İordaniyanın ölkəmizdəki səfiri: "Regionumuz od-alov içindədir"

Tarix : 2017/11/24 16:49     Kateqoriya : MÜSAHİBƏ    


	İordaniyanın ölkəmizdəki səfiri: "Regionumuz od-alov içindədir"

“Ölkə.Az” saytının əməkdaşı İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nassar İbrahim Habaşnehdən müsahibə götürüb.

Həmin müsahibəni təqdim edirik:

 

 İordaniya Haşimilər Krallığı Azərbaycanın Müstəqilliyini tanıyan ilk ölkələrdən biridir

 


- Cənab Səfir, İordaniya Haşimilər Krallığı və Azərbaycan arasında diplomatik əlaqələrin yaranma tarixindən və bu əlaqələrin bu günündən danışardınız.

- Ölkələrimiz arasında diplomatik əlaqələr Azərbaycan Müstəqillik əldə etdikdən sonra yaranmışdır. İordaniya Haşimilər Krallığı Azərbaycanın Müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. İlk əvvəllər İordaniyanın Türkiyədəki səfiri həm də Azərbaycanda səfir kimi fəaliyyət göstərirdi. 2007-ci ildə Azərbaycanda İordaniya səfirliyi açıldı. Bundan bir il əvvəl 2006-cı ildə İordaniyada Azərbaycan səfirliyi açılmışdı. Həmin dövrdən başlayaraq iki dövlət arasında əlaqələr daha da genişləndi. Qeyd edim ki, bu əlaqələr birbaşa Əlahəzrət Kral II Abdullahın himayəsi altındadır. Əlahəzrət Kral II Abdullah Azərbaycana üç dəfə rəsmi səfər edib. Həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyev iki dəfə İordaniyada rəsmi səfərdə olub. Əlahəzrət Kral II Abdulla ilə cənab Prezident İlham Əliyevi sıx dostluq əlaqələri birləşdirir. Mən Azərbaycanda İordaniyanın ikinci səfiriyəm. Səfirliklərin hər iki ölkədə fəaliyyətə başlaması ölkələrarası əlaqələri daha da sıx etdi, yeni səviyyəyə qaldırdı. Bunun da əsas səbəbi bizim xalqaları birləşdirən din və mədəniyyətdir. Bu müddət ərzində Əlahəzrət Kralın növbəti səfəri zamanı hökumətlərarası müştərək kommissiya yaradıldı. Bu kommissiyanın fəaliyyəti nəticəsində bütün sahələri əhatə edən 35 çərçivə Sazişi imzalanmışdır. Bu çərçivə Sazişləri əsasında yeni Sazişlər və Müqavilələr bağlanacaqdır. İşlər uğurla davam edir. Ticarət əlaqələrinin təməlini qoymuşuq. İlk əvvəllər bu təvazökar addımlar olsa da, hal-hazırda işgüzar xarakter almışdır.

- 1946-cı ildən Müstəqillik qazanmış İordaniya Haşimilər Krallığının keçdiyi tarixi yolu necə xarakterizə edərdiniz?

- İordaniya Dövlətinin yaranışını bir möcüzə adlandırardım. Niyə möcüzə deyirəm? - Bu ərazinin tarixi çox qədimdir. İordaniyanın yerləşdiyi region Osmanlı İmperiyasının tərkibində idi. İordaniya Haşimilər Krallığı bir dövlət kimi 1946-cı ildə təsis olunsa da, 20-ci əsrin əvvəllərindən bir İmarət kimi artıq mövcud idi. İstəməzdim ki, tarixə çox ekskurs edim. Qısaca onu deyim ki, Haşimilər şəcərəsi İordaniyaya gəlməmişdən əvvəl bu ərazilərdə ərəb tayfaları yaşamışlar və Osmanlı İmperiyasının tərkibində idilər. Həmin vaxtlar artıq başqa İmperiyalar Osmanlı Dövlətinə qarşı basqılarını gücləndirmişilər. Birinci dünya müharibəsinin nəticəsində Osmanlı İmperiyası süqut etdi. Haşimilər ailəsi belə qərara gəldi ki, ərazidə yaşayan əhalinin müdafiəsini təşkil etmək üçün bir dövlət təsis etsinlər. İordaniya dövlətinin yaranması həmin vaxtdan başlayıb. Ötən 100 ildə keçilən yol özü bir möcüzədir. Mən burada əhalinin rifahının yüksəlməsini, iqtisadiyyatın güclənməsini deyil, dünya miqyasında, regionda öz sözünü deyə biləcək bir ölkənin yaranmasını nəzərdə tuturam.

İordaniya Haşimilər Krallığının mövcudluğu region üçün bir örnəkdir. Mən burada humanitar məsələni də nəzərdə tuturam.

- Qarşılıqlı rəsmi səfərlər gözlənilirmi, ümumiyyətlə, iki ölkə arasında bağlanmış Sazişlər və onların icrası barədə nə deyə bilərsiniz?

- Rəsmi səfərlər həmişə olmuşdur və davam etməkdədir. Hər il Azərbaycanda keçirilən beynəlxalq konfranslarda İordaniyanın keçmiş Baş nazirlərindən azı 4-5 nəfəri iştirak etmişdir. Bu ilin yaz aylarında İordaniyanın Nümayəndələr Palatasının Sədri və İordaniya Senatının Sədri Azərbaycanda səfərdə oldular. Bu səfərlərin təsiri böyükdür. Çərçivə sazişlərinin imzalanmasına baxmayaraq, onlardan bir çoxu icra olunmayıb. Buna səbəb həm tarixi şərait, həm də iqtisadi imkanların olmaması ilə bağlıdır. Meydana çıxan böhran və münaqişələr bu Sazişlərin icrasını gecikdirir.

Qeyd edim ki, hökumətlərarası müştərək kommissiyanın fəaliyyəti bir neçə ildir ki, dayandırılmışdır. Azərbaycan tərəfinin kommissiyanın növbəti iclasının keçirilməsində israr etsə də, İordaniyaya yaxın ərazilərdə son 6 ildə baş verən hadisələr buna mane olur. Suriyada, İraqda baş verən hərbi münaqişələr, Fələstin probleminin özü çox maneələr yaradıb. Əlbəttə ki, siz bu barədə məlumatlısınız. Regionumuz od-alov içindədir. İordaniya bir çox dost ölkələrlə də bu cür tədbirlərin keçirilməsini dayandırmışdır. Çox şükürlər olsun ki, biz İordaniyanın sabitliyini qoruya bildik. İordaniya bu gün regionun sabit ölkəsidir.

- İordaniya Haşimilər Krallığı Beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyir və Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Cənab Səfir, Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ probleminin həllini necə görürsünüz?

 

Azərbaycanın bütövlüyü və suverenliyi qeyd-şərtsiz tanınır

 

- İordaniya Azərbaycan arasında tam qarşılıqlı anlaşma vardır. İordaniyanın mövqeyi məlumdur - Azərbaycanın bütövlüyü və suverenliyi qeyd-şərtsiz tanınır. Bizim istədiyimiz budur ki, bu münaqişə sülh yolu ilə və tezliklə həll olunsun. Çox istəyirik ki, Azərbaycan xalqı bu münaqişələrdən uzaq olsun. Azərbaycanın bu haqlı mövqeyini ədalətli sayırıq və dəstəkləyirik. Bir çox dövlətlər vardır ki, bu problemi adi problem kimi görürlər və buna göz yumurlar.

Əgər bir çox dövlətlər Azərbaycanı dəstəkləyirsə, bəzi dövlətlər Ermənistanın tərəfini tuturlar. Həmin dövlətlərin bu münaqişənin uzanmasında öz maraqları var. Onlar İslam dövlətlərinin inkişafını istəmirlər. Azərbaycan bizə qardaş ölkədir, bizim də istədiyimiz budur ki, Azərbaycan əmin-amanlıq ölkəsi olsun, öz hüquqlarının sahibi olsun. Bu, Azərbaycanın suveren haqqıdır, artıq beynəlxalq aləm də bunu etiraf edir.

Cənab Prezident İlham Əliyevin mövqeyi dəyişməz sarsılmazdır, o bütün beynəlxalq görüşlərdə Dağlıq Qarabağ problemini qaldırır və bu problemin ədalətli həllinə çağırır. Eyni zamanda cənab Prezident İlham Əliyev Azərbaycanın həm iqtisadi, həm də hərbi qüdrətinin güclənməsinə çalışır. Ümid edirəm ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Dağlıq Qarabağ problemi uğurla nəticələnəcəkdir. Bunun üçün güclü iradə var və güclü dövlət mövcuddur. Azərbaycan xalqının da iradəsi təqdirə layiqdir. Arzu edirəm ki, bu regionda sülh və sabirlik bərpa olunsun.

- Ərazisinin əksər hissəsini səhralıq təşkil edən İordaniya iqtisadiyyatının aparıcı sahələri hansılardır?

- İordaniya ərazisinin üçdə iki hissəsini səhra təşkil edir. Lakin bu İordaniyanın inkişafına mane olmur. Əslində İordaniya kənd təsərrüfatı ölkəsi hesab olunur. Müəyyən dövrdən başlayaraq İordaniya sənayenin inkişafına da diqqət yetirməyə başladı. Bu sahədə İordaniya böyük yüksəlişlərə nail olmuşdur. Qonşularımızdan fərqli olaraq bizim nə neftimiz, nə qazımız var. Biz öz iqtisadiyyatımızı şaxələndirməyə başladıq. İordaniyanın müəyyən təbii sərvətləri vardır. Belə ki, İordaniya fosfat və kalium (potaş) ixrac edən ölkələr arasında mühüm mövqe tutur. Son vaxtlar ölkədə Uranın böyük ehtiyatları da kəşf olunmuşdur.

İordaniya zəngin ölkədir və hakimiyyətin də iradəsi budur ki, bu zənginlik ölkənin və xalqın rifahının yüksəlməsinə xidmət etsin. Allah-Taala bizə bir böyük nemət də bəkş edib - Bu da turizmdir.

- İordaniyanın tarixi abidələri, xüsusi ilə Petropol dünyaca məşhur turizm məkanıdır. Azərbaycan da turizmin inkişafına böyük diqqət yetirir. Ölkələrimiz arasında turizm mübadiləsi Sizi qane edirmi?

- Turizm mübadiləsinin səviyyəsi bizi qane edəcək səviyyədə deyil. Bunun bir neçə səbəbi vardır. Bizim hökumətlərarası münasibətlərimizin tarixi çox qısadır. Xalqlarımız bir-birini çox yaxından tanımır və məlumatları da azdır. Lakin tanışlıq başlamışdır. Bu səbəblərdən biri də ölkələr arasında birbaşa aviareyslərin olmamasıdır. Turizm iqtisadiyyatın aparıcı sahəsidir. Bir səfirlik kimi bizim öhdəmizə düşən vəzifə ölkələrimizdə olan turizm şirkətlərini bir-birimizə yönəltmək, praktiki işə keçməkdir. Bir neçə il əvvəl Azərbaycan neft və qaz ixracatçısı kimi tanınırdısa, son iki il ərzində turizm ölkəsinə çevrilib.

Bizdə Petra varsa da, sizdə petrol-neft və qaz var. Petra çoxdan bütün dünyada məşhurdursa, sizin ölkənizin də görməli yerləri çoxdur. Turist mübadilələrinin artması üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqələr yaradılır. Ötən ay İordaniyadan Azərbaycana turizm şirkətlərinin rəhbərlərinin də daxil olduğu 45 nəfərlik nümayəndə heyəti səfər etdi. Onlar Azərbaycanın görməli yerləri ilə tanış olub çox məmnun qaldılar. Ümid edirik ki, bu səfərin və görüşlərin nəticələri yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

Azərbaycana Körfəz ölkələrindən turist axını çoxdur. Ümid edirəm ki, İordaniyadan Azərbaycana və Azərbaycandan İordaniyaya turist axını başlayacaq. Səfir olaraq çalışıram ki, ölkəmi tanıtmaq üçün görüşlərimin sayını artırım. Mədəniyyət Mərkəzinin açılmasına çalışıram. İnanıram ki, planlarımız hər iki ölkə üçün xeyirli olacaqdır. İnşaallah!

- Cənab Səfir, coğrafi cəhətdən uzaq olan İordaniya Haşimilər Krallığı ilə Azərbaycan arasında iqtisadi, ticari əlaqələrin səviyyəsi Sizi qane edirmi?

- Əlbəttə ki, iqtisadi və ticari əlaqələrin səviyyəsi bizi qane etmir. Rəqabət çox güclüdür. Azərbaycanın Rusiya, Turkiyə və Avropa ölkələri ilə ticari əlaqələri daha əvvəldən yaranıb. İordaniya da bu siyahıya daxil olmağa çalışır. Əlbəttə ki, biz müəyyən sahədə rəqabətə girə bilərik. İordaniyada tibbi xidmət yüksək səviyyədədir. Xüsusi ilə müalicəvi turizm sahəsində müvəffəqiyyətlərimiz vardır.

- UNESCO-nun məlumatına əsasən təhsil sistemində gender bərabərliyinin təmin edilməsinə görə İordaniya 94 ölkə arasında 18-ci yerdə qərarlaşmışdır. Səhiyyəsinin də yüksək səviyyəsi ilə öyünə bilən İordaniya və Azərbaycan arasında təhsil, səhiyyə və mədəni mübadilə necədir?

- İordaniyanın Təhsil Nazirliyi Azərbaycan Universitetləri ilə əlaqələr yaratmaqda maraqlıdır və Azərbaycanın bu sahədə təcrübəsini öyrənir. Hər iki ölkə arasında diplomların tanınması barədə təhsil nazirlikləri arasında əlaqələr yaradılmışdır. İordaniyada diplomların tanınması üçün müəyyən standartlar mövcuddur. Qeyd edim ki, İordaniyada yüksək təhsil verən Universitetlər vardır. Azərbaycanda da həmçinin. Tələbə mübadiləsinə maneə olan səbəblərdən biri də təhsildəki dil məsələsidir. Azərbaycanda təhsil azərbaycanca, İordaniyada ərəbcə aparıldığından tələbə mübadiləsinin çoxalmasına maneə yaradır. Buna baxmayaraq, bir çox azərbaycanlı tələbələr İordaniyada təhsil alıb Vətənə qayıtmış və təhsilini davam etdirən tələbələr də vardır.

Azərbaycanın Tibb Universitetində və Memarlıq və İnşaat Universitetində iordaniyalı tələbələr təhsil alırlar.

- İordaniya Haşimilər Krallığı müsəlman ölkələri arasında aparıcı mövqeyə malikdir. Cənab Səfir, Yaxın Şərqdə, xüsusi ilə, Sizin qonşu Suriyada və Myammada baş verənlərə rəsmi Əmmannın mövqeyi necədir?

- Suriyada baş verənlər birbaşa bizə təsir edir. Suriyadakı münaqişənin nəticəsində İordaniya sənayesi böyük ziyanlara məruz qalıb. Bizə qonşu olan ölkələrdə - Suriyada və İraqda baş verən münaqişələr bizim bütün quru yollarımızı bağlamışdır. Bütün ticari əlaqələr bir dəniz limanı - Akaba limanı vasitəsilə həyata keçirildiyindən iqtisadiyyatımız böyük zərərlə üzləşib. Artan xərclər büdcəyə ziyan vurur. Lakin, bu yeganə problem deyil. İordaniya iqtisadiyyatının üzərinə düşən ən ağır yük Suriyadan və İraqdan son 6-8 ildə gələn qaçqınlardır. Suriyadan 1 milyon yarım, İraqdan 500 min qaçqın qəbul etmişik. Fələstin problemi yarandığı gündən İordaniyaya pənah gətirən minlərlə fələstinli qaçqını da nəzərə alsaq İordaniyanın qəbul etdiyi qaçqınların ümumi sayı öz əhalisinin 3/1 hissəsini təşkil edir. Suriya problemi yarandığı gündən qonşu Türkiyə bundan da çox qaçqın qəbul etsə də, əhalisinin sayına nisbətində azdır. Türkiyə həm qüdrətli iqtisadiyyata, həm də əhali sayına görə İordaniyadan böyükdür. Hətta bütün Avropa İordaniyanın qəbul etdiyi qaçqınların yükünü götürmək qabiliyyətində deyil. Biz nəyimiz varsa, onu qaçqınlarla bölüşürük. Qaçqınlar problemi iqtisadiyyatımızın son illərdə zəifləməsinə səbəb olmuşdur. Lakin, biz Allaha şükür edirik ki, ayaq üstə dura və ölkəmizidəki sabitliyi və əmin-amanlığı təmin edə bilmişik. Bizim Suriyaya olan mövqeyimiz başa düşüləndir. Suriyada və İraqda baş verənlər İordaniyanı təcrid halına salmışdır. İstəyimiz budur ki, bütün bu münaqişələr tezliklə sülhlə başa çatsın. İordaniya dövləti bu sahədə balanslı siyasət yeridir.

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən görüşlərin nəticəsində qəbul olunacaq qərarlar bizim tərəfdən dəstəklənəcək, İordaniyanın Suriyanın cənubunda nisbi sakitlik yaranmasına dair Rusiya və ABŞ-la razılaşması vardır və İordaniya Haşimilər Krallığı Rusiya və ABŞ-ın Suriyada yeritdikləri siyasəti dəstəkləyir.

- Cənab Səfir, diplomatik missiyanızı həyata keçirərkən iki ölkə arasında daha hansı sahələrdə inkişaf görmək istərdiniz?

- Hər iki ölkə arasında əlaqələr Dövlət başçılarının şəxsi nəzarətindədir və bunun nəticəsində ölkələr arasındakı əlaqələr davamlı inkişafdadır. Cənab Prezident İlham Əliyevlə keçirdiyimiz hər bir görüşdə onun tərəfindən göstərilən mehribanlığı və səmimiyyəti müşahidə edirik.

Səfir kimi istərdim ki, mədəniyyət sahəsində əlaqələrimiz daha çox inkişaf etsin.

Çox istərdim ki, ətrafımızda olan münaqişələr tezliklə sülh yolu ilə həll olunsun və bizim ölkələr arasında əlaqələr daha yüksək səviyyələrə qalxsın.

Hər iki tərəf hal-hazırda Bakı və Əmman arasında birbaşa aviareyslərin açılması üzərində işləyir. Bu aviareyslərin açılması ilə bütün məsələlərin həlli mümkün olacaqdır.

Söhbətləşdi: Xəyalə Süleymanqızı