Qazaxıstana ixrac olunan 81,5 ton kartof məhsulu Azərbaycana geri qaytarıldı

Tarix : 2017/07/30 16:31     Kateqoriya : İQTİSADİYYAT    


	Qazaxıstana ixrac olunan 81,5 ton kartof məhsulu Azərbaycana geri qaytarıldı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti bildirir ki, cari ilin iyun ayında Azərbaycan Respublikasının Cəlilabad rayonunda yetişdirilən, Qazaxıstan Respublikasına ixrac olunan ümumilikdə 81,5 ton kartof məhsulu karantin tətbiq edilən zərərli orqanizm Qızılı kartof nematodu (Globodera rostochiensis Behrens) aşkar edilməsi əsas göstərilərək bu ölkədən geri qaytarılmışdır.

Kənd Təsərrüfatı Nazirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, bununla bağlı bildirik ki, geri qaytarılmış kartof məhsulundan təkrarən nümunələr götürülərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin Fitohelmintologiya laboratoriyasında yoxlanılmış və məhsulda sözügedən nematod aşkar edilməmişdir. Həmçinin Cəlilabad rayonunun kartof məhsulunun yetişdirildiyi əkin sahələrindən götürülmüş torpaq nümunələrində də nematod və ya onların sistalarına rast gəlinməmişdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti bildirir ki, Qazaxıstan Respublikasından geri qaytarılan kartof məhsulu fitosanitar tələblərə tam uyğundur. Bu barədə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ilə əlaqə saxlanılmış, birgə komissiyanın təşkil olunaraq yüklərdən təkrarən nümunə götürülərək hər hansı üçüncü bir ölkənin müvafiq laboratoriyasında yoxlanılması təklif edilmişdir. Bununla bağlı səfirliyin nümayəndəsi Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən təqdim olunmuş materialların diplomatik kanallarla qarşı tərəfə çatdırılacağı və zəruri tədbirlərin görüləcəyini bildirmişdir.