İranın Gilan vilayəti ilə Azərbaycan arasında əlaqələrin perspektivləri müzakirə edilib

Tarix : 2017/10/07 16:46     Kateqoriya : SİYASƏT    


	İranın Gilan vilayəti ilə Azərbaycan arasında əlaqələrin perspektivləri müzakirə edilib

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İranın Gilan vilayətinə işgüzar səfər edib.

Səfər çərçivəsində B.Hüseynov Gilan vilayətinin valisi Mustafa Salari, Ənzəli Azad Ticarət Zonasının baş direktoru Rza Məsrur və vilayətin Ticarət, Mədən, Sənaye və Kənd təsərrüfatı palatasının sədri Hadi Tizhuş ilə görüşüb. Görüşlərlə ölkələrimiz arasında iqtisadi əlaqələrin perspektivləri və mövcud vəziyyəti müzakirə edilib.

Səfir Bünyad Hüseynov Gilan valisi vəzifəsinə yeni təyin olunmuş M.Salarini təbrik edib, onu yaxın zamanlarda Azərbaycana səfərə dəvət edib. Diqqətə çatdırıb ki, hər iki ölkənin prezidentləri son dörd ildə 9 görüş keçiriblər. Prezidentlər siyasi iradə nümayiş etdirərək ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə qərar veriblər. Bildirilib ki, ölkələrimiz arasında münasibətlərin inkişafında Müştərək İqtisadi Komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrup çox fəaldır. Son illər Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq əlaqələri genişlənməkdədir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsi istiqamətində məlumat verən səfir, Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu layihəsinin inşasının tezliklə başa çatdırılmasının hər iki dövlət üçün iqtisadi səmərə verəcəyini vurğulayıb. Rəşt-Astara dəmir yolu xəttinin inşasının başa çatdırılmasından sonra sözügedən nəqliyyat dəhlizinin tam olaraq formalaşacağını bildirib. Bu dəmir yolunun İranın Azərbaycan vasitəsilə Rusiyaya və Avropaya çıxış əldə edəcəyini qeyd edib. Səfir deyib ki, yüklərin İrandan Avropaya və əks istiqamətdə daşınması prosesində İran ilə Azərbaycan tranzit ölkə kimi gəlir əldə etməklə yanaşı, həm də ticarət əlaqələrini genişləndirəcəklər.

Səfir diqqətə çatdırıb ki, yolun Rəşt-Astara (İran) hissəsinin tezliklə çəkilməsində rəsmi Bakı maraqlıdır və bu layihəyə sərmayə yatırmaq fikrindədir. Hazırda İran Astarasında yük terminalının tikintisi sürətlə davam edir.

Görüşdə Astara gömrük-buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçməsi də müzakirə edilib. Bildirilib ki, məntəqənin iş saatının artırılması ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin genişlənməsinə də töhfə verəcək.

Tərəflər Azərbaycan ilə İranın sərhəd rayonlarının ticarət, kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələsini də müzakirə ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

X X X

Səfir Bünyad Hüseynov Gilan vilayətindəki Ənzəli Azad Ticarət Zonasının baş direktoru Rza Məsrur ilə də görüşüb.

Görüşdə Ənzəli limanı ilə Bakı Beynəlxalq Ticarət Limanı arasında əlaqələrin yaradılmasına toxunulub. Diqqətə çatdırılıb ki, limanlar arasında test yükdaşımalarını həyata keçirmək faydalı olar. Azərbaycan tərəfinin Bakı şəhəri ilə İran limanları arasında gəmi turlarının təşkilində maraqlı olduğu ifadə olunub. Bu layihələrin həyata keçirilməsi qarşılıqlı əlaqələrin inkişafına təkan verməklə yanaşı, iqtisadi səmərə də verə bilər.

Səfir Ənzəli Azad Ticarət Zonasının və limanın fəaliyyəti ilə yaxından tanış olub.

Gilan vilayətinin Ticarət, mədən, sənaye və kənd təsərrüfatı palatasında keçirilən görüşdə vilayətin özəl sektorunun 20-dən çox nümayəndəsi iştirak edib. Palatanın sədri Hadi Tizhuş sənaye və istehsal müəssisələri haqqında məlumat verərək qarşılıqlı əlaqələrin tərəflər üçün faydalı olduğunu bildirib. Qeyd edilib ki, iki qonşu dövlət arasındakı xoş münasibətlər iş adamlarının fəaliyyəti üçün böyük zəmin yaradıb.

Səfir Bünyad Hüseynov son dövrlər Azərbaycanda tranzit və daşınmalar sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə tranzit yükdaşımalar üçün rüsumlar azaldılıb. Bu sərəncam İranın iş adamları üçün Azərbaycan vasitəsilə üçüncü ölkələrin bazarına çıxış əldə etmək imkanı yaradıb. Səfir Azərbaycanın Qazaxıstanın Aktau limanındakı Logistik Mərkəzi haqqında geniş məlumat verərək bildirib ki, İranın iş adamları və şirkətləri bu mərkəzin xidmətlərindən istifadə edə bilərlər. İran Orta Asiya və Rusiya ilə apardığı idxal-ixrac əməliyyatlarını da bu mərkəz vasitəsi ilə həyata keçirə bilər. Mərkəz bu ölkələrin bazarlarına çıxış üçün aparıcı rol oynayır.

Xarici ölkələrdə yeni yaradılan Azərbaycan Ticarət evləri haqqında danışan səfir burada da qarşılıqlı əməkdaşlığın səmərəli olmasını deyib.

Sonda səfir görüşdə iştirak edən iş adamlarının suallarını cavablandırıb.

/AZƏRTAC/