«Bayrağımız – qürur mənbəyimizdir» video çarxı Nizami Kino Mərkəzində nümayiş etdirildi

Tarix : 2016/11/08 17:24     Kateqoriya : MƏDƏNİYYƏT    


	«Bayrağımız – qürur mənbəyimizdir» video çarxı Nizami Kino Mərkəzində nümayiş etdirildi

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bayraq gününə həsr edilmiş silsilə tədbirlər davam edir.
Nəsimi rayon İcra Hakimiyyətindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, həmin tədbirlər çərçivəsində noyabr ayının 8-də Nizami Kino Mərkəzində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış «Bayrağımız – qürur mənbəyimizdir» video çarxı nümayiş etdirildi. Video çarx  Azərbaycan bayrağının tarixindən və Bayrağa olan ehtiram,hörmət və məhəbbətimizdən bəhs edir. 
Video çarxda Ümummilli Lider Heydər Əliyevin və  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Bayrağına olan ehtiram və dərin məhəbbəti əks olunub.
Daha sonra video çarxda Nəsimi rayon icra hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda, Dövlət Bayrağı Meydanında  Nəsimi  rayon ictimaiyyətinin nümayəndələrinin, ağsaqqalların, Böyük  Vətən Müharibəsi veteranlarının, orta və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin, ali təhsil müəssisələrinin tələbələrinin, idmançıların və  digər təşkilatların nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə keçirilmiş «Bayrağımız – qürur mənbəyimizdir» yürüşü də əks olunub.
Filmdə həmçinin 7 noyabr 2016-cı ildə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən    rayonun hamilik etdiyi cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində və cəbhə xəttindəki səngərlərdə əsgər  və zabitlərlə Bayraq günü münasibətilə keçirilən görüş- bayram tədbiri də yer almışdır. 
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çixış edərək  Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək  xoş arzularını bildirdi. Natiq qeyd etdi ki, Ginnesin rekordlar siyahısına düşmüş, dünyanın ən yüksək bayrağının dalğalandığı   möhtəşəm Dövlət Bayrağı Meydanı Azərbaycandadır. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminliyini qeyd edərək tezliklə Azərbaycan bayrağının Qarabağda, o cümlədən Şuşada, Xankəndində dalğalacağını bildirdi.
Tədbirdə Milli Məclisin deputatları Asim Mollazadə, Məlahət İbrahim qızı,Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Slavyan Universitetinin rektoru  Nurlana Əliyeva və digər ali təhsil müəssisələrinin rəhbərləri iştirak edirdilər.
Tədbirdə Azərbaycanın incəsənət ustaları İlqar Muradov və Samir Cəfərovun, bədii qiraətçi Ağalar Bayramın ifasında vətənpərvərlik mahnıları və şerləri səsləndirilmişdir.