Mədəniyyət və turizm şöbələrinin mətbuatla əlaqələri müzakirə olundu

Tarix : 2016/10/27 17:20     Kateqoriya : MƏDƏNİYYƏT    


	Mədəniyyət və turizm şöbələrinin mətbuatla əlaqələri müzakirə olundu

Oktyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət və turizm şöbələrinin (idarələrinin) mətbuat xidməti və ictimaiyyətlə əlaqələr üzrə əməkdaşları ilə görüş keçirildi.

Mədəniyyət və Turizm Nazirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, görüşdə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi və Tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsi Regionlarla iş sektorunun əməkdaşları iştirak edirdi.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov görüşün mədəniyyət və turizm nazirinin tapşırığına əsasən keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, belə görüşlərin təşkil olunması nazirliyin internet saytı ilə sıx əməkdaşlığın qurulmasına və digər mədəniyyət və turizm sahəsində baş verən yeniliklərin kütləvi informasiya vasitələrində daha geniş şəkildə işıqlandırılmasına xidmət edir: “İndiki dövrdə həyata keçirilən fəaliyyətin mediada işıqlandırılmasında müasir vasitələrdən istifadə mühüm əhəmiyyət kəsb edir. Müsair dövrün tələblərinə uyğun olaraq ölkəmizin mədəniyyət və turizm sahələrində həyata keçirilən tədbirlərin, baş verən yeniliklərin informasiya siyasətimizə uyğun olaraq operativ işıqlandırılmasını daha da gücləndirməliyik. Biz Mədəniyyət və Turizm Nazirliyi olaraq buna nail olmaq üçün daima çalışırıq. Daha əvvəl də teatr-konsert müəssisələrinin nazirliyin internet saytı ilə sıx əməkdaşlığının, yaradıcı fəaliyyətlərinin saytda operativ işıqlandırılmasının gücləndirilməsi üçün görüşlər keçirmişik. İnanıram ki, bu görüş də bizim gələcək əməkdaşlığımıza, informasiyaların daha dolğun və opertaiv şəkildə çatdırılmasına yardımçı olacaq”.

Vüqar Şixəmmədov bildirdi ki, bir çox müəssisələrdə bu sahədə irəliləyiş olsa da, bəzilərində passivlik davam edir. Ona görə də ötən dövr ərzində nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi ilə zəif əməkdaşlıq edən və göndərdiyi yazılarda elementar səhvlərə yol verən müəssisələrin siyahısı hazırlanıb. Regionlarda fəaliyyət göstərən bəzi mədəniyyət müəssisələrinin bu məsələyə biganə yanaşdığı vurğulandı.

Mədəniyyət və Turizm Nazirliyinin Tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsi Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli regionlarda yerləşən müəssisələrlə bu sahədə həyata keçirilən işlərdən danışdı. Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyində aparılan islahatlardan sonra yaradılacaq regional idarələrdə mətbuatla iş üzrə xüsusi ştatın yaradılması da nəzərdən keçiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov, İnformasiya, elektron media və resurslarla iş sektorunun müdiri Zöhrə Əliyeva elektron informasiya resurslarında təbliğatın önəmini xüsusi qeyd etdilər. Bildirildi ki, ölkəmizin mədəniyyət və turizm müəssisələrinin mətbuatla, ictimaiyyətlə əlaqələrə məsul şəxsləri bu istiqamətə diqqət yetirməli, sosial şəbəkələrdə informasiya paylaşmalı və müzakirələrdə daha aktiv olmalıdırlar. Mətbuatla əlaqələrin xüsusiyyətlərindən, xəbərin yazı üslubundan söz açan natiqlər bildirdilər ki, nazirliyin saytına yerləşdirilən xəbərlər qısa zamanda ölkənin çoxsaylı mətbu orqanları və xəbər agentliklərində dərc edilir. Buna görə də informasiyaların dəqiq və düzgün yazılması mühüm əhəmiyyət kəsb edir.
Görüşün sonunda mədəniyyət və turizm şöbələrinin mətbuatla əlaqəli şəxslərinin də fikirləri dinlənildi, rəy və təklifləri müzakirə olundu. Bir daha mədəniyyət və turizm müəssisələrinin mətbuatla mütəmadi əlaqə yaratmaları, fəaliyyətlərinin daha geniş çevrələrdə təbliği ilə bağlı səylərini artırmaları tövsiyə edildi.