Dünya şöhrətli xalçaçı-rəssam, alim Lətif Kərimovun 110 illik yubileyi qeyd olundu

Tarix : 2016/11/18 11:13     Kateqoriya : MƏDƏNİYYƏT    


	Dünya şöhrətli xalçaçı-rəssam, alim Lətif Kərimovun 110 illik yubileyi qeyd olundu

Noyabrın 17-də Azərbaycan Xalça Muzeyində Xalq Rəssamı, “Azərbaycan xalçası” adlı fundamental elmi əsərin müəllifi Lətif Kərimovun anadan olmasının 110 illiyinə həsr edilmiş - “Lətif Kərimov. Xalça sənətinə həsr olunmuş həyat” adlı sərginin açılış mərasimi keçirilib.

            Muzeyin mətbuat katibi Fuad Rəsulun «Fakt-Araşdırma»-ya  verdiyi məlumata görə, sərgi Azərbaycan Xalça Muzeyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin birgə əməkdaşlığı çərçivəsində gerçəkləşib. Həmçinin “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından Lətif Kərimovun əsərləri” adlı kitabda qonaqlara təqdim olunub. Kitabda muzeydə qorunan, Lətif Kərimovun müəllif olduğu eskizlər və xalçalar, Kərimovlar ailəsinin şəxsi arxivində saxlanılan, bu günə qədər heç bir yerdə nümayiş olunmayan foto şəkillər, sənədlər və məktublar dərc  olnub.

            Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilk olaraq 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə qonaqları təbrik edib.

            Sonra nazirliyin təşəbbüsü ilə dünya şöhrətli xalçaçı-rəssam, alim “Azərbaycan xalçası” adlı fundamental elmi əsərin müəllifi Lətif Kərimovun anadan olmasının 110 illiyinə həsr edilmiş silsilə tədbirlərdən söz açıb.

            Əlamətdar haldır ki, 17 noyabr – Azərbaycan xalçaçılıq elminin banisi, xalq rəssamı Lətif Kərimovun doğum günüdür. Yubiley çərçivəsində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Xalça Muzeyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin birgə əməkdaşlığı ilə “Lətif Kərimov. Xalça sənətinə həsr olunmuş həyat” adlı sərgi təşkil olunub. Qeyd edim ki,  bu sərgidə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin  7 ədəd xalça və 4 ədəd xalça məmulatıda  təqdim olunur.

            Bildiyiniz kimi, xalça Azərbaycanın ən qiymətli mədəni irs nümunələrindən biridir, bizim maddi və mənəvi sərvətimizdir. Xalçaçılıq dünyanın bir sıra ölkələrində yayılsa da, Azərbaycan bu qədim sənət növünün beşiklərindən biri kimi tanınır.

            Ölkəmizdə xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dövlətimiz tərəfindən xüsusi diqqət göstərilir. Bu sahədə müvafiq qanun qəbul edilmişdir. Azərbaycan xalça sənətinə dair tədqiqat işləri aparılır, beynəlxalq simpoziumlar keçirilir, xarici ölkələrdə Azərbaycan xalçaları sərgilənir.

            Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbüsü ilə 2010-cu il 16 noyabr tarixində  Azərbaycan ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş və həmin tarix - 16 noyabr  ölkəmizdə “Azərbaycan Xalçası Günü” kimi  bayram edilir. Bu tarixin, bütün ömrünü  Azərbaycan xalça sənətinin inkişafına həsr etmiş Lətif Kərimovun doğum günü ərəfəsinə təsadüf etməsi rəmzi məna daşıyır.

             Qeyd edim ki, bu günlərdə, noyabrın 14-də İlham Əliyev cənablarının imzaladığı sərəncama əsasən 2017-ci ilin oktyabr ayında Bakı şəhəri V Beynəlxalq  Azərbaycan xalçası simpoziumuna ev sahibliyi edəcək.

            Təbii ki, bu tədbirlərin keçirilməsində başlıca məqsəd L.Kərimovun müqəddəs işinin davam etdirilməsi, Azərbaycan xalçaçılıq sənətini dünyaya tanıtmaq və ölkəmizin daxilində bu sənətin inkişafına təkan verməkdir.

            Sonra Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Şirin  Məlikova bildirib ki, tədbirlə əlaqədar sərgidə L.Kərimovun müəllifi olduğu 100-ə qədər xalça eskizləri, onların əsasında toxunan 15 xalça və xalça məmulatları, şəxsi arxivində qorunan fotoşəkillər və sənədlər nümayiş olunur. O bildirib ki, muzeyin kolleksiyasında L.Kərimovun müəllifi olduğu 35 xalça və 100-dən çox xalça eskizi saxlanılır.

            Konseptual olaraq sərgi bənzərsiz ornamentalist-rəssam və novator, ənənəvi xalça sənətinə yeni ornamental və kompozisiya həllini gətirən, xalçanın texniki imkanlarını genişləndirən Lətif Kərimovun yaradıcılığını təqdim edir.  Birinci zalda onun müəllifi olduğu eskizlər və müxtəlif  illərdə həmin eskizlər əsasında toxunan xalçalar nümayiş olunur. Ən qiymətli eksponatlardan biri isə 1930-cu ilə aid  ustada ilk şöhrətini qazandırmış “Firdovsi” portret xalçasıdır. Bu xalça Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyində qorunub saxlanılır. Burada həm də kompozisiyaları öz dövrünü, eyni dərəcədə təsviri incəsənətdə istifadə olunan  vizual-estetik və ideoloji kanonlarını əks etdirən xalçalar da təqdim olunur. Bu əsərlərdə rəssam yeni ideya-siyasi emblematika ilə əbədi ənənələrin sarsılmaz kanonlarını məharətlə birləşdirən, harmonik formada keçmişi və bu günü bir-birinə  qovuşduran novatordur.

            Həmçinin biz sizin diqqətinizə Lətif Kərimovun yaradıcılığına – Xalça Muzeyinin kolleksiyasından rəssamın əsərlərinə həsr edilmiş yeni nəşri təqdim etməyə çox şadıq.

            Lətif Kərimovun xalça sənətinin qorunub saxlanılmasına, öyrənilməsinə, inkişafına verdiyi töhfəni qiymətləndirmək çox çətindir. Onun şah əsəri olan Azərbaycan Xalça Muzeyi isə xalqımızın əsl qürur mənbəyinə çevrilmişdir. Biz prezident İlham Əliyevin simasında hökümətimizə muzey üçün ayrıca binanın inşası barədə qərar qəbul etdiyinə, Heydər Əliyev Fonduna, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, eləcə də UNESCO-ya bu möhtəşəm layihənin həyata keçirilməsinə  görə təşəkkürümüzü bildiririk. 

            2010-cu ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalça sənəti UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı”na daxil edilmişdir. İndi əminliklə demək olar ki, Azərbaycan xalçasının bədii dəyəri beynəlxalq nüfuz qazanmış, dünya xalqlarının ali mənəvi nailiyyətləri sırasında layiqli yer tutmuşdur. Lətif Kərimovun həyatını həsr etdiyi bu missiya Azərbaycan Xalça Muzeyinin elmi və maarifçilik fəaliyyətində layiqli davamını tapmışdır. 

            Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə tədbirdə iştirak edən Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin direktoru Yelena Titova bu sərgiyə töhfə olaraq L.Kərimovun 1934-cü ildə toxuduğu “Firdovsi” xalçasını, eyni zamanda, onun toxuduğu başqa 6 ədəd xalça və 4 ədəd xalça məmulatı gətirdiyini söyləyib. Qonaq bildirib ki, görkəmli xalça ustasının toxuduğu xalçalar öz qədimiliyi və koloriti ilə nəinki keçmiş sovet məkanında, hətta dünyada şedevr sənət nümunələri kimi tanınır.

            Tədbirdə UNESCO yanında xalçaçı-rəssamlar birliyinin üzvü Eldar Mikayılzadə bildirib ki, ustad sənətkarın ilk dəfə toxuduğu “Firdovsi” portret xalçası Parisdə keçirilən beynəlxalq sərgidə təqdim olunmaqla L.Kərimova böyük şöhrət gətirib.

            Xalçaçı-rəssamın ailəsi adından Lətif Kərimov adına Azərbaycan Xalçaçılıq Fondunun direktoru Eldar Hüseynov tədbirin təşkilatçılarına, qonaqlara və tədbir iştirakçılarına minnətdalığını bildirib.

Sonda sərgiyə baxış keçirilib.

            “Lətif Kərimov. Xalça sənətinə həsr olunmuş həyat” adlı sərgi  2017-ci il yanvarın 18-dək davam edəcək.