KKTC-nin ölkəmizdəki təmsilçisi:"Azərbaycandan da dəstək gözləyirik"

Tarix : 2017/10/19 18:17     Kateqoriya : MÜSAHİBƏ    


	KKTC-nin ölkəmizdəki təmsilçisi:"Azərbaycandan da dəstək gözləyirik"

“Ölkə.Az” saytının əməkdaşı Küzey Kıbrız Türk Cümhuriyyətinin ölkəmizdəki təmsilçisi Ufuk Turganer ilə müsahibə edib.

Həmin müsahibəni təqdim edirik:  

Diplomat müsahiblərim arasında ilk xanım müsahibim olan Ufuk xanım, bizə doğma və əziz Şimali Kipr Türk Respublikasının ölkəmizdəki təmsilçisidir. Başı çox bəlalar çəkmiş Şimali Kiprin türk əhalisinin problemlərindən danışan Ufuk xanım öz ölkəsinin təmsilçisi kimi daha maraqlı həmsöhbət oldu. 

- İki ölkə arasındakı qardaşlıq münasibətləri nəticəsində KKTC-nin 1997-ci ildən Bakıda nümayəndəliyi açıldı. Xanım Səfir, həmin gündən başlayaraq bu günə qədərki keçən zamanı necə xarakterizə edərdiniz? 

- Bəli, 1997-ci ildə Bakıda nümayəndəliyimiz açılandan sonra burada ölkəmizi təmsil edən beşinci nümayəndə mənəm. Bizim nümayəndəliyin burada açılması ölkələrimiz, xalqlarımız arasında olan səmimiyyətin göstəricisidir. Bu dostluğun möhkəmləndirilməsi və genişləndirilməsi mütləqdir və bizim borcumuzdur. Hər iki xalq bir-birinə çox oxşardır. Həm siması, həm dili, həm dini, həm də yaşayış tərzi ilə. Kiprli türklər Azərbaycanı çox sevirlər. Bizi birləşdirən adət-ənənələr və düşüncə tərzi bizi yaxınlaşdıran amillərdir.  

Mənim Bakıda olmağım iki il deyil. Lakin azərbaycanlıların bizlərə olan sevgisinin, mehribançılığının çox yüksək səviyyədə olduğunu gördüm. Bizləri tanıyırlar, görüşdüyüm insanlar bizim tariximizi, liderlərimizi yaxşı tanıyırlar. Kıbrıs Türk xalqı üçün çox zəhmət çəkən Dr. Fazıl Küçük və Rauf Denktaşı yaxşı tanıyırlar.
  
- İki ölkə arasındakı siyasi, iqtisadi, mədəni münasibətlər Sizi qane edirmi və qarşılıqlı rəsmi səfərlər gözlənilirmi?

- İki ölkə arasında siyasi, iqtisadi əlaqələrin daha da sıx olmasını istərdik. Mən də çalışıram ki, bu istiqamətdə işlərimiz daha da irəliləsin. Bir müddət əvvəl bizim təhsil və mədəniyyət nazirimiz Bakıda oldu. Hətta öz heyrətini belə bildirdi ki, “mən niyə indiyədək Bakıya gəlməmişəm”. İki ölkə arasındakı vətəndaşların səyahətləri xalqların yaxınlaşmasına xidmət edir. Kiprli türklər özlərini Azərbaycanda doğma hiss edirlər. Bakının bu qədər gözəl, geniş olmasına heyran qalırlar. Bütün bunlar bir türk olaraq bizə qürur verir. Əlbəttə ki, amalımız bütün bu əlaqələri daha yüksək səviyyəyə qaldırmaqdır. Bunun üçün də hər iki tərəfin bərabər istəyi lazımdır.

Əlbəttə ki, bəzi problemlər ətrafında bizim qardaşlıq əlaqələrimiz çox sıxdır.  

- Azərbaycanın müstəqilliyini ilk tanıyan KKTC Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk gündən öz mövqeyini açıq şəkildə bildirib. Xanım Səfir, bu münaqişənin tənzimlənməsində həlledici amil kimi nəyi görürsünüz? 

- Qeyd edim ki, Dağlıq Qarabağ probleminin davam etməsindən çox narahatıq. Əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və arzulayırıq ki, tezliklə bu problem həll olunsun. İnşaAllah, tezliklə işğal altında olan torpaqlar azad olar və Azərbaycanın bütövlüyü bərpa olar. Hər bir ölkənin ərazi bütövlüyü çox önəmli bir haldır. 

- Ötən gün Cenevrədə Azərbaycan və Ermənistan Prezidentlərinin görüşü keçirildi. Xanım Səfir, Sizcə bu görüşdən nə gözləmək olar?

- Ümid edirik ki, bu danışıqlar Sülh prosesini yaxınlaşdıracaq və qardaş Azərbaycanın xeyrinə həll olunacaq.

- Xanım səfir, KKTC-nin Beynəlxalq aləmdə tanınması nə səviyyədədir?

- İlk olaraq onu bildirim ki, 24 şəhərdə - Türkiyə, ABŞ, Avropanın paytaxt şəhərlərində və Körfəz ölkələrində təmsilçiliklərimiz var.

Kiprin bölünməsi çox ağrılı proses oldu. Bu barədə qısaca deyim ki, 1963-cü ildə bu konflikt yaranandan bəri dəfələrlə hər iki tərəf arasında görüşlər olub. Əlbəttə ki, biz Şimali kiprlilər-türklər iki cəmiyyətli, iki təbəqəli, siyasi bərabərliyə əsaslanan federativ bir həlli nəzərdə tutan BMT parametrləri əsasında bir uzlaşma üçün bu günə qədər çalışmışıq. Ancaq, təəssüf ki, 1968-ci ildən başlayan danışıqlar 12 Yanvar 2017-də Cenevrədə keçirilən 1-ci Kipr Konfransı və 28 iyun - 7 iyul 2017-ci il tarixləri arasında Crans Montanada keçirilən 2-ci Kipr Konfransı ilə sona çatmışdır. Lakin bu Konfranslar nəticəsiz qaldı. 1968-ci ildən bəri davamlı olaraq hər iki tərəf arasında görüşlər keçirilir. Lakin bu görüşlər də nəticəsiz qalır.

Böyük Britaniyanın keçmiş baş naziri Cek Stounun bir məqaləsi dərc olunub (Cek Stoun 2001-2006-cı illərdə xarici işlər naziri olub və baş verən proseslərin fəal iştirakçısı idi). Cek Stoun həmin məqaləsində qeyd edir ki, “2004-cü ilin 1 may tarixində Avropa Birliyi Kiprin Yunan tərəfini tanıyaraq birliyə qəbul etdi. Bu, Avropa Birliyinin etdiyi ən böyük səhv idi. Avropa Birliyinin bu qərarı ilə Kiprin bölünməsinin əsası qoyuldu”. Soruşa bilərsiniz ki, niyə? Deyim ki, Kiprin yunan tərəfi Avropa Birliyinə arxalanaraq özünü daha güclü hiss edir və Kiprin türk tərəfi ilə heç bir danışığa getmək istəmir. Qeyd edim ki, bu ilin 13 oktyabr tarixində Kiprin yunan tərəfi 1960 Zəmanət və İttifaq Müqavilələrinin ləğvi və türk ordusunun adanı tərk etməsi barədə qərar qəbul edib.

Bu qərar bizim üçün qəbulolunmazdır, keçərsizdir. Əslində yunan tərəfinin bu qərarı problemin həllini istəməməsinin göstəricisidir. Bütün bu uzun illər ərzində Şimali Kipr türk tərəfi izolyasiya olunmuş haldadır. Belə ki, biz öz dövlətimizin pasportu ilə xaricə çıxa bilmirik, bizi qəbul etmirlər. Lakin ABŞ və Böyük Britaniya bizim pasportlarla viza verir. Çox təəssüflər ki, Azərbaycan da bizim pasportu qəbul etmir. Mən çox arzu edirəm ki, öz pasportumuzla bizə doğma və əziz olan Azərbaycana səyahət edək. Bununla da hər iki ölkə arasında turizm axını çoxalardı. ABŞ və Böyük Britaniya kimi ölkələr bizim pasportu qəbul edir və viza verirlər. Axı pasportu tanımaq üçün ölkənin diplomatik tanınması lazım deyil. Kiprin yunan tərəfi sərbəst hərəkət edir, biz yox.  

Şimali Kiprin türk əhalisi Türkiyə Respublikasının pasportunu alaraq ticari və turist kimi başqa ölkələrə səyahət edə bilirlər. Folklor Festifalına, Beynəlxalq idman yarışlarına kiprli türk Türkiyə Cümhuriyyəti pasportu ilə gedir. Başqa cür mümkün deyil. 21-ci əsrin, 2017-ci ili başa çatır, lakin bütün dünya kiprli türklərin varlığını görmür və görmək istəmir. Biz Azərbaycandan da dəstək gözləyirik. Əlbəttə ki, Türkiyə Respublikasının dəstəyi ilə Şimali Kipr Türk Respublikası inkişaf etməkdədir.

- Azərbaycanda KKTC universitetlərinin filialının açılması nəzərdə tutulurmu və diplomların tanınması barədə hansı işlər görülür, ümumiyyətlə təhsil sahəsində mübadilə hansı səviyyədədir?

- Qeyd edim ki, ölkəmizin inkişaf etmiş sahələrindən biri turizmdirsə, biri də təhsil sahəsidir. 15 universitetimiz fəaliyyət göstərir. Onlardan ikisi dövlət təminatındadır. Təhsilimiz çox yüksək səviyyədədir. Bu gün 500 azərbaycanlı tələbə bizim universitetlərdə təhsil alır. 30 nəfər azərbaycanlı professor-müəllim KKTC-nin universitetlərində dərs tədris edirlər. Onu da qeyd edim ki, 20 azərbaycanlı tələbənin təhsil haqqını bizim dövlət ödəyir. Ümumilikdə 134 ölkədən, 100 min tələbə universitetlərimizdə təhsil alır. 

Azərbaycanlı ailələrə müraciət etmək istəyirəm ki, övladlarının Şimali Kiprdə təhsilini təşkil etmək üçün birbaşa bizim Təmsilçiliyə müraciət etsinlər. 2016-cı ildən Təmsilçiliyimizdə təhsil attaşesi də vardır ki, bütün universitetlərlə birbaşa əlaqə saxlayaraq tələbəni istənilən universitetə əlavə xərcsiz qəbul edə bilər. İndi ətrafımızda bir çox agentliklər yaranıb ki, gəncləri özlərinə cəlb etmək üçün xeyli yanlış məlumat verərək pul alırlar. Bizə çatan məlumatlara əsasən, sonradan çoxlu narazılıqlar yaranır. Ona görə də təhsillə bağlı bütün məsələləri birbaşa təhsil attaşemizə müraciət etməklə həll etsinlər. Bu da bizim Azərbaycana verdiyimiz önəmin göstəricisidir.

Diplomların tanınması barədə onu deyim ki, universitetlərimizin verdiyi diplomlar bütün dünyada tanınır, heç bir çətinlik yoxdur, ailələr bu məsələdə rahat olsunlar. Təhsilimiz çox yüksək səviyyədədir, Beynəlxalq proqramlar əsasında təşkil olub. Onu da deyim ki, bizim məzunlar olmuş azərbaycanlı tələbələr İtaliyada və digər Avropa ölkələrində magistr və doktorant kimi təhsillərini davam etdirirlər. 

Bu il KKTC-dən üç tələbəmiz Azərbaycan Milli Konservatoriyasında təhsil alır. Bu bizim üçün çox sevindiricidir. Bu rəqəmin daha da artması, bizim gənclərimizin də Azərbaycandakı universitetlərdə təhsil alması əlbəttə ki, iki ölkənin qardaşlığına töhfə verəcəkdir.

- Azərbaycan və KKTC arasında ticari əlaqələr varmı?

- Ticari əlaqələrimiz çox təəssüf ki, istədiyimiz səviyyədə deyil. Buna da səbəb kimi bizim izolyasiya şəraitində yaşamağımızdır.

- Xanım Səfir, diplomatik missiyanızı Azərbaycanda həyata keçirərkən iki ölkə arasında daha hansı sahələrdə inkişaf görmək istərdiniz?

- İstərdim ki, Azərbaycanla KKTC arasında rəsmi görüşlərimiz daha çox olsun. İnanıram ki, bir zaman gələcək ki, bu arzum da həyata keçəcəkdir.

Ümid edirəm ki, bizim məzunlarımız olmuş azərbaycanlı tələbələr gələcəkdə iki ölkə arasında münasibətlərin daha da sıx olmasına vəsilə olacaqlar. Onlar Kuzey Kıbrıs Türk Cümhuriyyətini Azərbaycanda tanıdırlar və bizim könüllü elçilərimiz olurlar. Turizm mübadiləsinin genişləndirilməsi hər iki dövlət arasında ticari əlaqələri də genişləndirəcəkdir. Mən öz missiyam daxilində buna çalışıram. Daha çox azərbaycanlı qardaşlarımızı Şimali Kiprdə qəbul etmək, tariximizi və ölkəmizi yaxından tanımalarını təmin etmək istərdik.

Ölkəmiz ilə qardaş ölkə Azərbaycan arasında mədəni fəaliyyətlərin, incəsənət tədbirlərinin çoxalması bir-birimizi başa düşməyimizə kömək edəcək.

Söhbətləşdi: Xəyalə Süleymanqızı