Heydər Əliyev və Qurtuluş

Tarix : 2016/06/17 10:01     Kateqoriya : MÖVQE    


	Heydər Əliyev və Qurtuluş

Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan - Heydər Əliyev oldu.

1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi.

Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. Indi inamla söyləyə bilərik ki, Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdi: “Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar”. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. 1997-ci ildən qeyd olunan bayrama  1998-ci ildən dövlət statusu verilmişdir.

Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!

Qurtuluşdan sonra Heydər Əliyev bütün istiqamətlərdə nəzarəti öz üzərinə götürdü. Xüsusilə də idman sahəsini. O, demişdi: “Azərbaycan Prezidenti kimi şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürürəm. Azərbaycan gənclərinə xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz”. Bu fikir idman adamlarımızın ürəyindən olmuş, sözün əsl mənasında, onlara qol-qanad vermişdi. Bu gün biz tam əsasla deyə bilərik ki, dövlət başçısının Azərbaycanda idmanın inkişafına məsuliyyəti öz üzərinə götürməsi, ona xüsusi qayğı ilə yanaşması gözəl bəhrə vermiş və son nəticədə respublikamızı hazırda beynəlxalq dairələrdə yekdilliklə etiraf olunduğu kimi, qabaqcıl idman dövlətləri sırasına çıxarmışdır.

Biz də öz növbəmizdə ölkəmizin sayılıb-seçilən idman dövlətləri ilə bir sırada dayanmasından qürur duyur, bununla haqlı olaraq fəxr edirik. İndi bütün dünya bilir ki, Azərbaycanın müstəqil bir dövlət, dünya birliyinin bərabərhüquqlu üzvü kimi beynəlxalq miqyasda, o cümlədən olimpiyaçılar ailəsində təmsil olunub ölkəmizin imkanlarını və qüdrətini inamla nümayiş etdirməsi, idman aləmində,  Olimpiya Hərəkatında özünə layiqli yer etməsi Heydər Əliyevin idmanımızın inkişafına göstərdiyi daimi qayğı və diqqətin, uzaqgörənliklə həyata keçirdiyi idman siyasətinin, insan həyatının ayrılmaz tərkib hissəsi olan sağlamlıq və gümrahlıq məşğələlərinə verdiyi böyük əhəmiyyətin, müdrik rəhbərliyinin və qətiyyətli fəaliyyətinin nəticəsidir.

Təsadüfi deyil ki, idman ictimaiyyətimizin istisnasız olaraq bütün nümayəndələri Heydər Əliyevi Azərbaycan idmanının ən böyük pərəstişkarı hesab edir, onun ümidlərini tam doğrultmağı, mötəbər beynəlxalq yarışlarda—Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında uğurla çıxış edib, fəxri kürsiyə ucalmağı, nəhəng idman saraylarında milli bayrağımızı yüksəltməyi, yarış meydanını dövlət himnimizin əzəmətli sədaları altında tərk etməyi özlərinə borc bilir, ulu öndərin idmanımızın daha da tərəqqisi naminə gördüyü işləri həmişə dərin minnətdarlıq hissi ilə xatırlayırlar.

Ölkə idmanının indiki qələbələrinin təməli isə ümummilli liderin bu sahəyə xüsusi qayğını öz üzərinə götürdüyünü elan etdiyi gündən — ötən əsrin doxsanıncı illərinin ortalarından hələ təxminən iyirmi il əvvəl qoyulmuşdu.

Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi.

Heydər Əliyevin idmançılarımız haqqında dediyi sözlərə nəzər salaq: “Azərbaycan bayrağı dünyada rəsmən demək olar ki, iki dəfə qalxır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı bir ölkəyə gələrkən və bir də ki, idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən olur. Azərbaycan himni səslənir, dövlət bayrağı səslənir”.

“Azərbaycan Milli Olimpiya Komitəsinin  qurub-yaratdıqları bir adam üçün deyil, millət, xalq, ölkədə idmanın inkişafı üçündür”.

“Bizim gənclərimiz ona görə sağlam olmalıdırlar ki, ordumuz güclü olsun”.

“Bizim gələcəyimiz gənclərdir. Biz bu gün müstəqil Azərbaycanın bütün sahələrində mümkün olan nailiyyətləri əldə etmək üçün çalışmalıyıq. Ancaq bu işləri görərkən mütləq azərbaycanın gələcəyi haqqında düşünməliyik və düşünürük”.

Yusif BABANLI,

Nərimanov rayon YAP Gənclər Birliyinin sərdi,

Respublika YAP Gənclər Birliyinin İdarə heyətinin üzvü,

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professoru.