AQRAR UNİVERSİTET AVROPANIN “ƏN YAXŞI UNİVERSİTETİ” ADINA LAYİQ GÖRÜLDÜ

Tarix : 2016/11/28 10:48     Kateqoriya : TƏHSİL    


	AQRAR UNİVERSİTET AVROPANIN “ƏN YAXŞI UNİVERSİTETİ” ADINA LAYİQ GÖRÜLDÜ

Azərbaycanda aqrar təhsilə Dövlət səviyyəsində qayğı və diqqət bu sahənin  inkişafında əsaslı rol oynayıb. Tədrisin təşkilindən tutmuş güclü və müasir maddi-texniki bazanın yaradlmasınadək atılan hər addım da sonda ürək açan uğurlara səbəb olub.  Bu günlərdə Azərbaycan Dövlət Aqrar Universitetinin qapısını daha bir sevindirici xəbər döyüb.

ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimlinin açıqlamasında bildirilir ki, Oksford Akademik Birliyi (Oksford, Böyük Britaniya) təhsil müəssisənin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərova bir məktub ünvanlayıb. Məktubda deyilir: “Oksford Akademik Birliyi müasir cəmiyyətdə  elm və təhsilin nüfuzunun artırılması, elm və istehsalatın inkişafına vermiş olduğunuz töhfəyə görə sizə öz dərin hörmət və ehtiramını çatdırır.
Elm, texnologiya, təhsil sahəsində ən nüfuzlu Avropa mükafatlarndan biri olan  "Ən yaxşı Universitet" mükafatınin təqdimetmə mərasimi Avropanın ən qədim elm və universitet mərkəzi olan Oksfordda, 20 dekabr 2016-ci ildə olacaq. Mərasim, Avropa Biznes Assambleyası (EBA), Avropa Rektorlar Klubu (CRE), Oksford Elm Cəmiyyəti (OAS), güclü ictimai təşkilatlar və dünyanın 46 ölkəsinin ən tanınan  professional, elm və yaradıcılıq birliklərinin dəstəyi ilə Beynəlxalq Sokrat Komitəsi tərəfindən həyata keçiriləcəkdir.  Tədbir Oksfordda keçiriləcək və liderlərin beynəlxalq sammitinin "Elm və təhsilə yatırım - gələcəyə yatırımdır" adlı proqramı əsasında baş tutacaq. EBA və CRE tərəfindən verilən versiyaya görə dünyanın ən yaxşı  universitetlərinin reyestri formalaşdırılıb. Bu reyestr həmin ali təhsil olcaqlarının beynəlxalq nüfuzunu artırmaq məqsədilə yaradılmışdır. Sizin rəhbərliyiniz ilə idarə olunan kollektivin iş fəaliyyəti "Ən yaxşı regional Universitet" reyestr göstəricilərinə tamamilə uyğundur. Göstəricilər isə təhsilin əlçatanlığı (əlverişliyi, təhsil haqqı, qəbul şərtləri), müəllim heyətinin professionallığı, universitetin akkreditasiya səviyyəsi, tələbə və məzunların rəyləri, texniki təminat səviyyəsi, beynəlxalq elmi proqramlarda və eləcə də beynəlxalq mübadilə proqramlarında iştirak, yeni fənnlərin tədrisi, istifadə olunan metodik vəsait və proqramların rəngarəngliyi, beynəlxalq əməkdaşlıq perspektivlərinin mövcudluğundan ibarətdir.

Sokrat adına Beynəlxalq Nominasiya Komiteti sizin rəhbərlik etdiyiniz ali təhsil müəssisəsini "ən yaxşı universitet" beynəlxalq mükafatına, sizi isə "Elm sahəsi üzrə ilin ən yaxşı top-meneceri (rəhbər) nominasiyasına layiq görmüşdür.

Hörmətli Ibrahim Həsən oğlu! Məhsuldar elmi, peşə və professional fəaliyyətiniz dünyanın intellektual elitası  arasında sizin şərəfli yer tutmağınıza əsas olmuşdur. Biz sizin sammit iştirakçıları arasında nüfuzlu mərasimdə iştirak etməyinizdən şad olarıq.  Əminik ki, sammitdəki iştirakınız tədbirin işinə zənginlik qatacaq və Avropanın elm və işgüzar cəmiyyəti tərəfindən müsbət qarşlanacaqdır.”

Təqdim edilən bu məktub həm də ADAU-nun təhsil səviyyəsinin, müasir maddi-texniki bazasının, bütövlükdə Azərbaycanda aqrar sahə üzrə yeganə təhsil müəssisənin inkişaf istiqamətlərinin Avropa miqyasında da tanınmasının təsdiqidir.