Əbülfəs Qarayev Macarıstanın ölkəmizdəki səfirini qəbul edib

Tarix : 2016/11/17 18:10     Kateqoriya : MƏDƏNİYYƏT    


	Əbülfəs Qarayev Macarıstanın ölkəmizdəki səfirini qəbul edib

2016-cı ilin 17 noyabr tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri İmre Laslotskini qəbul etmişdir.

Mədəniyyət və Turizm Nazirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Macarıstan arasında mövcud əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə edilmişdir.

Nazir Əbülfəs Qarayev səfirə may ayında Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində təşkil olunacaq beynəlxalq tədbirlər haqqında məlumat vermiş, Macarıstanın yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyətini tədbirdə iştiraka dəvət etmişdir.

Səfir qəbuldan yüksək məmnunluğunu ifadə edərək, iki ölkənin gələcəkdə də mədəniyyət və turizm sahəsində birgə layihələrdə əməkdaşlığının davamlı olacağını bildirmişdir.