Varmı bizim yiyəmiz

Tarix : 2016/08/10 12:06     Kateqoriya : MÖVQE    


	Varmı bizim yiyəmiz

Varmı bizim yiyəmiz

Arxalar önü önlədi,

Söyüb danladım dözümü.

Ha boylandım, boylandım,

Arxamda gördüm özümü.

 

Baxdım, gözlərim döyükdü,

Dərdim özümdən böyükdü.

Onu qaldırıb yıxmağa,

Gücüm çatmadı, çatmadı.

 

Çoxlarına çörək verdim,

Dedilər ki, duzu yoxdu.

Ha açdım taleh kartımı,

Nə fayda ki, tuzu yoxdu.

 

Sanma üzü bəriyəm mən,

Bir sümük, bir dəriyəm mən.

Yaratdığın yaşatmazın,

Bəlkə utanc təriyəm mən?

 

Çay bilməz bərə dərdini,

Dağ bilməz dərə dərdini,

Kaş sehirli bir əl ola,

İçimin dərə dərdini.

 

Anlamıram görən niyə,

Cavabsız qalıb niyəmiz.

Tanrı dünyanın yiyəsi,

Bəs bizim kimdir yiyəmiz?

 

Şair, publisist Zeynal VƏFA