Leyla Əliyeva  Ümumdünya Ərzaq Gününə həsr edilmiş tədbirdə iştirak edib 

Tarix : 2017/10/17 11:38     Kateqoriya : SOSİAL    


	Leyla Əliyeva  Ümumdünya Ərzaq Gününə həsr edilmiş tədbirdə iştirak edib 

Oktyabrın 16-da ADA Universitetində IDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO-nun birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib. Ümumdünya Ərzaq Günü 2017 “Miqrasiyanın gələcəyini dəyişək: Ərzaq təhlükəsizliyinə və kənd yerlərinin inkişafına sərmayə qoyaq” şüarı altında təşkil olunub.

Birlikdən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva iştirak edib. 

Ümumdünya Ərzaq Gününün əhəmiyyətini vurğulayan Leyla Əliyeva çıxışında ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişafının dünyada sülh, sabitlik və davamlılığın təmin edilməsi üçün vacib amil olduğunu qeyd edib, bu sahədə mövcud problemlərin isə münaqişə, aclıq və kütləvi miqrasiyaya yol aça biləcəyini qeyd edib. O bildirib ki, miqrasiya məcburi deyil, könüllü seçim olmalıdır və milyonlarla insanın öz yurdlarını tərk etməməsi üçün regionların inkişafına sərmayə qoyulmalıdır. Leyla Əliyeva həmçinin rəhbərlik etdiyi IDEA İctimai Birliyinin fəaliyyətindən, ötən altı ildə görülən işlərdən danışıb, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması və davamlı inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən layihələr barədə məlumat verib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri Heydər Əsədov, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri  Serhan Aktoprak çıxış edib, FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Ümumdünya Ərzaq Gününə dair videomesajı nümayiş olunub.

Tədbir “Miqrasiyanın iqtisadi və siyasi tərəfləri: kənd təsərrüfatına və ərzaqa təsirləri” mövzusunda panel müzakirələri ilə davam edib. Panel müzakirələrində ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı və kənd yerlərinin inkişafı baxımından miqrasiyanın yaratdığı çağırışlar və imkanlar haqqında bəhs edilib.  

FAO-nun 1945-ci ildə yaranması günü olan 16 oktyabr tarixi Ümumdünya Ərzaq Günü kimi dünyanın 150-dən çox ölkəsində qeyd edilir. Bu günə həsr edilən tədbirlərin əsas məqsədi dünyada aclıq və yoxsulluq problemləri haqqında maarifləndirmənin artırılmasından ibarətdir.