Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri

Tarix : 2017/06/25 18:26     Kateqoriya : MÖVQE    


	Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri

Ermənistan-Azərbaycan. Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
 
Ermənistanın silahlı qüvvələri bütün beynəlxalq normaları pozaraq 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini qanunsuz olaraq işğal altında saxlayır. 1 milyondan artıq azərbaycanlı öz torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilmiş, işğal altında olan ərazilərdə bütün infrastruktur, mədəniyyət abidələri dağıdılmış, 20 mindən artıq Azərbaycan vətəndaşı qətlə yetirilmiş, çoxlu sayda insan əsir və girov götürülmüşdür. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər aparıcı beynəlxalq təşkilatlar, dünya dövlətləri işğal faktını təsdiqləmiş, buna son qoyulması və qaçqınların öz torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qərar, qətnamə qəbul olunmuş, bəyanatlar verilmişdir.
Məlumdur ki, 1994-cü ildə atəşkəs elan olunduqdan sonra ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçilik missiyası həyata keçirir. Bu dövr ərzində Minsk qrupunun vasitəçiliyi ilə həm yüksək səviyyədə, həm də xarici işlər nazirlərinin iştirakı ilə çoxsaylı görüşlər keçirilmiş, münaqişənin tənzimlənməsi ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təəssüflə qeyd etmək lazımdır ki, bütün səylərə baxmayaraq, bu günə kimi BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair məlum dörd qətnaməsinin, eləcə də digər beynəlxalq təşkilatların müvafiq qərarlarının yerinə yetirilməsi istiqamətində heç bir irəliləyiş əldə olunmamışdır. Ermənistan isə heç nədən çəkinmədən hərbi təxribatlarını davam etdirir. Bunun da bir neçə səbəbi var.
Birincisi, bu gün Azərbaycanın apardığı "hücum diplomatiyası" sayəsində Ermənistanın işğalçı simasının ifşa edilməsi, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi uğurlar əldə olunmuşdur. Ordumuzun gücü günü-gündən artır, dünyada müşahidə olunan iqtisadi gərginliyə baxmayaraq, Azərbaycan inamla irəliləyir, dinamik inkişaf edir. Beynəlxalq aləmdə artan gərginlik fonunda ölkəmiz sabit, təhlükəsiz məkan kimi dünyanın diqqətini özünə cəlb edir. Bütün bunlar da inkişafımıza dözümsüz yanaşan xarici dairələri, xüsusilə Ermənistanı və erməni lobbisini qıcıqlandırır, narahat edir.
İkincisi, Ermənistan münaqişənin tənzimlənməsini istəmir, beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrasından boyun qaçırır, danışıqlar prosesini imitasiya edir və bütün səylərini mövcud status-kvonun qorunub saxlanmasına yönəldir. Halbuki ATƏT-in Minsk qrupu həmsədrlərinin - ABŞ, Rusiya və Fransanın dövlət başçılarının bəyanatlarında və yekdil rəyində status-kvonun saxlanmasının qəbuledilməz olduğu açıq şəkildə ifadə edilmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, status-kvonun dəyişdirilməsi ilk növbədə işğal faktına son qoyulmasını ehtiva edir. Buna görə də Ermənistan cidd-cəhdlə, bütün mümkün vasitələrdən istifadə etməklə, hətta terrora əl atmaqla və cəbhə bölgəsində vəziyyəti gərginləşdirməklə ATƏT Minsk qrupu həmsədrlərinin, beynəlxalq ictimaiyyətin tələblərini sabotaj etməyə çalışır.
Məsələn, 1990-cı illərin sonlarına yaxın Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda müəyyən irəliləyiş müşahidə olunmuş və müvafiq razılaşma əldə edilməsi üçün zəmin yaranmışdı. Ancaq 1998-ci ildə Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan zorla istefaya göndərilmiş, ölkədə hərbi xunta hakimiyyətə gələrək danışıqlar prosesini pozmuşdu. Eləcə də 1999-cu ildə Ermənistan parlamenti gülləbaran edilmiş, yüksək vəzifəli şəxslər qətlə yetirilmiş və danışıqlarda yenidən qeyri-müəyyənlik yaranmışdı.
Qeyd edək ki, qətnamələr qəbul edildikcə ermənilərin azğınlığı, vəhşiliyi daha da artırdı. Təbii ki, onlara havadarlıq edən, naliyyə də hərbi dəstək verənlər isə xaricdə özlərinə yuva qurmuş erməni lobbisi və ermənipərəst dövlətlər idi.  Bu ağılsızlığın nəticəsində Azərbaycana xeyli zərər dəydi. Belə ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın ərazisinin təxminən beşdə biri işğal olundu, ölkə daxilində təxminən hər 8 nəfərdən biri köçkün və ya qaçqına çevrilib, 20 min insan həlak olub, 50 min nəfər yaralanıb və ya əlil olub və dövlətimizin təxminən 5 min vətəndaşı indiyədək itkin düşüb. Ölkəmizin sosial-iqtisadi həyatına dəyən ciddi ziyana diqqət yetirək. İşğal olunmuş ərazilərdə 871 yaşayış məskəni, o cümlədən 11 şəhər, 12 qəsəbə, 848 kənd, yüzlərlə xəstəxana və tibbi avadanlıq yandırılıb və ya yararsız hala salınıb. Yüz minlərlə bina və mənzil, minlərlə ictimai və tibbi bina dağıdılıb və ya qarət edilib. Yüzlərlə kitabxana talan edilib, çoxlu sayda dəyərli əlyazma yandırılıb və ya məhv edilib. Bir neçə dövlət teatrı, yüzlərlə klub və çoxlu sayda musiqi məktəbi məhv edilib. Minlərlə emal, kənd təsərrüfatı və başqa tipli fabrik və zavod talan edilib. Yüzlərlə kilometr uzunluğunda suvarma sistemi tamamilə dağıdılıb. 
İlkin məlumatlara əsasən, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində ölkəyə on milyardlarla ABŞ dolları məbləğində ziyan dəyib. 12 may 1994-cü ildə atəşkəs imzalanıb, lakin Ermənistan hələ də atəşkəsi pozmaqda davam edir. 2003-cü ilin yayından etibarən erməni tərəfinin atəşkəsi pozma halları kəskin şəkildə artıb. Onlar atəşkəs xətti boyu Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş açır, onları qətlə yetirirlər. 
2002-ci ilin yayında BMT Baş Assambleyasının 49-cu sessiyası keçirildi. Azərbaycan Prezidenti Heydər Əliyev də bu sessiyada iştirak edirdi. O, nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
məsələlərə geniş yer ayıraraq BMT-nin qətnamələrinin yerinə yetirilməməsindən narahatlığını ifadə etdi.
Sessiyanın gedişində Azərbaycanın Xarici İşlər Nazirliyi BMT-nin Baş katibi Kofe Annana məktub göndərərək BMT qətnamələrinə Ermənistanın məhəl qoymadığını və Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı
prinsipinin bu ölkə tərəfindən pozulduğunu bildirdi. K. Annan Azərbaycan Xarici İşlər nazirinə göndərdiyi məktubda BMT-nin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha vurğuladı.
2003-cü ilin sonuna qədər danışıqlar prosesi o qədər də fəal keçməmişdi. Bunun əsas səbəblərindən biri Azərbaycanda və Ermənistanda keçiriləcək prezident seçkiləri ilə bağlı idi. Seçkilərdən sonra isə danışıqlar yenidən fəallaşmağa başladı.
2003-cü ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti R. Koçaryan arasında ilk görüş keçirildi. Bu görüş əsasən tanışlıq xarakteri daşıyırdı və onun əsas nəticələrindən biri bundan ibarət oldu ki, hər iki tərəf danışıqları davam etdirməyə hazır olduğunu və prosesin daha intensiv şəkil almasına çalışacağını bəyan etdi.
Azərbaycan və Ermənistan prezidentlərinin aprelin 28-də Varşavada keçirilən görüşü də bəzi mühüm məqamlara görə böyük əhəmiyyətə malik idi. Əvvəla, hər iki dövlət başçısı danışıqların davam etdirilməsi
imkanlarının tükənmədiyini və bu istiqamətdə addımların davam etdiriləcəyini bildirdi.
Digər tərəfdən, görüş zamanı xarici İşlər nazirlərinin birbaşa danışıqların intensiv olaraq davam etdirilməsi qərara alındı. Qeyd edək ki, prezidentlərin iki görüşü arasındakı zaman məsafəsində baş vermiş bəzi mühüm
dəyişikliklər danışıqların indiki məzmunu barədə bəzi mülahizələr yürütməyə imkan verir. Məsələ burasındadır ki, bu müddət ərzində ABŞ-ı ATƏT-in Minsk qrupunun tərkibində Azərbaycanla isti münasibətlərə malik yeni həmsədr - Stiven Mənn təmsil etməyə başladı. Bu, vaxtilə Azərbaycan Prezidentinin də söylədiyi kimi, ABŞ-ın münaqişənin həllində daha fəal rol oynamaq niyyətinin təzahürü kimi qiymətləndirilir.
Qeyd edim ki, Ermənistan tərəfindən cəbhə xəttində mütəmadi olaraq törədilən təxribatlar son günlər özünün pik həddinə çatmışdır. Ötən il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın işğal altında olan ərazilərindəki Ermənistan hərbi birləşmələri silahlı qüvvələrimizin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutmuşlar. Ermənilər yalnız milli ordumuzun mövqelərinə hücum etməmiş, həm də beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı hərbi cinayətlər törətmişlər. Təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalmışdır. Nəticədə dinc sakinlər həlak olmuş, biri 13 yaşlı uşaq olmaqla mülki vətəndaşlar yaralanmış, müxtəlif yaşayış məntəqələrində infrastruktur obyektləri, hətta təhsil müəssisələri zədələnmiş, çoxlu evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdir.
Azərbaycan silahlı qüvvələri düşmən həmlələrinin qarşısını alaraq əks-zərbələrlə onu geri çəkilməyə məcbur etmiş, bir neçə strateji yüksəkliyə nəzarəti ələ keçirmişdir. Ermənistan silahlı qüvvələri çoxsaylı insan və texnika itkisinə məruz qalmışdır. Beləliklə, həm erməni təxribatının qarşısı alınmış, həm də təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmlənmiş, düşmən və havadarları ordumuzun gücünü və döyüş əzmini reallıqda hiss etmişlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev AZƏRTAC-a verdiyi müsahibədə bu hadisələri dolğunluqla, tam düzgün şərh etmişdir. Hörmətli akademikin fikirləri olduqca aktualdır: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salsaq, aydın görə bilərik ki, düzgün informasiya siyasəti, vətəndaş həmrəyliyinin təmin olunması mühüm əhəmiyyətə malik məsələlərdir. 1990-cı illərin əvvəllərində Azərbaycan informasiya blokadasından böyük əziyyət çəkmiş, baş verən hadisələr dünya ictimaiyyətinə birtərəfli qaydada, ermənilərin xeyrinə çatdırılmışdır. Sonrakı illərdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ümumdünya informasiya məkanında əlverişli mövqe əldə etmək, əsl həqiqətləri dünyaya çatdırmaq və Ermənistanın işğalçı siyasətini dünyanın qınaq hədəfinə gətirmək mümkün olmuşdur”.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanda vəziyyət Ermənistana nisbətən xeyli dərəcədə fərqlidir. Respublikada ictimai-siyasi sabitlik, iqtisadi inkişaf hökm sürür. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan iqtisadiyyatına orta hesabla hər gün 10 milyon dollar sərmayə yatırılmaqdadır.
Beynəlxalq münasibətlər sistemində də qüvvələr nisbəti məhz rəsmi Bakının xeyrindədir. Beləliklə, prezidentlərin ilk və ikinci görüşləri arasındakı vaxt ərzində xeyli yenilik baş verib və bu, bir daha təsdiqləyir ki, prezident İlham Əliyevin "Biz tələsmirik" fikri olduqca dəqiq proqnozlara əsaslanır. Və, nəhayət, onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın xeyrinə olan bu proses o qədər də ləng getmir, əksinə, vəziyyət, demək olar, hər gün daha böyük sürətlə dəyişməkdədir.
Bu deyilənləri hörmətli akademik Ramiz Mehdiyevin söylədiyi dəyərli fikirlərlə yekunlaşdırmaq istərdik: “Cənab Prezidentin qeyd etdiyi kimi, regionumuzda sülh və əmin-amanlığın, əməkdaşlıq mühitinin bərqərar olması üçün Azərbaycanın işğal olunmuş torpaqları azad edilməli, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bir daha xatırlatmalıyam ki, Azərbaycan xalqı öz torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayacaq. Azərbaycan ordusu öz missiyasını yerinə yetirərək, ərazilərimizi düşmən tapdağından azad etməyə qadirdir. Cinayətkar Ermənistan rəhbərliyi və onun havadarları bu həqiqəti nə qədər tez dərk edərsə, münaqişə dinc yollarla bir o qədər tez həllini tapar”. 
 
                                                                                                                                                                                                                                                   Xəyalə SÜLEYMANQIZI
 
 
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”