Səudiyyə Ərəbistan Krallığının Səfiri: "Bu raketlər İran istehsalıdır"

Tarix : 2017/11/17 13:56     Kateqoriya : MÜSAHİBƏ    


	Səudiyyə Ərəbistan Krallığının Səfiri: "Bu raketlər İran istehsalıdır"

“Ölkə.Az” saytının əməkdaşı Səudiyyə Ərəbistan Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Cənab Müsaid bin İbrahim əs-Süleym ilə müsahibə edib.
 
Həmin müsahibəni təqdim edirik: 

 

Səudiyyə Ərəbistanı Krallığının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həmişə açıq, şəffaf və İslam həmrəyliyi ruhuna uyğun olmuşdur
 

 

-Cənab səfir, iki ölkə arasında mövcud olmuş tarixi, mədəni əlaqələrin yeni mərhələdə inkişaf dinamikasını necə qiymətləndirərdiniz?

-Ölkələrimiz arasında hazırki mərhələdə olan əlaqələrin inkişafı tarixi, mədəni və dini köklər üzərində bərqərar olub. Dövlətlərimiz nisbətən gənc olsa da xalqlarımız arasındakı əlaqələr qədim zamanlara gedib çıxır və tarixən onların bir çox ortaqlıqları olub. Bu gün biz İki Müqəddəs Məscidin Xadimi, Kral Salman bin Əbdüləziz və zati-aliləri prezident İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə Krallıqla Azərbaycan arasında istər siyasi, istər iqtisadi, istərsə də investisiya sahələrində olan əlaqələrin inkişafında mühüm bir mərhələni yaşayırıq. İki ölkə arasında ikitərəfli dostluq münasibətlərinin durmadan güclənməsi, eləcə də yüksək səviyyəli qarşılıqlı səfərlər bunun bariz nümunəsidir. Bu səfərlərin ən sonuncuları zati-aliləri prezident İlham Əliyevin cari ilin may ayında Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Krallığa mühüm səfəri, yenə bu ilin aprelində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Krallığa rəsmi səfəri və İki Müqəddəs Məscidin xadimi-Səudiyyə Ərəbistanı Kralı, həmçinin Vəliəhd-müdafiə naziri və Baş Qərargah rəisinin müavini ilə görüşməsi, digər tərəfdən Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral sərvətlər naziri, eləcə də Krallığın Ərəb Körfəzi məsələləri üzrə dövlət nazirinin Azərbaycana olan səfərini qeyd etmək olar. Cari il, ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 25-ci illiyinə təsadüf edir. Vurğulamaq istərdim ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikası ilə əlaqələrini möhkəmləndirmək kursunu gələcəkdə də davam etdirib, bütün İslam və beynəlxalq təşkilatlar çərçivəsində onunla birgə əməkdaşlıq və səyləri koordinasiya edəcəkdir.

-Öz iqtisadi qüdrətinə görə dünyada aparıcı ölkələrdən olan Səudiyyə Ərəbistanının Azərbaycanla iqtisadi münasibətləri hansı səviyyədədir və bir diplomat olaraq sizi qane edirmi?

-Sözsüz ki, keçən illərin iqtisadi göstəriciləri, iki ölkənin böyük iqtisadi potensialını tam olaraq əks etdirmir. Məhz bu səbəbdəndir ki, bir neçə il bundan öncə Azərbaycana səfir təyin olunandan bəri iqtisadi əlaqələri inkişaf etdirmək əsas hədəflərimdən biri olmuşdur. Bu gün böyük fərəh və qürur hissi ilə deyə bilərəm ki, qarşıya qoyduğum məqsədlərin əksər hissəsini həyata keçirmişəm. Əgər sadəcə bu günlərdə həyata keçirilən və ya keçiriləcək iqtisadi tədbirlərin siyahısına baxsanız ölkələrimiz arasında artan iqtisadi fəaliyyətlərin miqyasını təsəvvür etmək olar. Misal üçün oktyabrın 17-də Tacikistanın paytaxtı Düşənbə şəhərində nazirlər səviyyəsində “Ərəb ölkələri ilə Orta Asiya dövlətləri və Azərbaycan Respublikası arasında əməkdaşlıq və iqtisadiyyat üzrə İkinci Forum” keçirilmişdir. Oktyabrın 20-də keçirilən Azərbaycan - Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələri biznes forumu çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Səudiyyə Ərəbistanının Yanbu şəhərinin Ticarət və Sənaye Palatası arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanmışdır. Bu yaxınlarda Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası keçiriləcək, eyni zamanda Azərbaycanın ixrac missiyası Səudiyyə Ərəbistanına səfər edəcək. Bütün bu tədbirlərdən sonra iqtisadiyyat, ticarət və investisiya sahələrində konkret addımlar gələcəkdir.

 

Ərəb dilini bilmədən orta əsr Azərbaycan ədəbiyyatı nümunələrini tam anlamaq mümkün deyil

 

- Ərəb dilinin və ədəbiyyatının öyrənilməsində Səudiyyə Ərəbistanının Azərbayacan təhsilinə münasibəti Sizi qane edirmi və hansı səviyyədə görmək istərdiniz?

-Biz Azərbaycanda ərəb dili və ədəbiyyatının tədrisi və öyrənilmə səviyyəsindən çox razıyıq. Belə ki, Azərbaycan hələ Sovet İttifaqı dövründən şərqşünaslıq və ərəbşünaslıq sahəsində ən qabaqcıl dövlətlərdən olmuşdur. Məncə burada qəribə heç nə yoxdur. Çünki xalqlarımız arasında tarixən mədəni, dini və ədəbi münasibətlər təşəkkül tapmışdır. Ərəb və Azərbaycan dillərinə baxsanız bir çox müştərək sözlərin olduğuna şahid olarsınız. Eləcədə ədəbiyyat sahəsində xeyli ortaqlıqların olduğunu görürük, nəzmdə əruz vəzni kimi. Ərəb dilini bilmədən orta əsr Azərbaycan ədəbiyyatı nümunələrini tam anlamaq mümkün deyil. Bu isə o deməkdir ki, qeyd edilən sahələr Azərbaycanda ehmal edilə bilməz. Azərbaycanın bir çox orta məktəblərində, eləcə də hökumət və özəl universitetlərində ərəb dili və ədəbiyyatı mükəmməl tədris edilir. Bu təhsil müəssisələri məzunlarının səviyyəsi çox gözəldir.

-Dinimiz bir, lakin dilimiz ayri olan ölkələrimiz arasındakı əlaqələrdə yəqin ki, boşluqlar var, bu boşluqları aradan qaldırmaq üçün hansı addimların atılmasını lazım bilərdiniz?

-Ölkələrimiz arasındakı əlaqələrdə "boşluqlar" deyiləcək heç nə yoxdur. Sədəcə müqayisədə birinin digərinə nisbətən daha az inkişaf etmiş sahələr var. Siyasi əlaqələrimiz olduqca yüksək səviyyədədir. Hal-hazırda Azərbaycan Respublikasındakı qardaşlarımız ilə birgə ölkələrimiz arasındakı bu əməkdaşlığın səviyyəsini bütün sahələr üzrə, xüsusən də ticarət, investisiya və mədəniyyət sahəsində eyni dərəcədə inkişaf etdirməyə çalışırıq.

-Cənab səfir, İslam Həmrəyliyi Təşkilatında Sizin Ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə öz münasibətini bildirib və Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Bu münaqişənin həll yollarını Sizin Dövlət necə görür?

-Siz haqlısınız! Səudiyyə Ərəbistanı Krallığı həmişə beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyü və toxunulmamazlığını dəstəkləyib və dəstəkləyir. Bundan əlavə Krallıq həmin təşkilatlarda Azərbaycanın haqq işini dəstəkləyən bu cür qərarların qəbul edilməsində mühüm rol oynayır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyi həmişə açıq, şəffaf və İslam həmrəyliyi ruhuna uyğun olmuşdur. Bu münaqişə başladığından indiyə qədər Krallıq qardaş Azərbaycana heç bir minnət, siyasi və sair məqsəd olmadan həm sözdə həm də əməldə dəstək olub. Arzu edirik ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qərarlar münaqişənin həll olunmasında öz rolunu oynasın və regionda sülh, əmin-amalığın bərqərar olsun. Çünki istənilən regionda baş verən hər hansı bir münaqişə və ya müharibə onun inkişafına və öz potensialını tam olaraq gerçəkləşdirməsinə mənfi təsir edir. Münaqişənin tezliklə həll edilməsi Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması və qaçqınların öz doğma yurdlarına dönməsini tələb edir. Belə ki, qeyd etdiyimiz qərarlar bunu dəfələrlə vurğulamışdır.

- İslam ölkəsi olaraq Səudiyyə Ərəbistanı hazırda İslam ölkələrində xüsusilə də Myanmada baş verən hadisələrə münasibəti necədir? Krallıq bəs bu problemin həlli üçün nələr edib?

-Hələ böhranın lap əvvəlindən Krallıq Myanma hökumətinin Rohingiya müsəlmanlarına qarşı həyata keçirdiyi repressiya və zorakı köçürmə siyasətini qətiyyətlə pisləmişdir. İki Müqəddəs Məscidin Xadimi-Səudiyyə Ərəbistanı Kralının şəxsi müdaxiləsi ilə Myanmaya qonşu dövlətlər, o cümlədən qardaş Banqladeş dövləti qaçqınlar üçün keçidlər açmışdır. Qaçqınlar üçün sığınacaqlarda münasib şərait yaradılması və onlara təhlükəsiz şəkildə yardımların çatdırılmasını təmin etmişdir. Ümumiyyətlə Krallıq qurulduğu gündən bu yana ehtiyacı olan müsəlman topluluqlarına və dövlətlərinə yardımçı və dəstək olub. Bundan əlavə Krallıq dünya çapında humanitar və inkişaf aksiyalarını dəstəkləyənlərin öncüllərindən olmuşdur. Rohingiya müsəlman azlığının qarşılaşdığı böhran tarixən bu dəstəkdən öz bol payını almışdır. Yalnız son on il ərzində Krallıq onlara 66 milyon dollar yardım etmişdir. 

Krallığın bu sahədə qabaqcıl rolu özünü keçən 40 il ərzində 300 mindən çox məzlum Rohingiya müsəlmanı qəbul etmişdir ki, bu da onu Rohingiya qaçqınları qəbul edən ölkələr arasında Banqladeş Xalq Respublikasından sonra ikinci ölkə edir. Onlar Krallıq ərazisində azad şəkildə işləmək, ödənişsiz təhsil, tibbi xidmətdən istifadə etmək hüquqlarına malikdirlər. Onlardan heç biri qaçqın düşərgəsində yaşamır. Son böhran üzə çıxan zaman Krallıq oraya humanitar müdaxilə edən ölkələrin birincilərindən idi. Belə ki, Kral Salman adına Yardım və Humanitar Aksiyalar Mərkəzi oraya xüsusi qrup göndərərək Banqladeşdə sığınacaq tapan Rohingiya qaçqınlarının mövcud humanitar vəziyyətinə dəstək olmuşlar. Krallıq Banqladeşdəki Rohingiya qaçqınlarının böhran nəticəsində düçar olduqları bəlalarını yüngülləşdirmək üçün onlara Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq edərək 100 ton təcili yardım göndərmişdir. Son olaraq Krallıq bəyan etmişdir ki, Rohingiya qaçqınları və xüsusən də onların ən acınacaqlı vəziyyətdə olanlarının bəlalarını yüngülləşdirmək üçün Kral Salman adına Yardım və Humanitar Aksiyalar Mərkəzi tərəfindən icra olunacaq proqrama 20 milyon dollar vəsait ayırmışdır.

-Xahiş edirik son olaraq ölkənizin gündəmində olan ən aktual mövzudan bəhs edək. Bir müddət öncə Krallıq Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə qüvvələrinin paytaxt ər-Riyad tərəfə atılan ballistik raketin dəf etməsi barədə bəyanat vermişdir. Xahiş edirik bunu törətmiş şəxslərin kimliyi barədə məlumat verəsiniz.

-Bu şübhəsiz bir təcavüz aktı idi və birinci dəfə deyildi ki, Krallıq bu cür raket hücumuna tuş gəlmişdir. Bu təcavüzü həyata keçirən Yəməndə Qanuni Hakimiyyəti devirən Husi silahlı qruplaşmasıdır. Bu silahlı qruplaşma terrorçu Hizbullah təşkilatı kimi məlum region dövləti tərəfindən dəstəklənir. Bu raketin, həmçinin əvvəllər atılan digər raketlərin qırıntılarının hərbi texnologiyalar üzrə ekspertlərin iştirakı ilə müayinəsi zamanı sübut olunmuşdur ki, bu raketlər İran istehsalıdır və Yəməndəki Husi silahlı qruplaşmasına qaçaqmalçılıq yolu ilə çatdırılmışdır.

Məqsəd isə Krallığa, onun xalqına və mühüm maraqlarına təcavüz etməkdir. Husi silahlı qruplaşmasının silahla təmin olunması, BMT Təhlükəsizlik Şurasının həmin silahlı qruplaşmanın silahlandırmaqdan imtina edilməsi haqqında olan, xüsusən də 2216 saylı qərarının açıq-aşkar surətdə pozulması sayılır. Bu qonşu dövlətləri, eləcə də regional və beynəlxalq sülh və təhlükəsizliyi hədəfə alan açıq təcavüz hesab edilir.

Söhbətləşdi: Xəyalə Süleymanqızı