Dövlətçilik tariximizin şanlı səhifəsi

Tarix : 2016/05/28 16:43     Kateqoriya : MÖVQE    


	Dövlətçilik tariximizin şanlı səhifəsi

28 may 1918-ci il Azərbaycan dövlətçiliyinin yeni tarixi mərhələyə qədəm qoyduğu şanlı bir gündür. Belə ki,həmin gün Azərbaycandan Rusiyanın Dövlət Dumasına seçilmiş deputatlar Tiflis şəhərində M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycan Demokratik Respublikasının (Azərbaycan Xalq Cumhuriyyəti) yaradılmasını elan etdilər. Bununla da tarixdə ilk dəfə olaraq coğrafi ərazini ifadə edən Azərbaycan sözü siyasi məzmun kəsb edərək yeni yaradılan dövlətin adında istifadə edildi. Dövlət quruluşuna görə unitar, idarəçilik formasına görə isə parlamentli respublika olan Azərbaycan Xalq Cumhuriyyəti müsəlman şərqində ilk dünyəvi və demokratik respublika idi. Parlamenti isə 120 nəfər deputatdan ibarət olan Məclisi-Məbusan adlanırdı. Azərbaycan Demokratik Respublikasını həmin dövdrdə məhz deputatların elan etməsi çox qürurverici bir haldır. Cəmi 23 ay ömrü olan Azərbaycan Demokratik Respublikası nəyinki xalqımızın dövlətçilik tarixinə,hətta bütün bəşəriyyətin dövlətçilik ənənələrini zənginləşdirən töhfələr nümayiş etdirdi. Belə ki, Azərbaycan Xalq Cumhuriyyəti o dövr üçün çox mütərəqqi bir hal olan hökumətin istefası mədəniyyətini də nümayiş etdirmişdi. Həmçinin Cumhuriyyətin  parlamentinin fəaliyyətində dünya parlamentarizm ənənlərini zəngləşdirən hallar kifayət qədər olmuşdur. Bundan başqa Azərbaycan Xalq Cumhuriyyəti qadınlara 1918-ci ildə seçki hüququnu vermişdir ki, bu hüququ qadınlara  ABŞ 1920-ci ildə , Türkiyə 1934-cü ildə, Fransa 1944-cü ildə,İsveçrə 1989-cu ildə, Qətər isə 2005-ci ildə vermişdi. Bəzi ölkələrdə isə bu gündə qadınların seçki hüququ yoxdur.
Azərbaycan Xalq Cumhuriyyəti dövründədemokratik dövlətin idarə olunması üçün zəruri olan bütün qanunlar qəbul olunmuşdu. Bu qanunların ümumi sayı 230 -a yaxın idi.“Vətəndaşlıq haqqında” qanundan tutmuş, ordu quruculuğuna qədər dövlət idarəçiliyinin müxtəlif sahələrini əhatə edən qanunları xüsusilə vurğulamaq lazımdır. Çox ağır şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin elmin,təhsilin, səhiyyənin inkişafını diqqətdə saxlaması da təqdirəlayiq haldır.Bu baxımdan 01 sentyabr 1919-cu il tarixdə “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” qanunu xüsusi qeyd etmək lazımdır.
Azərbaycan Xalq Cumhuriyyətinin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin tənzimlənməsi və Azərbaycanın suveren dövlət olaraq dünya dövlətləri tərəfindən tanınması olmuşdur. Cumhuriyyətin qəbul etdiyi qərara əsasən Paris Sülh konfransına qatılan parlamentin sədri Ə.Topçubaşov bu sahədə böyük işlər görmüşdü. Beləki, məhzTopçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin səyi nəticəsində 1920-ci il yanvarın 12-də Paris Sulh konfransına qatılan bütün ölkələr Azərbaycanın müstəqilliyini tanımaq haqqında qərar qəbul etmişdilər. Beləliklə də, qısa müddət ərzində qonşu dövlətlər tərəfindən Türkiyəvə Pakistandan sonradünyanın bir sıra dövlətləri də Azərbaycanı suveren  dövlət kimi tanımışdılar. Elə bunun nəticəsində də Britaniya, Fransa, İtalya, İsveçrə, Polşa və ABŞ-da Azərbaycan Xalq Cumhuriyyətinin nümayəndəliklərinin açılması haqqında qərar qəbul olunmuşdur.
1920-ci il aprelin 28-də Azərbaycanın Rusiya tərəfindən işğalı nəticəsində Cumhuriyyət süqut etdi. 19991-ci ildə isə SSSR-nin dağılması ilə başlanan yeni tarixi vəziyyətdən istifadə edən Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdi. Çoxlu sayda soydaşlarımızın qanı bahasına əldə edilmiş bu müstəqilliyimiz heç bir ekivalenti olmayan dəyərə malikdir və onun qorunması hər birimizin müqəddəs borcudur. 
Fürsətdən istifadə edib dövlətçilik tariximizin şanlı günü olan- Respublika günü münasibətilə xalqımızı təbrik edirəm!

 

Rafael Cəbrayılov,

Milli Məclisin deputatı