Binəqədi rayonunda qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Böyük şahmat taxtası” layihəsi keçirildi

Tarix : 2016/09/01 14:15     Kateqoriya : İDMAN    


	Binəqədi rayonunda qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Böyük şahmat taxtası” layihəsi keçirildi

31 avqust 2016-cı il tarixdə Binəqədi rayonu Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə VIII qrant müsabiqəsinin qalibi Səlcuq Müzəffərlinin qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Böyük şahmat taxtası” layihəsi çərçivəsində gənclər arasında şahmat və dama oyunları üzrə birincilik keçirildi.

«Fakt-Araşdırma»-nın məlumatına görə, tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, layihənin rəhbəri Səlcuq Müzəffərli və gənclər iştirak etmişlər.

Birinciliyin açılış mərasimində çıxış edən qonaqlar bildirdilər ki, layihənin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, mərhum şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsini yad etməkdir. Qeyd olundu ki, ölkəmizi dünyada yüksək səviyyədə təmsil etmiş Vüqar Həşimov bu gün hər bir Azərbaycan gənci üçün nümunədir.

Yarışın hakimi Binəqədi rayonu 3 nömrəli Uşaq Gənclər Şahmat İdman Məktəbinin müəllimi Xalidə Həsənova iştirakçılara turnirin keçirilmə qaydalarını izah etdikdən sonra birinciliyə start verildi. Yarışda 32 nəfər gənc iştirak etmişdir.