SOÇİDƏ II ÜMUMDÜNYA TAXIL FORUMU KEÇİRİLİB

 

Tarix : 2016/11/21 15:53     Kateqoriya : İQTİSADİYYAT    


	SOÇİDƏ II ÜMUMDÜNYA TAXIL FORUMU KEÇİRİLİB

	 

2016-cı ilin 18-19 noyabr tarixlərində Rusiya Federasiyasının Soçi şəhərində II Ümumdünya taxıl forumu keçirilmişdir.  

Kənd Təsərrüfatı Nazirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, Rusiya Federasiyasının Baş naziri Dmitriy Medvedev forumda iştirak etmişdir.

Forumda dünyanın bir sıra ölkələrindən nümayəndələr dəvət olunmuş, həmçinin ölkəmizdən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev iştirak etmişdir.

Forumda məhdud torpaq və su təminatı şəraitində ərzaq təhlükəsizliyinin təmin edilməsi, torpaqların münbitliyinin azalması, iqlim dəyişiklikləri, o cümlədən dünya taxıl bazarının infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Forum çərçivəsində Camal Quliyev Saratov Vilayəti Hökumətinin sədr müavini A.A.Solovyov, vilayətin Kənd Təsərrüfatı Nazirinin müavini S.A.Undurova, Aqrar-Sənaye İttifaqının sədri A.S.Rataçkov, «Zernoqrup» Cəmiyyətinin Baş direktoru İ.İ.Yarotskiy, «Yufenal» Cəmiyyətinin Baş Direktoru A.A.Terenin, «Roszernotreyd» Birliyinin Baş direktoru İ.V.Dobrınin və digər məsul şəxslərdən ibarət nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirmişdir.

Görüşlərdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi məsələləri müzakirə edilmiş, həmçinin Azərbaycanda kənd təsərrüfatının müasir vəziyyəti, ixracyönümlü sahələr və ixrac potensialı barədə görüş iştirakçıları ətraflı məlumatlandırılmışdır. Dövlət Xidmətinin rəisi Azərbaycanda istehsal olunan keyfiyyətli meyvə-tərəvəz məhsullarının Saratov Vilayətinə ixrac edildiyi, eyni zamanda bu ixracın artırılması üçün kifayət qədər potensial imkanların olduğunu nəzərə çatdırmışdır.

Görüş zamanı  Dövlət Xidmətinin rəisi Camal Quliyev  Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları əsasında Respublikaya bitki və bitkiçilik məhsullarının idxalı ilə bağlı tələb olunan şərtlər və fitosanitar qaydalar  barədə  görüş iştirakçılarına ətraflı məlumat vermiş, Rusiya Federasiyası ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, idxal-ixrac əməliyyatlarının genişləndirilməsi, adekvat fitosanitar tələblərin tətbiq edilməsi məsələləri müzakirə edilmişdir.   

İkitərəfli görüşlərdə Saratov Vilayətində istehsal olunan yüksək keyfiyyətli, beynəlxalq standartların tələblərinə uyğun olan taxıl məhsullarının, dənli paxlalıların, yağlı bitkilərin Azərbaycan Respublikasına ixracı məsələləri də müzakirə  edilmişdir. Hər iki tərəf ölkələr arasında bitki və bitkiçilik məhsullarının idxal-ixrac əməliyyatlarının genişləndirilməsinin vacibliyini və bu sahədə maraqlı olduqlarını vurğulamışlar.

Forum çərçivəsində Dövlət Xidmətinin rəisi Camal Quliyev “Taxılın effektiv beynəlxalq ticarəti üçün əlverişli mühitin yaradılmasında qlobal ərzaq təhlükəsizliyinin bünövrəsi olan taxılın təhlükəsizliyinə, keyfiyyətinə və fitosanitar vəziyyətinə nəzarətin təmin edilməsi” mövzusunda keçirilən dəyirmi masada  iştirak etmiş və  qeyd olunan məsələlər üzrə geniş fikir mübadiləsi aparılmışdır. 

Həmçinin Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin rəis müavini xanım Y.A.Şvabauskenin Dövlət Xidmətinin rəisi Camal Quliyev ilə keçirilən görüşündə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanmış, bu əlaqələrin daha da inkişaf etdirilməsi və mövcud potensial imkanlardan maksimum istifadə etmək üçün öz səylərini əsirgəməyəcəklərini bildirmişlər.