Fələstin səfiri: "İsrail hökuməti təkcə işğalçılıq siyasəti aparmır"

Tarix : 2017/09/27 17:13     Kateqoriya : MÜSAHİBƏ    


	Fələstin səfiri: "İsrail hökuməti təkcə işğalçılıq siyasəti aparmır"

“Ölkə.Az” saytının əməkdaşı Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Cənab Nasir Əbdül Kərim ilə müsahibə edib.

Həmin müsahibəni təqdim edirik:

- Birləşmiş Millətlər Təşkilatının 1947-ci il Qərarı ilə İngiltərə Böyük Britaniyanın protektoratında olan Fələstin ərazisində iki dövlət yaradılmalı idi. Cənab səfir, bu tarixdən başlayaraq Fələstinin, Fələstin xalqının keçdiyi yoldan danışardınız.

- Fələstin probleminin tarixi 1947-ci ildən də əvvələ gedib çıxır. Sadəcə olaraq 1947-ci ildə BMT-nin 181 saylı Qətnaməsi ilə Fələstin torpaqlarında iki dövlətin yaradılması barədə qərar qəbul olundu. Ərəb Dövləti Fələstin və Yəhudi Dövləti İsrail. Fələstin problemi 1947-ci ildən də əvvəl başlamışdır. Təxminən 40 il var idi ki, Böyük Britaniyanın protektoratında olan Fələstin torpaqlarında Böyük Britaniyanın hökmranlığına qarşı Ərəb əhalisinin azadlıq hərəkatı başlamışdı. İmperiyanın qəsdli siyasəti nəticəsində hər iki dünya müharibəsi dövründə yəhudilərin Avropa ölkələrindən Fələstinə köçürülməsinə qarşı etiraz hərəkatı var idi. 1947-ci ilin Qətnaməsi ilə bu narazılıq aradan qaldırılmalı və iki milli dövlət yaradılmalı idi.

Bu tarixi xronologiyanı sizə ona görə deyirəm ki, 1947-ci ildən sonrakı hadisələrin gedişini düzgün başa düşəsiniz. Əgər BMT-nin 1947-ci 181 saylı Qətnaməsinə baxsaq görərik ki, tarixi Fələstin torpaqlarının 56%-i buraya köçmüş avropalı yəhudilərə verilmiş, 44%-i isə tarixən burada yaşayan fələstinlilərə verilmişdir. Həmin Qətnamənin qəbul edildiyi günə baxsaq görərik ki, Fələstin əhalisi Fələstinin üçdə bir hissəsini təşkil edir və torpaqların 93%-nin sahibi idilər. Yəhudilər isə cəmi 7% torpağın sahibi idilər.

BMT-nin çıxardığı həmin qətnamədə hər iki dövlətin eyni vaxtda elan olunması nəzərdə tutulsa da, buna əməl olunmadı. 

1947-ci il Qətnaməsi qəbul olunduqdan və İsrail dövləti elan edildikdən sonra Fələstinlilər buna etiraz etdi və 1948-ci il müharibəsi başlandı. BMT-nin statistikasına əsasən, bu müharibə zamanı 400 Fələstin kənd və qəsəbəsi yerlə yeksan olunmuş, Fələstin əhalisinin yarısını təşkil edən əhali öz yurd-yuvalarından qovulmuş və qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Həmin müharibə zamanı İsrail Fələstinin qalan torpaqlarını da işğal etdi. İsrail dövləti yarandıqdan sonra üç dəfə BMT-yə üzv olmaq üçün müraciət etsə də, hər dəfə imtina cavabı aldı. 1949-cu ildə BMT şərt əsasında İsrail Dövlətinin Təşkilata üzvlüyünü qəbul etdi. Şərt İsraildən 181 saylı BMT qətnaməsinə əməl etməsi və Fələstin Dövlətinin yaradılması idi. Həmin vaxtdan təxminən 70 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq İsrail dövləti bu Qətnaməyə əməl etməyib.

Bu günə qədər Fələstin xalqının tarixi yolu çox uzundur və danışmaq üçün saatlarla vaxt lazımdır. Bütün bu hadisələrin nəticəsi kimi 1964-cü ildə Fələstin Azadlıq Təşkilatı yaradıldı. Təşkilatın başında FƏTH hərəkatı dayanırdı. 1967-ci ildə Ərəb-İsrail müharibəsi başladı ki, bunun da nəticəsi kimi Fələstin torpaqlarının hamısı İsrail tərəfindən işğal edildi. Bundan başqa Misirin, İordaniyanın və Suriyanın torpaqlarının da bir hissəsi işğal olundu. Bu müharibənin nəticəsi kimi Fələstin İsrailin tam nəzarətində oldu. 1987-ci ildə ilk İntifada başladı və bu Fələstin xalqının silahsız, dinc etirazı idi və 1993-cü ilə qədər davam etdi. 

1993-cü ildə Oslo Müqaviləsi bağlandı və bu Müqavilənin şərtlərindən əsası o idi ki, hər iki tərəf bir-birini tanımalı idi. Oslo Müqaviləsi hər iki xalq arasında Sülh Müqaviləsinə doğru atılan ilk addım idi. Oslo Müqaviləsində Fələstin tərəfinin şərti bu idi ki, Fələstin Dövləti 1967-ci il müharibəsinə qədər olan sərhədlərdə yaradılacaq. Bu da Fələstin tərəfindən İsrailə böyük güzəşt idi ki, Fələstin tarixi ərazilərinin cəmi 22%-ni təşkil edirdi. Lakin İsrail buna da razı olmadı. 

Fələstin öz tarixi ərazisinin 78%-ni güzəşdə getməklə qan tökülməsinin qarşısını almaq istəyirdi. Lakin, həmin vaxt İsrail ekstremist qüvvələrinin bir üzvü Oslo Müqaviləsinin İsrail tərəfindən iştirakçısı olan Baş nazir İshaq Rabinə sui-qəsd etdi. Hər iki tərəf sülhə nail olmaq istəsə də İsrail ektremist qüvvələri buna mane oldular. İshaq Rabinin qətlindən sonra İkinci İntifada başladı. Bu İntifada vaxtı minlərlə fələstinli və onlarla israilli həlak oldu. Bu İntifada 2004-cü ilə qədər davam etdi. 

2009-cu ildə İsraildə hakimiyyətə ekstremist qüvvələrə arxalanan Netanyahu hökuməti gəldi. Həmin vaxtdan etibarən Sülh Müqaviləsi bağlanması danışıqları zəiflədi və bu gün demək olar ki, tamam dayanıb. Sülh danışıqlarının dayanmasının səbəbi İsrail hökumətinin apardığı radikal ekstremist siyasətdir. 

İsrail hökuməti təkcə işğalçılıq siyasəti aparmır, həm də irqi ayrı-seçkilik siyasəti (aparteid) aparır. Bu siyasət bütün Beynəlxalq Təşkilatlar və dünya ölkələri tərəfindən pislənir. 

1988-ci ildə Əlcəzairdə Fələstin Dövləti elan olundu və Fələstin Milli Şurası Parlament qismində çağrıldı. Bir çox dövlətlər Fələstini Dövlət kimi tanıdı. Bu proses 2012-ci ilə qədər davam etdi. 2012-ci ildə BMT Fələstin Dövlətini müşahidəçi qismində öz sıralarına daxil etdi. Bu gün Fələstin bayrağı başqa dövlətlərin bayraqları ilə bərabər BMT-nin binasının qarşısında dalğalanır. 

- Azadlıq uğrunda mübarizə həmişə davam edib. Sizin regionda olan müharibələr Fələstin xalqının müstəqillik haqqının tapdanmasına gətirdi. 1988-ci ildə Birinci İntifada zamanı nəhayət Fələstin dövləti elan olundu. Bir neçə dövlət rəsmən bunu tanıyıb. İndiki şərait necədir, dövlət olmaq Fələstin xalqına nə qazandırır?

- Fələstin dövlətini dünyada 138 dövlət tanıyıb. Baxmayaraq ki, işğal davam edir. 138 dövlətin Fələstini tanıması Fələstin diplomatiyasının uğurudur, Fələstin xalqının haqlı tələblərinin tanınmasıdır.

İsrail dövlətinin və hökumətinin siyasəti bundan ibarətdir ki, Fələstin dövləti tanınmasın, Fələstin xalqının varlığı inkar edilsin. Fələstin xalqı da öz suveren dövlətini yaratmaq və həmin dövlətdə yaşamaq hüququna malikdir. Fələstin dövlətinin elan olunması xalqa inam verdi. Faktiki olaraq işğal altında olsa da, o, öz iqtisadiyyatını, diplomatik və iqtisadi əlaqələrini yarada bildi. Bu gün Fələstinin dünyada 100 səfirliyi və konsulluğu vardır. 

138 dövlət Fələstini tanıyıbsa, İsrail buna maneçilik törədə bilməz. Hətta Obama administrasiyasında dövlət katibi BMT-nin iclaslarından birində demişdir ki, “İsraildən savayı bütün dünya deyir ki, bu ərazilər İsrail tərəfindən işğal olunub və orada məskənlərin salınması yolverilməzdir”. Hal-hazırda İsrail dövlətinin başında duranlar öz radikal mövqeləri ilə, ekstremist ideyaları ilə yaşayırlar. Başa düşmürlər ki, işğal əbədi olaraq davam edə bilməz. İşğalda saxlamaqla onlar xalqın iradəsini qıra bilməzlər, Azadlıq arzusu xalqın ürəyində silinməzdir. Keçən tarix buna sübutdur. 

- Fələstin Dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə münasibəti məlumdur. Cənab səfir, müharibədən ziyan çəkmiş ölkə olaraq bu münaqişə haqqında nə deyə bilərsiniz?

- Bəli, Fələstin işğaldan əziyyət çəkən bir dövlət kimi beş nəsil işğalda yaşadığını bilirsiniz. Bu səbəbdən də biz Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirik və Beynəlxalq Təşkilatların qəbul etdiyi Qətnamələrin tətbiq edilməsinin tərəfdarıyıq. Azərbaycan Dövlətinin iqtisadi gücü və hərbi qüdrəti bizdə yoxdur. Azərbaycan rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində ölkə inkişaf edir və öz hərbi qüdrətini artırır. Bununla belə Azərbaycan sülh danışıqlarının tərəfdarıdır. Azərbaycanla Fələstini müqayisə etmək olmaz. Azərbaycan qüdrətli, müstəqil suveren dövlətdir. Fələstin isə 50 ildir işğal altındadır.

Hər bir müharibə böyük dağıntılara gətirib çıxarır. Biz də sülh danışıqlarının tərəfdarıyıq və sülhə səy göstəririk. 

- Yaxın Şərq regionunda baş verən dağıdıcı müharibələr Fələstin problemini bir qədər arxaya keçirtdi. Cənab səfir, Sizcə bu müharibələr hansı məqsədlə başladı?

- Bu dağıdıcı müharibələr Fələstin probleminə mənfi təsir etdi. Lakin bu müvəqqəti bir mərhələdir. Həmin ölkələrdə müharibə sona çatandan sonra əhalidən Fələstin problemi haqqında soruşsanız, onun əsas problem olduğunu deyəcəklər. Müharibə zamanı birinci növbədə həmin ölkələrin əhalisi öz ölkələrinin təhlükəsizliyinə təhdid yaradan birbaşa çağırışlar, özü, ailəsi və yaxınları barədə düşünür. Ancaq bu müharibələr qurtaracaq, dağılanlar yenidən bərpa olunacaq, lakin hər bir ərəb xalqı üçün Fələstin problemi hər zaman birinci yerdə olacaq. Burada onu da demək lazımdır ki, bu digər müsəlman ölkələri üçün də belədir, belə ki bilirsiniz ki, İslam Əməkdaşlıq Təşkilatının yaranma səbəbi Qüds şəhəri və Fələstin problemi olmuşdur. Bu problem bütün dünyada çox geniş dəstəyə malikdir. 

Bu müharibələrin başlanmasının səbəblərini müzakirə etməyə bir neçə saat da bəs etməz. Ancaq onu deyim ki, burada daxili və xarici siyasi amilər olmuşdur. 

Hazırda müharibə gedən dövlətlərdə daxili çağırışlar olmuş, bu çağırışlar dövlət idarəçiliyində, sosial problemlərin həllində və islamla əlaqəsi olmayan radikal elementlərin yayılmasında, həmçinin xarici qüvvələrin müdaxiləsi və digər səbəblər olmuşdur. Bu müharibələrin iştirakçısı və səbəbkarı İsrail olmasa da, ondan müvəqqəti də olsa faydalanır.  

- Fələstin Dövlətinin Suriyada baş verənlərə münasibəti necədir?

- Fələstin Dövləti yaranandan bəri onun siyasəti digər dövlətlərin, xüsusilə qardaş ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əsaslanmışdır. Biz bu dağıdıcı müharibələrin tezliklə sona çatmasını və həmin dövlətlərin xalqlarının sülh, əmin-amanlıq şəraitində yaşamalarını arzu edirik. 

- Azərbaycanda Fələstin səfirliyi fəaliyyətə başladığı gündən indiyə qədər nə kimi işlər həyata keçirilib?

- Fələstin səfirliyi Azərbaycanda fəaliyyətə başladığı gündən mədəni həyatda fəal iştirak edir. Keçirilən mədəni tədbirlərdə iştirak edirik. Gənclər təşkilatları ilə sıx çalışırıq. Təhsil müəssisələrində leksiyalarla çıxış edirik, Fələstinin həqiqətlərini ictimaiyyətə çatdırırıq. 

- Fələstinli tələbələr Azərbaycanda təhsil alırlar. Hal-hazırda tələbə mübadiləsi hansı səviyyədədir və Sizi qane edirmi?

- Tələbə mübadiləsi barədə onu deyə bilərəm ki, hal-hazırda 40-dan çox tələbimiz Azərbaycanda təhsil alır. Elmin və texnikanın bir çox sahələrini öyrənirlər. Bu vəziyyət bizi qane etmir. Biz çox istərdik ki, tələbələrimiz daha çox olsunlar. Onlar Azərbaycanın təcrübəsini öyrənirlər. Xüsusən də Dövlət İdarəçiliyi və bacarıqların artırılması sahələrində. Azərbaycanlı tələbələrin Fələstində isə heç bir Azərbaycanlı tələbə təhsil almır. Bunun da səbəbi İsrail işğalıdır. Çünki İsrail viza vermir və işləri çətinləşdirir.  

Bundan əlavə biz istərdik ki, Fələstin həqiqətlərini azərbaycanlı jurnalistlər öz gözləri ilə görüb qələmə alsınlar. Lakin İsrail dövləti jurnalistlərin də Fələstinə getmələrinə əngəllər yaradır. 

Söhbətləşdi: Xəyalə Süleymanqızı