AQRAR UNİVERSİTETDƏ STARTAP GÜNLƏRİ YARIŞMASI DAVAM EDİR

Tarix : 2016/11/28 09:24     Kateqoriya : TƏHSİL    


	AQRAR UNİVERSİTETDƏ STARTAP GÜNLƏRİ YARIŞMASI DAVAM EDİR

Startap Azərbaycanın və ASAN Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə 2016-cı ilin 25-30 noyabr tarixlərində Gəncədə təşkil olunan “Azərbaycan Startup Festivalı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Startap Günləri yarışması uğurla davam edir.

ADAU- nun mətbuat xidmətindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, festivalın açılışında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, ASAN Könüllülər Təşkilatının rəsmisi Bəxtiyar İsmayılov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında  İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Gəncə İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, Gəncə Gənclər və İdman İdarəsinin rəisi Müşviq Cəfərov, YT Parkın direktor müavini Kənan Bayramov, VXSİ Dövlət Agentliyinin departament rəhbərinin müavini Cahangir Haciyev,  NEURON şirkətinin direktoru İsmayil Ələkbərov çıxış ediblər. ADAU-nun prorektoru Aidə Qasımova qonaqlara universitet haqda geniş məlumat verib. Universitet rəsmisi belə tədbirin ADAU-da təşkil edildiyi üçün təşkilatçılara təşəkkür edib.  O, innovativ ideyaların bugünki dövrdə əhəmiyyətini vurğulayaraq tələbələri Startap Günlərində aktiv olmağa səsləyib.

ADAU-nun müxtəlif korpuslarında təşkil olunan yarışmalarda tələbələr maraqlı layihələrlə çıxış ediblər. Sözügedən universitet  Gəncədə öz reytinqi, texniki bazası, tələbələrin sayı və digər imkanlarına görə fərqlənir. Bunları nəzərə alaraq Startap Azərbaycan bu ilki Startap Günlərini ADAU-da təşkil etmək qərarına gəlib.

    Hər gün saat 10:00-dan onlar öz eskpert və mentorların yardımı ilə layihələri üzərində işlərə başlayır,   komandalar üçün təlimlər də təşkil edilir. Startap Günlərində yekunda bu layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.