“ASAN Könüllüləri”nin Binəqədi Rayon İcra Hakimiyyətində təcrübələri başa çatdı

Tarix : 2017/07/13 14:17     Kateqoriya : SOSİAL    


	“ASAN Könüllüləri”nin Binəqədi Rayon İcra Hakimiyyətində təcrübələri başa çatdı

12 iyul 2017-ci il tarixdə “ASAN-Master 2” layihəsində iştirak edən “ASAN Könüllüləri Gənclər Təşkilatı” üzvlərinin Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçmələrinin başa çatması münasibətilə tədbir keçirilmişdir.

Binəqədi rayon İcra Hakimiyyətindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, bir qrup “ASAN Könüllüləri”, eləcə də Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri iştirak etmişlər.

Tədbir ASAN Könüllüsü Azər Ağayev tərəfindən açıq elan edilmiş, öncə ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və iyulun 4-də erməni vandalizminin qurbanı olan 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra ASAN Könüllüsü Azər Ağayev ASAN könüllülərinin fəaliyyəti barədə məlumat vermişdir.

Sonra ASAN könüllülərindən Səma Tağıyeva, Elmar Kərimov və Elgün Məmmədov çıxış edərək Binəqədi Rayon İcra Hakimiyyətində keçdikləri iş təcrübəsindən danışmışlar, ötən müddət ərzində fərqli şöbələrdə təcrübə keçən ASAN könüllülərə göstərilən diqqət və qayğıkeş münasibətdən bəhs etdilər və bütün bunlara görə Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və kollektivə minnətdarlıqlarını bildirmişlər.

Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev ASAN xidmət barədə məlumat verərək bu xidmətin yaradılması ilə məmur-vətəndaş münasibətlərinə böyük töhfə verildiyini diqqətə çatdırmışdır. Prezident İlham Əliyevin diqqət və təşəbbüsü ilə yaradılan bu xidmətin artıq dünyada Azərbaycanın brendi kimi tanındığına toxunan Cahangir Hacıyev ölkədə uğurlu gənclər siyasətindən bəhs etmişdir. Məhz ölkə rəhbərliyinin yaratdığı imkanlar nəticəsində bu sahədə də gənclərə böyük önəm verildiyi vurğulanmışdır.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva  çıxışında Azərbaycanın çox sahələr üzrə böyük uğurlara imza atmasına diqqət çəkərək, bunun təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə Azərbaycana müsbət imic qazandırdığını qeyd etdi. Natiq vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqəti və nəzarəti ilə fəaliyyət göstərən ASAN Xidmətin sözün həqiqi mənasında vətəndaşların işlərini asanlaşdırması bu

qurumun nüfuzunu günbəgün artırmış və gənclərdə də bu sahəyə maraq oyatmışdır, onlar hətta könüllü kimi fəaliyyət göstərməyə başlamışlar. Çıxışda bildirildi ki, ilk öncə dövlətin yaratdığı imkan və şərait sayəsində təhsil alan gənc ictimai faydalı işlə məşğul olaraq təcrübə keçdiyi quruma öz töhfəsini verir, digər tərəfdən təcrübə keçdiyi dövlət qurumunda iş həyatı ilə tanış olur, məsuliyyət, işdə daxili nizam-intizam qaydaları, subordinasiya kimi məsələləri öyrənir və bütün bunlara özləri də riayət edirlər.

      Daha sonra ASAN könüllülərə sertifikatların təqdim olunması mərasimi baş tutmuş və ardınca tədbir iştirakçıları çay süfrəsi ətrafında səmimi söhbəti davam  etdirmişlər.