Dillər Universiteti Konfutsi İnstitutunun əməkdaşı Çində kurslarda iştirak edir

Tarix : 2016/11/28 09:48     Kateqoriya : TƏHSİL    


	Dillər Universiteti Konfutsi İnstitutunun əməkdaşı Çində kurslarda iştirak edir

Azərbaycan Dillər Universiteti (ADU) Konfutsi İnstitutunun əməkdaşı, ADU-nun Çin dili üzrə müəllimi Könül Abbasova Pekində təşkil olunmuş Avrasiya ölkələri üçün yüksək səviyyəli tərcüməçilik kurslarında iştirak edib.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, ÇXR Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş kurslarda həmçinin Rusiya, Moldova, Türkmənistan, Belarus və s. ölkələr iştirak edib. Kursların açılış mərasimində ÇXR Xarici İşlər Nazirliyinin Afrika və Asiya ölkələri şöbəsinin nümayəndələri  və Pekin Xarici Dillər Universitetinin müəllim heyəti çıxış ediblər.

Kursların əsas məqsədi Çin dili üzrə yazılı və şifahi tərcümə bacarıqlarını təkmilləşdirməkdən ibarətdir. ADU-nun Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov vurğulayıb ki, Konfutsi İnstitutunun əməkdaşlarının həmin yüksək səviyyəli kurslarda iştirak etməsində əsas məqsəd ADU-da Konfutsi İnstitutu tərəfindən yaradılmış informasiya bazasının ictimai-siyasi materiallar, rəsmi sənədlərlə zənginləşdirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını Çin dilinə yüksək səviyyədə tərcümə etməkdir.