Yuris MAKLAKOVS: "Heç bir ədəbiyyatdan Azərbaycanın tarixini, incəsənətini, təbiətini duymaq olmur"

Tarix : 2017/09/11 10:37     Kateqoriya : MÜSAHİBƏ    


	Yuris MAKLAKOVS: "Heç bir ədəbiyyatdan Azərbaycanın tarixini, incəsənətini, təbiətini duymaq olmur"

“Ölkə.Az” saytının əməkdaşı Latviya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Yuris MAKLAKOVS ilə müsahibə edib.

Həmin müsahibəni təqdim edirik:

- Cənab səfir, keçmiş müttəfiq respublikanın müstəqillik əldə etdikdən sonra keçdiyi yoldan danışasınız.

- Bu yol çox maraqlı və çətin yol olub. Dövlətin yaranması, dövlətçiliyin bərpasının ilk günlərində Latviya qarşısında məqsəd qoymuşdur ki, Avropa İttifaqına, NATO-ya və başqa beynəlxalq təşkilatlara üzv olsun. Belə ki, bu təşkilatlarda üzvülük bizdə inkişaf, təhlükəsizlik qarantı verirdi. Siz bilirsiniz ki, 2004-cü ildə Latviya avropa İttifaqına və NATO-ya üzv oldu. Növbəti addım kimi 2014-cü ildə Avropanın vahid valyutasına qoşulduq. Qeyd edim ki, keçən 2016-cı ildə Latviya Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına qoşuldu ki, bu təşkilata üzvülük dövlət strukturlarının qanunvericiliyi sərbəst bazar iqtisadiyyatına uyğun olduğunu təsdiq edir. Bu təşkilatlara üzvülük Latviya iqtisadiyyatının inkişafını sərbəst bazar iqtisadiyyatında olduğunu təsdiqləyir. Latviya təkcə beynəlxalq təşkilatlarla yox, həm də dövlətlərlə xüsusən Asiya və Qafqaz ölkələri ilə əməkdaşlıq yaratdı. Bu yolu keçdiyimiz dövr çox maraqlı idi.

- İttifaq tərkibində olanda Latviyanın yüngül sənayesi, radiotexnika, kurort-sanator sənayesinin şöhrəti indiyə qədər xalqın dilindədir. Bu gün vəziyyət necədir?

- Demək istəyirəm ki, adını çəkdiyiniz sahələr bu gün də Latviyada çox yüksək səviyyədədirlər. Sovet İttifaqının tənəzzülündən sonra iqtisadiyyatı yeni bazar qaydalarında yaratmaq lazım gəldi. Bir çox böyük müəssisələr Sovet iqtisadiyyatına bağlı olduqlarından bağlanmalı oldular. Bu gedişat bütün müttəfiq respublikalarda baş verdi. Bu çox ağır dövr idi. Anacaq kurort biznesi barədə danışarkən demək lazımdır ki, Yurmala, Riqa körfəzi indi də Latviya iqtisadiyyatının aparıcı sahəsidir. Kurortun şöhrəti təkcə avropalı turistlər arasında yox, keçmiş müttəfiq respublikalardan olan turistlər arasında da yüksəkdir, onların arasında azərbaycanlı turistlər də çoxluq təşkil edir. Turizm Latviyanın aparıcı biznesidir. Qeyd edim ki, 2015-ci ildə daxili ümumi əmtəənin 4%-ni həmin turizm biznesi təşkil etdi. Həmçinin qeyd etmək istəyirəm ki, sadalanan sənaye sahələri də inkişaf etməkdədir.

- Avropa İttifaqına qoşulduqdan sonra Latviya Respublikası bütün dövlətlərlə sərbəst ticarət etmək imkanları qazandı. Latviya iqtisadiyyatına müsbət təsirləri necə oldu?

- Bəli, Avropa İttifaqına qoşulduqdan sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olduqdan sonra Latviya iqtisadiyyatı bazar iqtisadiyyatı qaydaları ilə inkişaf etdi. Bazar iqtisadiyyatının bütün sənaye sahələrinə təsiri bundan ibarət oldu ki, bazarın tələblərinə uyğun məhsullar istehsal olunsun. Avropa İttifaqına qoşulmaq iqtisadiyyata stabillik, bizmenlərə inam və yeni investisiyalar və texnologiyalar cəlb etmək imkanı yaratdı. Qeyd edim ki, bu gün Latviyada 140 Azərbaycan-Latviya birgə müəssisəsi fəaliyyət göstərir ki, bu da biznesmenlərin Latviya iqtisadiyyatına marağını təsdiq edir. Avropa İttifaqına qoşulmağın üstünlüklərindən danışarkən qeyd etmək lazımdır ki, burada dörd azadlıq imkanı var. İnsanların sərbəst hərəkəti, məhsulların, xidmətlərin və maliyyələrin sərbəst dövriyyəsi. Latviyada şikayətlənirlər ki, ölkəni xeyli insanlar tərk edib getmişlər. Ancaq qeyd edim ki, insanlar yüksək əmək haqqı və yaxşı tədris müəssisələrində oxumaq imkanları qazandı. Bu imkanlar xeyli müsbət nəticələr verir. Avropa İttifaqında üzvülük sənayenin lazımi yeni texnologiyalarla təchiz edilməsinə imkanlar yaradır. Misal olaraq kənd təsərrüfatını göstərmək istərdim. Bu sahə Latviyada həmişə yüksək inkişafda olub və indi də inkişaf etmiş sahələrdən biridir. Ancaq bu sahəyə qoyulan sərmayələri nəzərdən keçirərkən görürük ki, Latviya 1 avro sərmayə yatıranda Avropa İttifaqı 4 avro sərmayə yatırır. Göründüyü kimi bu kənd təsərrüfatının inkişafına böyük köməkdir. Müsbət cəhətlər çoxdur, saymaqla bitməz.

- Latviya Respublikasının Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ probleminə ilk gündən münasibəti bəllidir. Latviya beynəlxalq təşkilatlarda da Azərbaycanın haqlı mövqeyini dəstəkəyir. Dünyanın qaynar nöqtələrində baş verən hərbi münaqişələrə Latviyanın münasibəti necədir?

- Bəli, Latviya ilk gündən Azərbaycanın ərazi bütövlüyünü, bölünməzliyi prinsipinə sadiq olduğunu elan edib. Bu prinsiplər əsasında biz post sovet məkanında baş verən bütün münaqişələrə yanaşırıq. Buraya Dinestr ətrafı, Abxaziya, Cənubi Osetiya da aiddir. Bu prinsiplərlə biz Krımın ayrılmasına və Donbasda baş verən münaqişələrə də aid edirik. Latviya Respublikası Avropa İttifaqı və NATO-nun üzvü kimi bu təşkilatlarda razılaşdırılmış və qəbul edilmiş qərarların icrasında israrlıdır. Latviya tərəfi Suriya münaqişəsində də Avopa İttifaqının qəbul etdiyi qərarlara tərəfdardır. Bu münaqişələr uzun müddətdir davam edir və xeyli insan tələfatı və maddi ziyanla davam edir. Latviya NATO üzvü kimi Əfqanıstanda terrorizmə qarşı mübarizədə iştirak etmiş və bu gün də Əfqanıstanın dirçəlməsində iştirak edir. Latviya NATO üzvü olan ölkə kimi bütün münaqişələrin sülh yolu ilə həll olunmasına tərəfdarıq. Biz tanınmış indiki sərhədlərin dəyişdirləmisinin və bölünməsinin tərəfdarı deyilik. Bu münasibət bizdə Krım və Dombas münaqişəsinə də aiddir.

- Sovetlər İttifaqı dövründə müttəfiq respublikalar arasında qarşılıqlı mədəniyyət, təhsil və səhiyyə sahələrində mübadilə yüksək səviyyədə idi. Cənab səfir, bu gün bu münasibətlər necədir və Sizi qane edirmi?

- Biz mədəni və təhsil sahəsində keçmiş müttəfiq respublikalarla mübadiləni indi də davam etdiririk. İnsanlar arasında bu çox dəyərləndirilir. Qazandığını itirmək asandır, ancaq yenisini qazanmaq çox çətindir. Hər il biz mədəni mübadilə əsasında bir neçə tədbirlər keçiririk. Qeyd etmək istəyirəm ki, cari ilin sonuna qədər biz hər iki paytaxtda iki konsert təşkil etmək niyyətindəyik. Gələn il Latviya öz müstəqilliyinin 100 illiyini qeyd edəcəkdir. Bu 100 illiyi Azərbaycan da qeyd edəcəkdir. Yubiley çərçivəsində Bakıda və Riqada incəsənət sərgisi keçirməyi planlaşdırırıq. Münasibətlər keçmiş müttəfiq respublikaların hamısı ilə davam etdirilir.

- Azərbaycan iqtisadiyyatının hansı sahələrinə Latviya tərəfi maraqlıdır və qarşılıqlı olaraq Azərbaycan iş adamları Latviyanın hansı sahələrinə maraq göstərirlər?

-İnvestisiya yatırımı dövlətlərarası Sazişlər əsasında formalaşır. Latviya tərəfi nəqliyyat tranziti, tikinti və farmaseptika sahəsinə maraq göstərir.

Bilirsiniz ki, bu ilin iyul ayında Prezident İlham Əliyevin Latviyaya rəsmi səfər etmişdir. Səfər əsnasında qarşılıqlı sənədlər imzalanmış, yüklərin tranziti barədə razılıqlar alınmışdır. Azərbaycan elə bir regionda yerləşmişdir ki, Şərqdən Qərbə, Şimaldan Cənuba bütün yollar burada kəsişir. Latviya Baltika dənizi ətrafında yerləşir. Bizim üç donmayan dəniz limanımız və Riqada böyük yük təyyarələrini qəbul edə bilən hava limanımız vardır və nəhayət biz Avropa İttifaqının üzvü kimi bütün yükləri Avropa ölkələrinə yönəltmək imkanına malikik. Bunun üçün logistika mərkəzləri lazımdır ki, bu barədə də razılıq əldə olunmuşdur. Əməkdaşlığımızın başqa bir sahəsi kənd təsərrüfatıdır. Latviyada kənd təsərrüfatı məhsullarının emalı sənayesi yüksək inkişaf etmişdir və Azərbaycan tərəfi iqtisadiyyatın diversifikasiyası çərçivəsində emal sənayesinin inkişafında maraqlıdır. Regionlara axırıncı səfərlərində Prezident İlham Əliyev keçirdiyi müşavirələrdə buna xüsusi diqqət yetirmişdir. Bu gün Latviyada Azərbaycandan 150 tələbə təhsil alır. Səhiyyə və tibb sahəsində də yüksək nəticələrimiz vardır. Latviyada farmaseptika sənayesi yüksək inkişaf etmişdir. Tibb təhsili sahəsində də nəaliyyətlərimiz vardır və mübadilə etmək üçün imkanlar yaranır.

- Dövlət başçılarının qarşılıqlı səfərləri nəticəsində xeyli sayda Sazişlər imzalanmışdır. Cənab səfir, həmin Sazişlərin icrası hansı səviyyədədir və Sizi qane edirmi?

- Prezident İlham Əliyevin son səfəri nəticəsində dörd Saziş imzalanmışdır. Bu təhsil, tikintidə təhlükəsizlik, nəqliyyat tranziti və müttəfiqlik barədədirlər. Bu səfər çərçivəsində biznes form keçirilmişdir ki, burada da hər iki tərəfdən xeyli iş adamları iştirak etdilər. Mən indi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüş planlaşdırıram. Ən əsası budur ki, bu Sazişlərin icrasına siyasi iradə vardır. Bizim planlara Bakıda və Riqada Ticarət Evlərinin açılması da daxildir. Həmin evlərdə hər iki ölkədə istehsal olunmuş məhsullar satılacaqdır. Digər planlarımızda isə Bakı Riqa arasında birbaşa aviareyslərin təşkili də daxildir.

Qəbul edilmiş Sazişlərin icrasına vaxt lazımdır ki, gəlin bu barədə bir ildən sonra yenidən danışaq.

- Cənab səfir, Azərbaycana təyin olunana qədər Siz mərkəzi Asiya ölkələrində diplomat olaraq fəaliyyət göstərmisiniz. Azərbaycana təyin olunduğunuzu biləndə ölkəmiz haqqında hansı təəssüratınız var idi?

- Mənim xidməti karyeramdan danışarkən demək istəyirəm ki, mən hərbçi olmuşam. Hərbi xidmətdən getdikdən sonra diplomatik xidmətə keçmişəm. Diplomat kimi Qazaxıstanda və Qırğızıstanda işləmişəm. Yəni, mən Azərbaycan uzaqda olmamışam. Xəzərin o tayında işləmişəm. Demək istəyirəm ki, hərbçi kimi ilk xidmət yerim Özbəkistan olmuşdur. Bu region mənə yaxşı tanışdır və dillərinə də yaxından bələdəm.

2015-ci ilin yazında Azərbaycana təyinatım haqqında biləndə hazırlığa başladım. Azərbaycana aid xeyli ədəbiyyat oxudum. Lakin bura gələndə gördüm ki, heç bir ədəbiyyatdan Azərbaycanın tarixini, incəsənətini, təbiətini duymaq olmur. Bunu təkcə mən yox, Azərbaycana gələn turistlər də deyirlər. Avqustda mənim dostlarım və oğlum yanıma qonaq gəlmişdirlər. Onlar da Azərbaycandan çox məmnun danışdılar.

Mən əminəm ki, insanlar arasında dostluğu ancaq turizm vasitəsi ilə möhkəmlətmək mümkündür.

Söhbətləşdi: Xəyalə Süleymanqızı