Konfutsi İnstitutu ilə Şərqşünaslıq İnstitutu arasında müqavilə imzalanıb

Tarix : 2016/11/24 14:34     Kateqoriya : TƏHSİL    


	Konfutsi İnstitutu ilə Şərqşünaslıq İnstitutu arasında müqavilə imzalanıb

Noyabrın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyası Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu arasında müqavilə imzalanıb. Müqaviləni Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, ADU-nun nəzdində Konfutsi İnstitutunun direktorları Li Jinhua və Rafiq Abbasov imzalayıb.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, tədbirdə çıxış edən G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun elmi istiqamətləri barədə məlumat verib, institutda tədqiqatlar aparıldığını söyləyib. Çinşünaslıq üzrə tədqiqatların institutda Asiya-Sakit Okean ölkələri regionu şöbəsində aparıldığını bildirən G.Baxşəliyeva qonaqlara institut əməkdaşlarının çinşünaslığa dair nəşr olunan kitablarını təqdim edib.

Şərqşünaslıq İnstitutunda Çinlə bağlı tədqiqatların aparılmasından məmnunluğunu bildirən Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ölkələrimiz arasında elmi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib, ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Şərqşünaslıq İnstitutunun gələcək əməkdaşlığının səmərəli olacağına əminliyini ifadə edib. O, eyni zamanda ölkələrimiz arasında əlaqələrin yaranmasında və inkişafında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin əvəzsiz xidmətlərini vurğulayıb.

Konfutsi İnstitutunun direktorları Li Jinhua və Rafiq Abbasov isə çıxışlarında institutlar arasında əməkdaşlığın perspektivlərindən söz açıblar.

Tədbirdə həmçinin səfirliyin Siyasi məsələlər və ictimai əlaqələr şöbəsinin müdiri Cen Hay Nin də iştirak edib.

Qeyd edək ki, müqavilədə birgə tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, elmi işçilərin mübadiləsi, birgə elmi konfrans və seminarların təşkili, Şərqşünaslıq İnstitutunda ADU-nun nəzdində Konfutsi İnstitutunun fəaliyyətinin təmin edilməsi, kitabların nəşri, Çin dilinin tədrisi üzrə xüsusi kursların təşkili, elmi ədəbiyyatla və əlavə materiallarla təminat və s. məsələlər nəzərdə tutulub.