YUNESKO-nun İcraiyyə Şurası təşkilata yeni baş direktor vəzifəsinə namizəd seçəcək

Tarix : 2017/10/09 15:05     Kateqoriya : MƏDƏNİYYƏT    


	YUNESKO-nun İcraiyyə Şurası təşkilata yeni baş direktor vəzifəsinə namizəd seçəcək

YUNESKO-nun qərargahında İcraiyyə Şurasının Almaniyadan olan rəhbəri Maykl Uorbsun sədrliyi ilə 202-ci sessiyası keçirilir. Oktyabrın 18-dək davam edəcək sessiyada əsas məsələlərdən biri də Şura tərəfindən YUNESKO-nun baş direktoru vəzifəsinə namizədin irəli sürülməsidir. Bundan sonra namizəd noyabrın 10-da YUNESKO-nun Baş konfransının 39-cu sessiyasında təşkilatın 195 üzv ölkəsinin iştirakilə keçiriləcək ümumi səsverməyə təqdim olunacaq. Baş konfrans oktyabrın 30-dan noyabrın 14-dək keçiriləcək. Namizədlərin seçimi oktyabrın 9-u başlayacaq və gizli səsvermə yolu ilə keçiriləcək. Qalib namizəd Şuranın 58 üzvündən 30-nun dəstəyini qazanmalı və YUNESKO-nun Baş Assambleyasının 195 üzvü tərəfindən bəyənilməlidir.

«Fakt-Araşdırma» xəbər verir ki, yeddi iddiaçının - Azərbaycandan Polad Bülbüloğlu, Vyetnamdan Fam Sanq Çau, Misirdən Muşira Xəttab, Qətərdən Həməd bin Əbdüləziz əl-Kavari, Çindən Kian Tan, Livandan Vera Əl-Huri Lakoyeuile və Fransadan Odri Azuleyin namizədliyinə İcraiyyə Şurasının səsverməsində baxılacaq. İki diplomatın namizədliyi - Qvatemaladan Xuan Alfons Fuentes Soria və İraqdan Saleh Əl-Xasnavi artıq geri götürülüb.

Məlumdur ki, YUNESKO BMT-nin təhsil, elm və mədəniyyət üzrə ixtisaslaşmış təsisatıdır. Təşkilatın məqsədi təhsil, elm, mədəniyyət sahələrində dövlətlər və xalqlar arasında əməkdaşlığı genişləndirmək hesabına sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək etmək, ədaləti təmin etmək və qanunauyğunluğa riayət etmək, BMT-nin Nizamnaməsində elan edildiyi kimi, irqindən, cinsindən, dilindən, oriyentasiyasından və dinindən asılı olmayaraq, insan hüquq və əsas azadlıqlarına ümumi hörmət etməkdir. Təşkilat kimi Dünya İrsi Siyahısına görə daha çox tanınan YUNESKO son illər Yaxın Şərq münaqişələrindən narahatdır. Təşkilat Fələstini üzvlüyə qəbul etdikdən sonra YUNESKO-nun nəhəng sponsoru Birləşmiş Ştatlar təşkilata ödənişləri dayandırıb. YUNESKO-nun baş direktoru vəzifəsinə əlaqələr qurmağı və qarşılıqlı təsir atmosferini yaratmağı bacaran insan seçilməlidir.

Yeni baş direktor təşkilatın bu vəzifədə iki dördillik müddətdə çalışmış hazırkı rəhbəri İrina Bokovanı əvəz edərək, noyabrın 15-də işinin icrasına başlamalıdır. YUNESKO-nun İcraiyyə Şurası, həmçinin təsdiq üçün Baş Konfransa təqdim olunacaq təşkilatın 2018-2021-ci illər üçün proqramının və büdcəsinin ilkin layihələrini tamamlamalıdır.