İndoneziyanın ölkəmizdəki səfiri: "Müharibə təhlükəsi qonşu ölkələrə də yayıla bilər"

Tarix : 2017/11/24 17:41     Kateqoriya : MÜSAHİBƏ    


	İndoneziyanın ölkəmizdəki səfiri: "Müharibə təhlükəsi qonşu ölkələrə də yayıla bilər"

“Ölkə.Az” saytının əməkdaşı İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Cənab Husnan bey Fananie ilə müsahibə edib.

Həmin müsahibəni təqdim edirik:

 

“Dağlıq Qarabağ Azərbaycanın əzəli ərazisidir”

 

-Cənab Səfir, İndoneziya və Azərbaycan arasında diplomatik əlaqələrin yaranma tarixindən və bu əlaqələrin dünənindən bu günündən danışardınız.

-İndoneziya barədə danışanda onu deyim ki, İndoneziya Mərkəzi Asiyada yerləşən çox böyük Dövlətdir. İndoneziya adalar qrupundan ibarətdir.

İndoneziyanın sahillərinə nəzər salsaq görərik ki, ən böyük çimərlik sahəsi İndoneziyadadır. Çimərliklərin ümumi sahəsi 5 milyon 300 min kilometrə yaxındır. İndoneziyanın özü 17 min 500 adadan ibarətdir. Biz böyük dövlətləri nəzərdən keçirsək görərik ki, ABŞ ən çox hərbiyyə, müdafiə sahəsində güclüdür, Çin Dövləti iqtisadiyyatda güclüdür, İndoneziya isə mədəniyyət sahəsində güclüdür. 

İndoneziya zəngin mədəniyyətə malik dövlətdir. Burada min üç yüzə yaxın tayfa yaşayır, səkkiz yüzə yaxın dil və ləhcələrdə danışılır. İndoneziya iki okean arasında yerləşir. Cənubda Avstraliya və Yeni Zellandiya ilə həmsərhəddir, Şimalda, Şərqdə və Qərbdə Asiya ölkələri ilə həmsərhəddir. 

İndoneziya öz müstəqilliyini 1945-ci ildə əldə etmişdir. Belə ki, İndoneziyanın özü xarici dövlətlər tərəfindən işğal olunmuşdur. 350 ilə yaxın Yaponiya və Hollandiyanın müstəmləkəsi olmuşdur.

İndoneziya ilə Azərbaycan arasında əlaqələr çox yaxşıdır və yüksələn xətlə inkişaf edir. Hər iki ölkə müsəlman ölkəsidir, hər iki ölkənin əksəriyyəti müsəlmanlardır. İndoneziyanın 270 milyon nəfərdən ibarət əhalisinin 240 milyonu müsəlmandır. 

-İndoneziya tolerant ölkədir?

-Bəli, İndoneziya çox tolerant ölkədir. İslam dini çox tolerantdır. İndoneziya bir çox ölkələrə tolerantlıq baxımından nümunə ola bilər. Deyim ki, İslam dini İndoneziyaya 13-14-cü əsrlərdə gəlmişdir. İndoneziyada İslam dininin yayılmasında əslən azərbaycanlı olan Şeyx Mövlanə İbrahim olmuşdur. Şeyx Mövlanə İbrahim Səmərqənddə təhsil aldıqdan sonra İndoneziya ərazisinə gəlmiş və burada İslam dininin yayılmasında böyük rol oynamışdır.

İndoneziyada onu Şeyx Mövlanə İbrahim əs-Səmərqəndi kimi tanıyırlar. Bu faktın özü onu göstərir ki, bizim ölkələr və xalqlar arasında əlaqələrin tarixi çox qədimdir. İndoneziya xalqı Azərbaycanın başqa bir görkəmli şəxsini də böyük alim Seyid Yəhya əl-Bakuvini də tanıyır və ehtiram edir. Seyid Yəhya əl-Bakuvinin otuza yaxın kitabı məlumdur, İndoneziyada oxunur və tədris olunur. Bunların arasında ən çox məşhuru “Əs-Rarutin” adlanır ki, İndoneziyada çox oxunan və mədrəsələrdə tədris oxunan kitabdır. 

Mən öz xatirələrimdən onu danışım ki, kiçik yaşlarımda anam mənə “Leyli və Məcnun” poemasından maraqlı nağıllar oxuyardı. Mən sonralar bildim ki, bu böyük şair və alim Nizami Gəncəvinin poemasıdır. Bildiyimiz kimi Nizami Gəncəvi də Azərbaycanın şairidir. 

1991-ci ildə Sovetlər İttifaqı dağılarkən Azərbaycanın Müstəqilliyini tanıyan ilk ölkələrdən biri də məhz İndoneziya olmuşdur. Həmin vaxtdan başlayaraq ölkələrimiz arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Ancaq onu qeyd edim ki, Azərbaycan və İndoneziya arasında ticari əlaqələr yüksək səviyyədədir.

Azərbaycan neftinin alıcıları arasında İtaliyadan sonra İndoneziyadır. Hər il biz 2 milyard 400 milyon dollarlıq neft alırıq. 

-Qarşılıqlı rəsmi səfərlər gözlənilirmi, ümumiyyətlə, bağlanmış Sazişlər və onların icrası barədə nə deyə bilərsiniz?

-Dövlətlərarası əlaqələrdən başqa xalqlar arasında əlaqələr vardır. Rəsmi səfərlər hər il həyata keçirilir. Parlamentlərarası rəsmi səfərlər olmuşdur.

Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyev İndoneziyaya səfər etmişdir. Mən özüm onu müşayiət etmişəm. Cənab Prezident İlham Əliyevin bu ilə nəzərdə tutulmuş rəsmi səfəri bəzi səbəblərdən təxirə düşdü və bu yaxın vaxtlarda həmin səfərin gerçəkləşəcəyi gözlənilir. Bu ilin dekabrında Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovun İndoneziyaya səfəri olacaqdır. 

Eyni zamanda mədəniyyət və incəsənət xadimlərinin də qarşılıqlı səfərləri olmuşdur. Təhsil sahəsində də tələbə mübadiləsi mütəmadi keçirilir. Təqaüd proqramları çərçivəsində azərbaycanlı tələbələrin İndoneziyaya səfərləri olur. Bu il 10 azərbaycanlı tələbə İndoneziyaya oxumağa göndərilmişdir.  

İndoneziya Müstəqillik əldə etdikdən sonra indoneziyalı tələbələr Sovetlər İttifaqında oxumağa göndərilirdilər. Azərbaycanda da xeyli indoneziyalı tələbələr təhsil almışlar. Lakin, 1970-ci ildə baş verən hadisələrdən sonra indoneziyalı tələbələrin gəlişi dayandırıldı. 

 

 İndoneziya Dağlıq Qarabağın azad olunub Azərbaycana qaytarılmasını tələb edir

 

- İndoneziya Beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyir və Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Cənab Səfir, Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ probleminin həllini necə görürsünüz?

-Dağlıq Qarabağ Azərbaycanın əzəli ərazisidir və İndoneziya Azərbaycanın bu haqlı mövqeyini həmişə dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İndoneziya Dövləti və Hökuməti bunu bir mənalı elan edib və bu mövqeyimiz dəyişməzdir. İndoneziya Konstitusiyasında bir bənd var ki, “Hər bir xalq azadlığa qovuşmalıdır və işğalçılıq ləğv olunmalıdır”. Bu prinsipdən çıxış edərək İndoneziya ermənistanın işğalçılıq siyasətini pisləyir və Dağlıq Qarabağın azad olunub Azərbaycana qaytarılmasını tələb edir. Biz Azərbaycanın haqlı mövqeyini həmişə dəstəkləyirik. Bu münaqişə hərb yolu ilə deyil, Sülh yolu ilə həll olunmalıdır. Biz günahsız insanların qanının tökülməsini istəmirik, biz müharibə tərəfdarı deyilik. Çünki müharibə insanların ölümü dağıntılarla davam edir, insanların köçkün və qaçqın düşməsinə səbəb olur. Müharibə gedən ölkələr də kömək üçün qonşu ölkələrə müraciət edirlər, müharibə təhlükəsi qonşu ölkələrə də yayıla bilər. 

İndoneziya Dövləti və Xalqı sülhsevərdir, qonşu dövlətlərimizdə müharibələr gedən zaman biz öz sülhsevərlik siyasətimizi əyani göstərmişik. Sülhün yaradılması üçün hər cür təkliflər vermişik. Şimal qonşumuz olan Vyetnamda müharibə gedərkən biz sülhün əldə olunması üçün çox çalışdıq. Eləcə də Kamboca, Laosda müharibələr zamanı da biz öz sülhsevər siyasətimizlə sülhün əldə olunmasına çalışdıq. Eləcə də Qarabağ probleminin həllində də biz Sülh yolunu təklif edirik və Azərbaycanın sülhsevər siyasətini dəstəkləyirik. Şəxsən mənim Qarabağ faciəsindən xəbərim vardır. Xocalı faciəsi və Qarabağda baş verən qanlı hadisələrdən xəbərdaram. Azərbaycan xalqının dərdini başa düşürəm. Lakin bütün bunlar ölkənin inkişafını dayandırmamalıdır. Biz Azərbaycanın çiçəklənməsini istəyirik. 

İndoneziya da öz zamanında ağır imtahanlardan keçib. Çox qanlı hadisələr baş vermişdir. Dediyim kimi Hollandiyanın uzun müddət müstəmləkəsi olub. İndoneziya bu hadisələrdən uğurla çıxdı. İndi inkişaf etmiş bir ölkədir. Biz keçmişin acı xatirələri ilə yaşamırıq. Gələcəyi qurmaq üçün çalışırıq. Bu ilin 25 oktyabr tarixində BMM-də Müsəlman ölkələrinin “İslam Həmrəyliyi və Qarabağ” adı altında konfrans keçdi. Mən də orada çıxış etdim. Çıxışın mətnini sizə təqdim edirəm. Ümid edirəm ki, həmin mətndə göstərilən sülh yolu sizə maraqlı və gərəkli olacaq. Sülhsevərliyimizi sübut edən faktlardan biri də odur ki, İndoneziya ilk gündən Fələstinin azadlıq arzusunu həmişə dəstəkləmişik və Fələstinin suverenliyinin bərpasının tərəfdarıyıq. Bu səbəbdən biz İsrail dövlətini tanımırıq və heç bir diplomatik əlaqəmiz yoxdur. İsrail Fələstini işğal etmiş ölkə kimi bizi maraqlandırmır. 

-İndoneziyanın ikinci dünya müharibəsindən sonrakı inkişaf tarixini necə xarakterizə edərdiniz, ümumiyyətlə müasir İndoneziyanın aparıcı sahələri hansılardır?

-1945-ci ildə İndoneziya Müstəqillik əldə etdikdən sonra Prezident Sukarno adaların birləşərək İndoneziya Dövləti yaratmasını elan etdi. 1955-ci ilə qədər bu adalar birləşdilər və böyük İndoneziya Dövləti yarandı. Həmin adaların əksəriyyəti Sultanlıqlar və Krallıqlar olmuşlar, əhalinin əksəriyyəti müsəlman idilər. Həmin adalar Osmanlı imperiyasının təsiri altında olmuşlar. Osmanlı İmperiyası Avropa, Afrika və Asiyanın böyük bir ərazisində yaranmışdır və İndoneziyanın bir çox adaları imperiyaya daxil idilər. Osmanlı İpmeriyası dağıdıldıqdan sonra İndoneziya Hollandiyanın işğalı nəticəsində müstəmləkəyə çevrildi. Hal-hazırda İndoneziya Asiyada inkişaf etmiş ölkədir, Çindən və Hindistandan sonra öz iqtisadi inkişafına görə üçüncü yerdədir. Mərkəzi Asiyanın aparıcı ölkəsidir. İndoneziya 11 ölkə ilə həmsərhəddir. Bu ölkələrin hamısının iqtisadiyyatı İndoneziyaya bağlıdır. İndoneziya dünyada ən böyük balıq ixracatçısıdır. İndoneziya həm də ən çox qızıl istehsal edən ölkədir. Hər il 2 milyon kiloqram qızıl istehsal edir. Öz iqtisadiyyatının gücü ilə İndoneziya böyük 20-liyə daxildir. Dünyanın 20 zəngin ölkəsindən biridir. 

 

Biz Azərbaycan neftinin ən böyük alıcılarından biriyik

 

-Coğrafi cəhətdən uzaq olan İndoneziya ilə Azərbaycan arasında iqtisadi, ticari əlaqələr Sizi qane edirmi?

- Ərazicə uzaq olsaq da biz Azərbaycanı özümüzə qardaş ölkə bilirik. Azərbaycanda bir şuar var, “ Türkiyə və Azərbaycan bir millət iki dövlətdir” biz isə deyirik ki, “bir millət üç dövlətik” Azərbaycan, Türkiyə və İndoneziyanı nəzərdə tuturuq. 

Ölkələrimiz arasında ticari əlaqələr bizi qane etmir. Bəli, ərazinin uzaqlığı buna mane olan əsas səbəbdir. Biz Azərbaycan neftinin ən böyük alıcılarından biriyik. Azərbaycan da İndoneziyadan məhsul alır. Lakin bu siyahı geniş deyil. Palma yağı, kakos yağı, rezin məmulatları və elektrik avadanlıqları alır. Ancaq bu bizim istədiyimiz səviyyədə deyil. Birbaşa hava yollarının olmaması, dəniz yolunun başqa ölkələrdən keçməsi ilə əlaqədar İndoneziyadan gələn məhsulun qiyməti çox baha başa gəlir. Buraya kömrük və vergi rüsumları da öz təsirini göstərir. Bu gün İndoneziyadan gələn məhsullar İranın Bəndər Abbas portu və Gürcüstanın Poti portu vasitəsi ilə çatdırılır. Azərbaycanda İndoneziya məhsulları satılır, lakin bu məhsulların əksəriyyəti Rusiyadan, Özbəkistandan, Qazaxıstandan re-eksport olunur. İndoneziya məhsulları çox yüksək keyfiyyətli və qiymətcə münasibdir. Yaponiya, Koreya, Hindistan kimi ölkələrə, Ərəb ölkələrinə, Afrika və Avropaya da ixrac olunur. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin, Gürcüstan Prezidenti, Türkiyə Prezidenti və Qazaxıstanın baş nazirinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu. Bu yolun açılışı ilə ticari əlaqələrin genişlənməsi də mümkün olacaqdır. Qeyd edim ki, Çin və Qazaxıstan arasında dəmir yolu var ki, bu yol Xəzər dənizi vasitəsi ilə həmin magistrala qoşulacaqdır. 

Ticari Sazişlər bağlanmışdır və icra olunur. Ümid edirik ki, Prezident İlham Əliyevin İndoneziyaya rəsmi səfərindən sonra əlaqələr daha geniş və surətlə inkişaf edəcəkdir. 

-Cənab Səfir, ölkələrimiz arasında təhsil, səhiyyə və mədəni mübadilə necədir?

-İki ölkə arasında bütün əlaqələr Sazişlər və Müqavilələrlə tənzimlənir. Hər il azərbaycanlı iş adamları İndoneziyaya səfər edərək orada keçirilən ticarət sərgilərində iştirak edirlər. Bu il də iştirak etmişlər. Mədəni əlaqələrdən danışarkən deyim ki, Azərbaycan Dillər Universitetində İndoneziya Araşdırmalar Mərkəzi fəaliyyət göstərir. İnşaAllah bu yaxınlarda da İndoneziya Universitetində Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaqdır. 

 

 İndoneziyalıların Azərbaycanın turizm potensialından xəbərləri yoxdur

 

-İndoneziya qədim mədəniyyəti və tarixi ilə məşhurdur. Cənab Səfir, iki ölkə arasında turist əlaqələri nə səviyyədədir?

-Turizm çox yaxşı inkişaf edir. Hər il İndoneziyadan Azərbaycana gələn turistlərin sayı artır. 2015-ci ildə İndoneziyadan olan turistlərin sayı 400-500 nəfər idisə, 2016-2017-ci illərdə bu rəqəm 2 minə yaxındır. İndoneziyalılar səfər etməyi xoşlayırlar. Hər il 7 milyon indoneziyalı Məkkəyə Ümrə ziyarətinə gedirlər. Buraya Həcc ziyarətinə gedənlər daxil deyil. Həmin Ümrə ziyarətindən sonra turistlər öz səyahətlərini Avropa və Amerikada davam etdirirlər. Niyə həmin turistlər Azərbaycanı ziyarət etməsinlər? - Çünki indoneziyalıların Azərbaycanın turizm potensialından xəbərləri yoxdur. Bunun da səbəbi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Cakartada yerləşən səfirliyinin bu sahədə zəyif işləməsidir. Onlar Azərbaycanı İndoneziyada təbliğ və təşviq etmirlər. Mən Azərbaycana Səfir təyin olunarkən vəzifə kimi İndoneziyanı təbliğ və təşviq etmək qoyulub. Media, sosial şəbəkələrin vasitəsi ilə bu işi təşkil etmək çətin deyildir. Azərbaycanın gözəl guşələrini - Şəkini, Qəbələni, Qobustanı, Bakını, Şirvanşahlar sarayını və başqa şəhər və rayonlarını təbliğ etmək lazımdır. Mən özüm İndoneziyada Azərbaycanı təbliğ edirəm. Bunun nəticəsidir ki, indoneziyalı turistlərin sayı artmışdır. Təbiidir ki, 270 milyon indoneziyalını buraya gətirmək mümkün deyil. Lakin hər gün səfərə çıxan 19 min turistdən bir neçəsini Azərbaycana gətirmək mümkündür. Azərbaycanı İndoneziyada tanıtmaq üçün Azərbaycanın ədiblərindən, alimlərindən, tarixindən və mədəniyyətindən danışıram. 

Deyirəm ki, Azərbaycan Xəzərin mirvarisidir, Xəzər Nuh daşqınının qalığıdır. Şeyx Mövlanə İbarhimi, Seyid Yəhya əl-Bakuvini yada salıram.

Şirvanşahlardan, Teymurləngdən, Mirzə Ələkbər Sabirdən danışıram. 

-İndoneziya müsəlman ölkələri arasında aparıcı mövqeyə malikdir. Cənab Səfir, Yaxın Şərqdə, Ukraynada, İspaniyada və Myanmada baş verənlərə rəsmi Cakartanın mövqeyi necədir?

-İndoneziya həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, ən böyük müsəlman ölkəsidir, ən Demokratik Dövlətdir. Bir çox ərəb ölkələri İndoneziyanı nümunə kimi görürlər. Myanmada baş verən hadisələr zamanı İndoneziyanın Xarici İşlər Naziri şəxsən özü oraya səfər etdi, ölkənin siyasi və hərbi rəhbərliyi ilə görüşdü və bu görüşün nəticəsində Myanma öz qapılarını kömək üçün açdı. Türkiyə, İndoneziya və başqa ölkələr oraya kömək göndərdilər. 
Yaxın Şərq deyəndə biz Fələstini görürük. İndoneziya daim Fələstini dəstəkləyib, Qəzzada böyük xəstəxana tikmişdir, çalışır ki, Fələstində İndoneziyanın səfirliyi açılsın və fəaliyyətə başlasın. Biz Fələstini azad görmək istəyirik. İndoneziya Qərb ölkələri ilə müsəlman ölkələri arasında dialoqun rəhbəri kimidir. ABŞ-dan sonra İndoneziya Demokratik qüvvəyə malik ölkədir. Bu gün Qərb ölkələri İndoneziyadan çəkinirlər. Yaxşı bilirlər ki, İndoneziya mərkəzi Asiyanın ən qüdrətli dövləti, regionun aparıcı qüvvəsi ola bilər. BMT-də də İndoneziya öz siyasəti ilə çıxış edir.

Suriya məsələsində onu deyim ki, İndoneziya 8 min nəfərdən ibarət sülhsevər qüvvəsini və 6 gəmisini həmin əraziyə göndərmişdir. Onlar Livanda yerləşiblər və hər an Suriyaya daxil olub sülhün bərpasına kömək etməyə hazırdırlar. 

-Cənab Səfir, diplomatik missiyanızı həyata keçirərkən iki ölkə arasında daha hansı sahələrdə inkişaf görmək istərdiniz?

-Əlbəttə ki, ilk öncə birbaşa hava yolunun açılmasını istərdim. Bu gün İndoneziyadan Azərbaycana ancaq üç marşrutla gəlmək olar-Bakı-Doha-Cakarta, Bakı-İstanbul-Cakarta və yaxud Bakı-Tehran-Kuala-Lumpur-Cakarta. Əlbəttə ki, turist axınının az olması birbaşa hava yolunun açılmasına mane olur. İnşaAllah bu yol açılacaq. 

Mən Azərbaycanın rayonlarına səfər edərkən çox böyük sahələrin boş olaraq yararsız torpaq kimi qaldığını görmüşəm. İndoneziyanın kənd təsərrüfatı sahəsində böyük təcrübəsi vardır. İstərdim ki, bizim təcrübədən Azərbaycanın kənd təsərrüfatı yararlansın və boş sahələr münbit əkin sahələrinə, meyvə bağlarına, yaşıl meşələrə çevrilsin. İndoneziyada orqanik güvrələr istehsalında böyük sənaye potensialı vardır.  

Xəyalə Süleymanqızı