Əfqan Abdullayev: Rektorluq dövrümdə insanların öz sözlərini sərbəst şəkildə demələrinə şərait yaratdım

Tarix : 2017/08/30 15:48     Kateqoriya : MÜSAHİBƏ    


	Əfqan Abdullayev: Rektorluq dövrümdə insanların öz sözlərini sərbəst şəkildə demələrinə şərait yaratdım

Biz Azərbaycanlılar xoşbəxt xalqıq ki, tarixin bütün dövrlərində bir neçə dilin daşıyıcısı kimi tanınmışıq. Yaxın və uzaq qonşuların dillərini bilmək Azərbaycan kimi bir ölkənin vətəndaşları qarşısında duran vacib məsələlərdən biridir. Xarici dilləri bilən mütəxəssislər ölkənin siyasi və iqtisadi inkişafını, gələcəyini təmin edən bir amildir.

“Ölkə.Az” saytının suallarını 18 dilin tədrisi ilə məşğul olan Azərbaycan Dillər Universitetinin Tədris İşləri üzrə Prorektoru Əfqan Abdullayev cavablandırdı.

- Əfqan müəllim, ölkə başçısının məlum Sərəncamından sonra Azərbaycan Dillər Universitetinin fəaliyyətində nə kimi dəyişikliklər var və 2017-dən başlayan tələbələrə hansı imkanları yaradacaq?

- Bildiyimiz kimi Prezident Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölkənin bir neçə universiteti, həmçinin ADU Publik hüquqi şəxs statusu alıb. Bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün artıq xüsusi komissiya yaradılıb. Təhsil Naziri Cənab Mikayıl Cabbarovun iştirakı ilə və Publik hüquqi şəxs olacaq universitetlərin rektorları ilə görüş keçirilib və görüləcək işlər müzakirə olunub. Sərəncamdan irəli gələn tapşırıqların yerinə yetirilməsi üçün bir neçə müddəaların həlli lazımdır. İlkin olaraq Universitetimizin yeni Nizamnaməsi hazırlanacaq. Nizamnamə müxtəlif qurumlar tərəfindən ekspertizadan keçdikdən sonra Prezidentin təsdiqinə veriləcəkdir.

Publik hüquqi şəxs olduqdan sonra Universitetimizin imkanları genişlənəcək, əsasən maliyyə imkanları artacaq, kənardan maliyyə dəstəyi cəlb etmək mümkün olacaq, Universitetin idarəetmə sistemində tam şəffaflıq yaranacaqdır.

- İndiyə kimi ADU-da şəffaflıq yox idi?

- Əlbəttə şəffaf idi. Mən şəffaflıq deyərkən aşağı strukturların yuxarı strukturlara hesabatlığı nöqteyi nəzərdən daha da şəffaf mexanizmin fəaliyyət göstərəcəyini nəzərdə tuturam. Gözləniləcək struktur dəyişiklikləri üçün biz kadr potensialımızı özümüzdə tam formalaşdırmışıq ki, yeni yaranan strukturların daha yaxşı idarə olunması üçün kadrları bu işə cəlb etməyi planlaşdırırıq. Dillər Universitetinin gənc kadr potensialı çox güclüdür. Professor-müəllim heyətimizin də potensialı yüksəkdir. Düşünürəm ki, cənab Prezidentin Sərəncamından irəli gələn məsələlərin həlli üçün potensialımız kifayət qədərdir.

- Sərəncamdan sonra universitetə maliyyə məsələlərinin cəlbindən danışdınız. Bu hansı yolla həyata keçəcək?

- Bu gün universitetlərdə maliyyə məsələləri iki cür həll olunur. Biri dövlət sifarişi ilə qəbul olunan tələbələrin dövlət tərəfindən ödənilən təhsil haqları, digəri isə ödənişli təhsilə qəbul olunan tələbələrin ödədikləri maliyyə vasitələridir. Sərəncamın bizə verdiyi yeni struktur dəyişikliklərindən sonra universitetə sərbəst olaraq kənar biznes mənbələrindən maliyyə vasitələri cəlb etmək imkanları yaranacaqdır. Artıq universitet belə qərar qəbul etmək imkanına malik olacaqdır. Belə ki, biznes mərkəzləri ilə sifarişlər əsasında xüsusi layihələr icra etmək nəticəsində universitet maliyyə imkanlarını genişləndirəcəkdir. Bunun da nəticəsində professor-müəllim heyətinin əmək haqları yüksələcək, maddi-texniki baza yenilənəcək, xarici universitetlərlə müəllim-tələbə mübadiləsi genişlənəcəkdir.

- ADU yeni dərs ilinə tam  hazırdırmı?

- Yeni dərs ilinə hazırlıq artıq üç aydır ki, başlanılıb. İlk olaraq universitetin auditoriyalarında, tədris otaqlarında tam təmir işləri aparılmışdır. Sentyabr ayının 5-i tarixinə cari təmir işi yekunlaşacaqdır. Bu hər il təkrar olunur. Universitetimizin üç korpusunda 770 professor-müəllim heyəti, 500-nəfərə yaxın texniki işçi, 6400 tələbə vardır. Təxminən 8000 insanın işləyib oxuduğu müəssisədə bir qayda olaraq 12 aydan sonra cari təmirə ehtiyac yaranır. 

Yeni avadanlıqlar alınıb, mebellər yenilənib, tədris otaqları müasir kommunikasiya texnologiyaları ilə təchiz olunub.

Universitetə qəbul başa çatıb. Bu günlərdə bakalavriat və magistratura pilləsi üçün son qəbul keçirildi. Birinci qəbulda 93% plan tapşırığı yerinə yetirilib. Ümid edirik ki, ikinci qəbuldan sonra planlaşdırılmış 1420 bakalavr və 310 magistr planı dolacaqdır.

- Ötən ilə nisbətən bu il dövlət sifarişi ilə qəbul olunmuş tələbələr çoxluqmu təşkil edir?

- Bəli. Çünki Azərbaycanda orta məktəblər üçün xarici dil müəllimlərini ənənəvi olaraq məhz Azərbaycan Dillər Universiteti hazırlayıb. Bakalavriat səviyyəsində 36 ixtisas üzrə, magistratura səviyyəsində 34 ixtisas üzrə mütəxəssis hazırlayırıq. Bu ixtisaslar üzrə dövlət sifarişi çoxluq təşkil edir. ADU-da artıq ingilis dilli jurnalistika ixtisası vardır ki, bu da yaranmış ehtiyacı ödəmək üçündür.

Yeni yaranan strukturlar Azərbaycan ali təhsilinin inteqrasiya etdiyi Avropa ali təhsil sistemində hamının başa düşəcəyi, qəbul edəcəyi strukturlardır. Belə ki, Universitetimizdə Biliyin qiymətləndirilməsi və monitorinq mərkəzi, Keyfiyyətin təminatı və məzunlarla iş mərkəzi, Tələbə qəbulu və qeydiyyatı mərkəzi, Təcrübə, professional inkişaf və karyera mərkəzi vardır. Bütün bu strukturlar Avropa və Amerika universitetlərində ən çox istinad olunan mərkəzlərdir.

- ADU-da neçə xarici tələbə təhsil alır?

- Xarici tələbələrimizin sayı hər ötən il artır. Bu il isə tələbələrin ümumi sayının təxminən 3%-ni təşkil edəcək. Xarici tələbələrin artımı Universitetimizin artan inkişafı deməkdir və ali təhsilinin keyfiyyətidir. Xarici tələbələrimiz Azərbaycanı öz ölkələrində təmsil edirlər.

- Yeni təyin olunmuş rektor Kamal Abdullanın gəlişi ilə kadr dəyişikliyi oldu?

- Akademik Kamal Abdullanın gəlişi ilə Universitetimizdə bir çox dəyişiklik olsa da işdən azad olunan olmadı. Lakin müəyyən yerdəyişmələr oldu. Bu da işçilərin öz arzusu ilə həyata keçirildi.

Yeni rektorumuzun təklifi ilə Universitetmizdə yeni mərkəzlər yaradıldı. Struktur dəyişikliyindən sonra Universitetimizin xarici əlaqələri daha da genişlənəcəkdir. Belə ki, xarici mütəxəssislərin elm ocağımıza cəlb olunmasında, tələbələrimizin xarici universitetlərdə təhsillərini davam etdirmək imkanları artacaqdır. Məlumdur ki, elmin vətəni yoxdur. Xaricdə təhsilini artırıb qayıdan mütəxəssislərimiz özləri ilə yeni təcrübə gətirəcəklər. Bundan başqa Universitetimizin Respublika daxilində və kənarda filiallarının açılması nəzərdə tutulur. Rektorumuz Kamal müəllimin bu sahədə israrlı olması qarşıya qoyulan məsələlərin yaxın bir zaman kesiyində həlli deməkdir.

- Əfqan müəllim, bir zaman Siz də rektor vəzifəsini müvəqqəti icra etdiniz. Siz hansı yenilikləri etdiniz və Kamal müəllimin indiki planlarını Sizin icra etməməyinizin səbəbi nə idi?

- Bəli, üç ay rektor əvəzi çalışdım. Mən də müəyyən yeniliklər etdim. Ən əsası bu dövrdə insanların öz sözlərini sərbəst şəkildə demələrinə şərait yaratmağa çalışdım. Əvvəllər universiteti tərk edib getmiş yaşlı, lakin universitet üçün gərəkli kadrlarımızı yenidən universitetlə əməkdaşlığa dəvət etdim. Bu gün həmin kadrlar Kamal müəllimin təklifi ilə kafedra müdiri vəzifələrinə təqdim olunublar. Hər bir yeniliyin həyata keçməsinə zaman tələb olunur. Yeni rəhbər yeni nəfəs deməkdir. Hər zamanın öz tələbi vardır. Dünənki yenilik bu gün artıq köhnəlmişdir. 2000-ci illərin əvvəlində olan əhval-ruhiyyə ilə bu gün işləmək olmaz. Bu gün ölkəmizin həm artan inkişafı, hörməti, elmə olan diqqəti tamam başqa yenilikləri tələb edir.

- Bildiyimə görə 30 ilə yaxındır Azərbaycan Dillər Universitetində çalışırsınız. Bir neçə rektorlarla işləmisiniz. Kamal müəllimin universitetə rəhbərliyi sizi qane edirmi?

- Niyə də qane etməsin? Əlbəttə, qane edir. Kamal müəllimin istər idarəetmə təcrübəsi, istər elm aləmində öz dəst-xəttinin olması, istərsə də orijinal qələmi, islahatlara, yeni fikirlərə önəm verməsi, enerjisi ondan öyrənməyə adamı sövq edir. İki ay müddətində rektor kimi həyata keçirdiyi yeniliklər bunun bariz nümunəsidir. Kamal müəllim universitetdə yeni deyil. Uzun müddət ADU-da kafedra müdiri işləmiş, öz ixtisası üzrə Azərbaycanda ən gənc elmlər doktoru olan insanlardan biridir. Kamal müəllim universitetin professor-müəllim heyətini də çox yaxşı tanıyır...

- Qısa zaman ərzində ADU-da bir neçə rektor dəyişildi. Müəyyən qalmaqallar yarandı. Həmin hadisələr abituriyentlərin ixtisas seçimində ADU-nu seçməklərinə mane oldumu?

Əsla. Universitetimizdə heç vaxt akademik qalmaqal olmayıb. Kiçik maliyyə söz-söhbətləri olub ki, o da Kamal müəllim rektor təyin olunandan sonra öz həllini tapıb.

Söhbətləşdi: Xəyalə Süleymanqızı