Elşən Musayev: «Ana dediyin bax budur»

Tarix : 2017/10/25 10:44     Kateqoriya : MÖVQE    


	Elşən Musayev: «Ana dediyin bax budur»

Milli Məclisin deputatı Elşən MUSAYEV

Xarici və yerli səfərlərimdən dolayı anamgilə iki həftəlik fasilədən sonra getmişəm. Baxıram darıxıb, amma bildirmir. Eləcə başıma dolanır. 

Bir az öskürdümmü vəssalam, 2 dəqiqə sonra südün içində doşab stolun üstündədir. Ardınca kostyumumun, gödəkcəmin nazik-qalınlığını yoxlayır, başım yaş soyuğa çıxıb-çıxmadığımı soruşur, corablarıma qədər nəzərdən keçirir, az qalır başmağı ayağıma əli ilə geyindirsin.

Masaya yemək gətirib. Bozbaşdır. 5 tikə (?) ət qoyub mənim qabıma. Demirəm heç nə. Xətrinə dəyər deyə. Amma bu qədər şeyi necə yeyəcəm sualını da özüm özümə verməmiş deyiləm. Və... birtəhər başlayıram. Ətin ikisini yedim. Bu arada zəng gəldi. O biri otağa keçirəm. Danışmaq üçün. Amma telefonla danışdığım otağın qapısı azca aralıdır deyə "koridor”u görürəm. Bir də baxam ki, nə? Anam dabanı üstdə, gizlin-gizlin mətbəxə qaçır və əlində nimçə tez digər otağa qayıdır. Harda ki, yemək yeyirik – ora. Mən də qayıdıram. Vəssalam. Ət sayı qabımda yenə 5 olub)) Demə nimçədə əlavə 2 tikə də ət gətirirmiş ki, yeməkdən çox yeyim....

Valideyn itkisini Allah hər kəsə gecindən yaşatsın. Həm də ona görə ki... insan 30 yaşa qədər o varlıqların tam anlamında dəyərini verə bilmir. Bir yaşda uşaq oluruq, bir yaşda gənc - şıltaq, digər yaşda sevib-sevilən, başqa bir yaşda özünə vurğun. Amma 30-u, əsas da 35-i adlayandan sonra ananın sənə zillənən sakit gözlərinə baxdıqca kimsənin nəzərlərində görmədiyin sevgini ilk dəfə sezirsən. Əslində o həmişə olub, amma sən indi sezirsən. Baxır. Danışmır. Səssizdir. Amma elə dolğun, elə içdən, elə qaynarca baxır ki...

Anaya sənin statusun, cibin, bər-bəzəyin maraqlı deyil. Canın sağlam olsun, yetər. Nimdaş paltarla da qəbulsan ona, cırıq ayaqqabıyla da. O sənin ən böyük uğursuzluğuna belə bir xoş don geyindirib fəxr edər, qürurlanar. Övladı olan yerdə bütün gözəllik etalonlarını görməzdən keçər, səni hamıdan yaraşıqlı bilər. Kim olursan ol, yenə pensiyasından hər ay kənara pul atar, sənə jaket, corab, əlcək alar. Və çox qərib ki, nə alsa isti bir şey alar. 

Ana çaya mürəbbəni də bir başqa cür tökür, onu bir başqa cür qarışdırır. O boynunu, çiynini, kürəyini də bir başqa cür ovur. O başqa cür öpür, sifətini sifətinə bir başqa cür dayıyır, üzünü başqa cür tutur, saçını başqa cür qarışdırır...

Evdən çıxanda gözlərinə baxdım. Sıxıb-saxlamışdı özünü. Qucaqlayanda doldu ama. Fəqət bildirmək istəmədi. Endim bloka. Maşını açdım. Oturdum. Sürə bilmədim. Düşdüm. Yenə qalxdım yuxarı. Qapını döydüm. Getməyimə arxayınmış kimi, artıq ağlamışdı. Dedim, bu gün səninlə qalıram.

Yaşadığım həyatda kimə "bü gün səninlə qalıram” desəm, o füsnkar  çöhrəni, simadakı o xoşbəxtliyi görə bilmərəm. Bilmərəm ki, bilmərəm. Ana dediyin bax budur.

Rəssamlar dünyanın xoşxətlik rəsmini gedib o qədər uzaqlarda axtarırlar ki. Baxışlar, darixmalar, mimikalar, ağlamalar-filan. Oysa, nə hacət? Üzə, gözə, təbəssümə, əlqərəz bu qədər komplektasiyaya gerçəkdən ehtiyac yoxdur. Anaların səssiz duruşunu, övladlarının üzünə əl çəkişini, özünə sarı gətirib  bağrına basmasını çəksinlər. Bəyaz saçının bütün ətirlərdən daha gözəl iyini, üzündəki qırışların qoxusunu, ağlarkən dodağına toxunan göz yaşının dadını çəksinlər.

Bütün gözəlliklər anaların sevindiyi yerlərdədir.....

Qarşılarında baş əyirəm!