Şahin Mustafayev AİB-nin vitse-prezidenti ilə müzakirələr aparıb

Tarix : 2016/11/16 12:59     Kateqoriya : İQTİSADİYYAT    


	Şahin Mustafayev AİB-nin vitse-prezidenti ilə müzakirələr aparıb

Noyabrın 15-də İqtisadiyyat naziri Şahin Mustafayev Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Zanqla görüşüb.

İqtisadiyyat nazirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, görüşdə Azərbaycan və AİB əməkdaşlığının genişləndirilməsi perspektivləri, bankın dəstəyi ilə həyata keçirilən layihələrin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Nazir Şahin Mustafayev Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verdiyini, bankın ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasına maliyyə dəstəyi göstərdiyini qeyd edib. Bildirilib ki, indiyədək AİB tərəfindən ölkəmizdə həyata keçirilən müxtəlif layihələrə 2,8 mlrd. dollar kredit ayrılıb. Azərbaycan AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramında da fəal iştirak edir. 2008-ci və 2011-ci illərdə CAREC-in Nazirlər Konfransının, 2015-ci ilin mayında AİB-in Müdirlər Şurasının 48-ci İllik Toplantısının Bakıda keçirilməsi uğurlu əməkdaşlığımızın göstəriciləridir.

Azərbaycanda həyata keçirilən iri enerji və infrastruktur layihələrindən danışan Şahin Mustafayev Xəzərdə Dəniz Limanının tikintisi layihəsi üzrə I mərhələnin yekunlaşdığını, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və ölkəmizdə azad ticarət rejimli xüsusi iqtisadi zonanın yaradılması istiqamətində işlərin davam etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, AİB-lə infrastruktur layihələrinin icrası istiqamətində əməkdaşlıq davam etdirilə bilər. Bu istiqamətdə həmçinin xüsusi iqtisadi zonalara, xüsusilə Ələt azad ticarət rejimli xüsusi iqtisadi zonasında və sənaye parklarında birgə layihələr həyata keçirilmişi mümkündür. Azərbaycan Prezidentinin islahatlar paketi çərçivəsində ökəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Şahin Mustafayev bankın özəl sektora maliyyə dəstəyi göstərməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, AİB-in kiçik və orta sahibkarlarla işləyən kredit ittifaqları ilə əməkdaşlığının genişləndirilməsi və özəl sektora ayrılan kreditlərin həcmini artırılması önəmlidir. Həmçinin qeyd olunub ki, AİB real sektora birbaşa kredit xətləri açmaqla bərabər, şirkətlərin səhm kapitalında payçı kimi iştirak edə, kənd təsərrüfatı sahəsində aqrobiznes layihələrində dövlət-özəl-bank əməkdaşlığı formatında layihələrə qoşula bilər. Nazir Şahin Mustafayev iqtisadiyyatın digər sahələrində də AİB-lə əməkdaşlıq perspektivləri barədə fikirlərini bildirib.

Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Zanq bankın Azərbaycanla 1999-cu ildən uğurlu əməkdaşlıq etdiyini qeyd edərək, AİB-in növbəti 3 il üçün prioritetləri barədə məlumat verib. Azərbaycan-AİB əlaqələrinin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşən Vençay Zanq infrastruktur, enerji, göllərin təmizlənməsi, xüsusi iqtisadi zonaların yaradılması və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.