Sabirabadda İdman Həyəcanı Yaşandı

Tarix : 2016/08/27 16:49     Kateqoriya : İDMAN    


	Sabirabadda İdman Həyəcanı Yaşandı

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “ASAN könüllüləri” təşkilatının təşkilati dəstəyi ilə Sabirabad rayonunda ASAN könüllülərinin II Spartakiadası keçirilib.

“ASAN Könüllüləri” Təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentindən  «Fakt-Araşdırma»-ya verilən məlumata görə, Sabirabad Olimpiya İdman Kompleksində keçirilən II Spartakiadaya “ASAN xidmət” mərkəzlərindən 10 komanda üzrə  ümumilikdə 60 könüllü qatılıb. Şükür Məmmədovun ideya müəllifi olduğu “Sağlamlıq günü ASAN Könüllülərinin II Spartakiadası” layihəsi çərçivəsində təşkil olunan yarışda iştirakçılar atletika, velosiped yarışı, üzgüçülük, qol gücü, kəndirdartma kimi idman növləri üzrə güclərini sınayıblar.

Tədbirin sonunda ümumi idman növləri üzrə ən çox xal qazanaraq I, II və III yerləri tutmuş komanda üzvləri medallarla təltif olunublar.  ASAN  Könüllülərinin II Spartakiadasının  kuboku  2 qızıl 2 gümüş medal qazanaraq I yeri tutmuş Bərdə “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət komandaya təhvil verilib.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərə idmanı sevdirib, sadə fiziki məşqlərin gündəlik yerinə yetirilməsini aşılamaq, onları idman ətrafında cəmləşdirməkdən ibarətdir.