə təminatı üçün 1000 kilovoltluq güc transformatoru, isti və soyuq su ilə təminatı üçün qazanxana quraşdırılıb, su və yanğın hovuzları inşa edilib. Kompleksdə yaradılan şərait müxtəlif şəhər və rayonlardan olan tələbələrə özlərini evdəki kimi, bəkə də ondan yaxşı hiss etməyə imkan verəcək. Eyni layihə üzrə daha bir yataqxananın tikintisi isə davam edir. Bununla yanaşı vaxtı ilə qaçqınların yaşadığı 3 yataqxanaın da əsalı bərpası qərara alınıb. Bu işlər başa çatandan sonra universitetin yataqxana problemi tamamilə həll ediləcək.  

Nüsrət Hüseynov  onu da bildirib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 24 may 2013-cü il tarixli 63 nömrəli Sərəncamı ilə 2013/2014-cü tədris ilindən başlayaraq ADAU-nun bakalavriat səviyyəsinə 11 ixtisas, o cümlədən torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, ekologiya, su bioehtiyatları və akvabitkilər, zootexniklik, baytarlıq, aqromühəndislik və s. ixtisaslar üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında müəyən edilib. Həmin ixtisaslara abituriyentlərin peşə yönümü üzrə maarifləndirilməsi məqsədilə alimlərimiz Gəncənin və kənd rayonlarının orta məktəblərində pedaqoji heyət və yuxarı  sinif şagirdləri ilə mütəmadi görüşlər keçirir, onlara universitet haqqında ətraflı məlumatlar verir, şagirdlər öz müəllimləri ilə birlikdə ADAU-ya məxsus avtobuslarla tədris korpuslarını, laboratoriyaları, müzeyi, kitabxananı, elektron kitabxananı ziyarət edirlər.  Bütün bunlar da şagirdlərdə, onların müəllim və valideynlərində universitet haqqında xoş təəssürat yaradır, əhatəli məlumat bazası zənginləşir və formalaşır. Son illərdə bu ixtisaslara tələbə qəbulu planı əvvəlki illərə nisbətən daha çox, bəzilərində isə 100 faiz yerinə yetirilib.

Universitetin bakalavriat və magistratura səviyyələrində 30-dan çox ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. 7 fakültənin əyani və qiyabi təhsil formalarında  5 minə yaxın tələbə təhsil alır. Onların da tədrisi ilə 480-dək professor-müəllim heyəti məşğul olur. Pedaqoji heyətin tərkibində 1 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 19 nəfər elmlər doktoru, professor, 200-dən artıq fəlsəfə doktoru, dosent var.

Universitetdə tələbələrə diqqət və qayğı yüksək səviyyədədir. Sessiya imtahanları kompüter vasitəsilə test formasında qəbul edilir. Bu da şəffaflığın və obyektivliyin tam təmin olunması ilə nəticələnir.

Son illərdə tələbələrin təhsilə marağının artırılması məqsədilə xeyli sayda kompyuter alınıb. Bu gün universitetin hər dörd tələbəsinə bir kompyuter düşür. Bu da respublikanın ali təhsil müəssisələrində olan orta göstəricidən dəfələrlə çoxdur. Bununla yanaşı xeyli sayda smart-lövhə, nootbuk, proyektor, mikroskop, plotter, elektron tərəzi və s. alınaraq tələbələrin istifadəsinə verilib.

Tələbələrin intellektual səviyyəsinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə son 3 ildə tələbələr üçün ödənişsiz ingilis dili, kompyuter və dizayn üzrə kurslar yaradılıb. Bunlarla yanaşı müxtəlif növ oyunlar, olimpiadalar, inşa müsabiqələri keçirilir, nəticələrinə görə fərqlənənlərə mükafatlar verilir.

Universitetin idman salonu əsaslı təmir edilib, trenajorlarla təchiz olunub və tələbələrin istifadəsinə verilib. Tələbələr üçün idman geyim formaları alınıb.

Təhsil Nazirliyi Kollegiyasının 6 noyabr 2014-cü il tarixli qərarına uyğun olaraq tələbələrin akademik borcu qalan fənləri götürmələrinə görə təhsil haqlarının (yay semestri istisna olmaqla) büdcədənkənar vəsait hesabına ödənilməsi haqqında universitetiin elmi şurasının qərarı ölkənin ali təhsil müəssisələri sırasında  ilk olmaqla tələbə və valideynlər tərəfindən çox böyük razılıqla qarşılanıb.

ADAU-da fərqli bir məsələ də var. Rektorun xüsusi əmrində büdcədənkənar vəsait hesabına qəbul imtahanlarında 600-dən çox bal toplamaqla universitetə qəbul olunan və növbəti sessiyada yüksək qiymətlər alan 2 nəfər birinci kurs tələbəsinin aylıq təqaüdünə ikinci semestrdə 100 manat, 500-dən çox bal toplamaqla qəbul olunan və sessiyada yüksək qiymətlər alan 9 nəfər birinci kurs tələbəsinin aylıq təqaüdünə ikinci semestrdə 50 manat əlavə edilib, 250-dən çox bal toplayaraq “aqronomluq “ və “zootexniklik” ixtisaslarına qəbul olunan 3 nəfər birinci kurs tələbəsinin sessiyada yüksək qiymətlər aldıqları və universitetin ictimai həyatında fəal iştirak etdikləri nəzərə alınmaqla aylıq təqaüdünə ikinci semestrdə ayda 100 manat, sessiyada 5 fəndən 100, 1 fəndən 91-100 bal toplaya 3 tələbəyə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 100  manat, 4 fəndən 100, 2 fəndən 91-100 bal toplayan 7 tələbəyə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 80 manat ödənilməsi, 1,2 və ya 3 fəndən 100, digər fənlərdən 91-100 bal toplayan 98 tələbənin hər birinə 100 manat,  1 və ya 2 fəndən 100, digər fənlərdən 71-100 bal toplayan 24 tələbənin hər birinə 70 manat məbləğındə  birdəfəlik stimullaşdırıcı təqaüd verilməsi təsbit olunub. Belə stimullaşdırıcı tədbirlər tələbələri daha yaxşı oxumağa, universitetin ictimai həyatında fəal iştirak etməyə ruhlandırır.

Tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi, dərinləşdirilməsi və sonrakı əmək fəaliyyətində istifadəsinin təmin edilməsində istehsalat təcrübələrinin rolu  danılmazdır. Bu baxımdan universitet qabaqcıl şirkət, müəssisə və təsərrüfatlarla işgüzar əlaqələr yaradıb, müqavilələr bağlayıb. Ağcabədi rayonu“AQAT-AQRO” MMC, “Tovuz-Baltiya” şirkəti, Kənd təsərrüfatı nazirliyinin nəzdində “Aqrolizinq” ASC, Samux rayonunun aqroservis filialı, Gəncə Telekommunikasiya idarəsi, Samux rayonu “Suliddinoğlu” kəndli fermer təsərrüfatı, Şəmkir rayonu “Bayramlı” kəndli fermer təsərrüfatı, Şəmkir rayonu “Azaqro-MMC”, Şabran rayonu “Səba quşçuluq kompleksi”, BMS keçicilik şirkəti, Qarabağ taxılçılıq MMC, Qarabağ toxumçuluq MMC və başqa şirkətləri misal göstərmək olar. “Tovuz-Baltiya”, Şəmkir “Vətən-Az”, Samux rayonu “Azər-Rus Dostluq”, Qəbələ quşçuluq aqrokompleks şirkətləri, Oğuz rayonu Beytulla kəndli fermer təsərrüfatlarında tələbələri pulsuz yemək, yataqxana, həmçinin aylıq maaşla təmin olunublar.

İstehsalat təcrübəsinin daha səmərəli təşkili məqsədilə “Əczaçılıq” ixti­sası üzrə əyani təhsil formasının üçüncü kurs tələbələri ADAU ilə Tür­kiyənin Ondokuz Mayıs Universiteti arasında  bağlanan müqaviləyə əsasən Türkiyədə isteh­salat təcrübəsində olublar.

“Əczaçılıq” ixtisasının 17 tələbəsi Türkiyənin Samsun şəhə­rindəki Ondokuz Mayıs universitetində, “menecment” (alman proqramı) ixtisasının 4 tələbəsi təcrübə keçmək üçün Almaniyada olub, mühəndislik fakültəsinin 5 tələbəsi Belçikanın və Türkiyədə yerləşən New–Holland texnikaları zavodunda təlimlərdə iştirak ediblər.

2009-cu ildən başlayaraq universitetdə hər il məzun yarmarkaları keçirilir. Sonuncu dəfə,  bu ilin mayında keçirilən  8-ci “Məzun 2016” yarmarkasında  130-a yaxın muəssisə və təşkilat iştirak edib. Respublikanın 36 rayonunda yerləşən bu qurumlardan 700 dən çox vakant iş yerləri məzunlara təklif olunub. Bu da  universitetdən məzun olacaq 1198 tələbənin iş tapması üçün ən gözəl şəraitdir.

Yarmarkada Qrand Motors MMC, Səba ASC, Qarabağ Taxıl ASC, Biləsuvar Süd MMC, Süsən Aqro MMC, Azərtoxum, Aqro Dairy MMC, BMS Aqro MMC, Azərsun Holdinq, Nurgün Aqro MMC, Kürdəxanı Şitil MMC, Millia, Greentech, Bilrlik MMC, Vətən AZ, AzRus Dostluq, Hacıqabul Quşçuluq, Bozdağ Heyvandarlıq Kompleksi, Qəbələ “Jalə” Konserv Zavodu, Bərdə Yağ-Pendir və digər şirkətlər iştirak ediblər.

Professor-müəllim heyəti arasında yaşlı və fiziki cəhətdən zəif olanların cavan və perspektivli gənclər hesabına möhkəmləndiriliməsi bu gün universitet rəhbərliyinin qarşısında duran vacib məsələlərdəndir. Son illər magistraturanı və doktoranturanı müvəffəqiyyətlə bitirən, müasir innovativ düşüncə tərzinə malik, xarici dil bilikləri olan gənclərin pedaqoji işə cəlb olunması da bu istiqamətdə görülən işlərdir.

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində Bərəkət mənbəyi olan torpağın elmi sirlərini öyrənmək uğurlarıın açarıdır düşüncəsi hökm sürürür.

Heç şübhəsiz ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Aqrar Universiteti bu missiyanı sonacan şərəflə yerinə yetirəcək, çiçəklənmə dövrünü uzun ömürlü edəcək, müqəddəs bildiyimiz torpağı öz dilində danışdırmağı bacaran kadrların sayını daha da artıracaq.

 Qalib RƏHİMLİ,

Media mükafatı laureatı.

Gəncə.