Qafqaz Universiteti tələbələri müvafiq 4 yarışın hər birində ən yüksək nəticəni göstərərək qalib gəldilər

Tarix : 2016/12/05 12:18     Kateqoriya : TƏHSİL    


	Qafqaz Universiteti tələbələri müvafiq 4 yarışın hər birində ən yüksək nəticəni göstərərək qalib gəldilər

   “İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2016-cı il noyabr-dekabr aylarında “Azərbaycanın İntellektual BİRincisi” layihəsinin həyata keçirilməsini nəzərdə tutub.

Qafqaz Universitetinin mətbuat şöbəsindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, gənclərə, onların maarifləndirilməsinə istiqamətlənən, Azərbaycan Respublikasının 9 regionunda 4 intellektual oyun (Xəmsə, Nə? Harada? Nə zaman?, Kod Da Vinçi, Vətəni Tanı) üzrə baş tutacaq “Azərbaycanın İntellektual BİRincisi” layihəsi çərçivəsində 10 region, 75 rayon, 1336 iştirakçının olması gözlənilir və hər rayon 17 nəfərlik komanda ilə çıxış edir.

Qeyd edək ki, gənclərin bilik və bacarıqlarını qiymətləndirəcək və onların intellektual fəaliyyətinə yardımçı olacaq layihənin birinci mərhələsində iqtisadi rayonlar üzrə seçim turları, ikinci mərhələdə isə yekun final yarışlarının keçirilməsi nəzərdə tutulub. Birinci mərhələdə 64 region və 11 Bakı rayonlarının iştirakı ilə, hər birinin öz inzibati-iqtisadi bölgüsünə müvafiq olaraq, Tərtər, Quba, İsmayıllı, Şəki, Biləsuvar, Lənkəran, Mingəçevir, Şəmkir, Naxçıvan və Bakı şəhərlərində yarışların keçirilməsi nəzərdə tutulub.

Layihənin seçim turlarından biri dekabr ayının 3-də Xırdalan, Sumqayıt, Xızı rayonlarının gənc intellektuallarının iştirakı ilə Sumqayıt şəhərində baş tutmuşdur.

Seçim turunda Abşeron rayonunu təmsil edən Qafqaz Universiteti tələbələri müvafiq 4 yarışın hər birində ən yüksək nəticəni göstərərək qalib gəlmişdirlər.

“Vətəni tanı” İntellektual Oyununda universitetimizin 1-ci kurs tələbəsi Dadaş Abdullayev, “Kod Da Vinçi” oyununda Şamil Həsənli, Abdurrahman Vaqifli, Məhəmməd Cəbrayılov, Asim Hüseynli, və Aslan Bəkirov, “Xəmsə” Milli İntellektual Oyununda Asəf Əsədli, Şamil Əlicanov, Qorqud İsrafilzadə, Qorxmaz Aydınlı və Orxan Səfərov, son olaraq “Nə? Harada? Nə zaman?” oyununda isə Şahmurad Məmmədov, Fərid İbrahimli, Nail Qasımzadə, Rahib İsmayılov, İnqilab Babayev və Bəhruz Aydınlı universitetimizə qalibiyyət gətirən şəxslər oldular.

Yarışın ikinci, final mərhələsinin 2016-cı ilin 13 dekabrında Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.