Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir

Tarix : 2017/07/30 20:47     Kateqoriya : ARAŞDIRMA    


	Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir

İyunun 19-dan 23-dək Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının İmplementasiyasının Təftiş qrupunun sessiyası keçirilmişdir.

Baş Prokurorluqdan «Fakt-Araşdırma»-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov və həmin idarənin böyük prokuroru Əmir Ocaqverdiyevdən ibarət nümayəndə heyəti iştirak etmişdir.

Konvensiyaya tərəf olan dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Konvensiyanın implementasiyasının müxtəlif aspektləri, o cümlədən implementasiya mexanizminin təkmilləşdirilməsinə yönələn addımlar müzakirə edilmiş, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi sahəsində əldə olunmuş nailiyyətlərə dair səmərəli təcrübə mübadiləsi aparılmışdır.

Azərbaycan nümayəndə heyətinin üzvləri mövzular ətrafında aparılan müzakirələrdə fəal iştirak edərək korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti sayəsində ölkəmizdə ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində görülən işlər, bu sahədə ixtisaslaşmış qurumların fəaliyyəti, rüşvətxorluğun milli qanunvericilikdə Konvensiyanın müddəalarına uyğun olaraq kriminallaşdırılması aspektrləri barədə ətraflı məlumat verilmişdir.