Macarıstanın ölkəmizdəki səfiri: “Azərbaycan Avropanın strateji istiqaməti olmalıdır”

Tarix : 2017/11/30 19:13     Kateqoriya : MÜSAHİBƏ    


	Macarıstanın ölkəmizdəki səfiri: “Azərbaycan Avropanın strateji istiqaməti olmalıdır”

“Ölkə.Az” saytının əməkdaşı Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Cənab Viktor Sederkenyi ilə müsahibə edib.

Həmin müsahibəni təqdim edirik:

 

 “Avropaya Azərbaycanla sıx əlaqədə olmaq lazımdır”

 

-Qədim Türk xalqı Azərbaycan və Hunn ölkəsi olan Macarıstan arasında tarixi əlaqələr mövcuddur. Cənab Səfir, xalqlarımız arasındakı tarixi əlaqələri necə xarakterizə edərdiniz və müasir dövrümüzdə bu əlaqələrin inkişafı barədə danışardınız.

-Hərçənd ki, diplomatlar elmi məsələlərə toxunmamalıdırlar. Həqiqətən də biz macarlar, elə siz azərbaycanlılar da hunları bizim tarixi əcdadlarımız hesab edirik. Belə bir fikir var ki, biz macarların azərbaycanlıların türk kökləri ilə bir çox oxşarlıqlarımız vardır.  Bu oxşarlıqlar adətlərimizdə, dilimizdə özünü göstərir. Bir çox sözlərimiz eynidir. Biz bununla fəxr edirik və əcdadlarımızın adət-ənənələrini qoruyub saxlayırıq. Bütün bunlar bu gün bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olmasına kömək edir. 

-Macarıstan Azərbaycana dost ölkədir və siyasi əlaqələrimizin yüksək səviyyədə olması buna bariz nümunədir. Azərbaycanda Macarıstan haqqında həmişə xoş təəssüratlar olub. Sizcə bunun səbəbi tarixi əlaqələrdir, yoxsa başqa səbəblər var?

-Əlbəttə, ümumi tarixi köklərimiz Azərbaycanla bu günkü əlaqələrimizin vacib faktorudur. Ancaq bu günkü çağırışları da nəzərə almaq lazımdır. Bizim hökümət  7 il əvvəl Şərqin açılışı “çağırışı” elan etdi və bu çağırışda Azərbaycan strateji istiqamətdir. 2014-cü ildə Prezident İlham Əliyev rəsmi görüşə gələndə biz birlikdə Strateji Müttəfiqlik Deklarasiyası qəbul etdik. Həmin dövrdən başlayaraq bizim əlaqələr yüksələn xətlə inkişaf edir, rəsmilərin görüşləri aktivləşib, parlament üzvlərinin, işgüzar dairələrin, mədəniyyət nümayəndələrinin görüşlərində də artım var. Eyni zamanda mədəni əlaqələr yenilənib. 

2016-cı ilin martında bizim baş nazir Azərbaycana səfər edib. Bu zaman yeni iqtisadi müqavilələr imzalandı və gələcəkdə görüləcək yeni layihələrin istiqaməti göstərildi. Azərbaycan bu istiqamətdə də bizim strateji müttəfiqimizdir.

-Dövlət və hökumət başçılarının görüşləri göstərir ki, bizim ölkələr arasında əlaqələr inkişaf edir. Cənab səfir, sizcə ölkələrimiz arasında iqtisadi, siyasi və humanitar sahədə inkişafı artırmaq üçün daha nələr etmək olar?

-Qeyd etdiyim kimi, bizim əlaqələr yüksək səviyyədə və çox möhkəm əsas üzərində qurulub. Təkcə xarici İşlər nazirləri bu il ərzində 4 dəfə görüş keçiriblər. Bu görüşlər həm Budapeştdə, həm də beynəlxalq tədbirlərdə baş tutub. Bu ilin mart ayında Bakıda "Macar Mədəniyyəti Günləri" keçirildi, minlərlə insan bu tədbirlərdə iştrak etdi. 

Təhsil sahəsində yüksək nailiyyətlərimiz var, xeyli azərbaycanlı tələbə Macarıstan Universitetlərində təhsil alır.

Bizim ölkələr arasında heç bir anlaşılmazlıq yoxdur və əlaqələrimizin hüquqi bazası möhkəmdir. Hökumətlərarası İqtisadi Komissiya müvəffəqiyyətlə fəaliyyət göstərir. Deyim ki, bu komissiyanın bizim tərəfdən həmsədrləri hökumət nazirləridir ki, bizim hökumətdə bu çox nadir haldır. Ancaq strateji müttəfiqlərimizlə belə nümayəndəlik təyin olunur. Bu faktın özü Macarıstanın Azərbaycana olan yüksək diqqətinin təzahürüdür. 

Budapeşt və Bakı arasında birbaşa hava reysi var və  bu da bizim əlaqələrin daha möhkəm olmasına kömək edir, vətəndaşların bizim ölkəyə səyahətini asanlaşdırır, turizmin inkişafına da böyük dəstək göstərir. Bakıda "Macarıstan Ticarət Evi" fəaliyyət göstərir. Bizdə olan məlumata görə, tezliklə Azərbaycanın da ticarət nümayəndəliyi Budapeştdə fəaliyyətə  başlayacaq.

Qeyd edim ki, ölkələrimiz arasındakı ticarət dövriyyəsi bizi qane etmir. Bu bizim nə siyasi, nə də iqtisadi əlaqələrimizi əks etdirmir. Həmin istiqamətdə qarşımızda böyük işlər durur.

-Macarıstan Azərbaycan-Ermənistan arasında olan Dağlıq Qarabağ probleminin həqiqətlərinin dünyaya çatdırılmasında böyük töhfələr verdi. Bir diplomat kimi siz bu problemin həllini necə görürsünüz?

-Bu sualınıza mənim cavabım çox qısa olacaq. Macarıstan bu problemin yarandığı gündən münasibətini bildirib. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində  sülh yolu ilə həll olunmalıdır. 

-Azərbaycanın Avropa ilə əlaqələrinin genişlənməsində Macarıstan xüsusi yerdədir. Avropa İttifaqına və Avroatlantik Məkana inteqrasiya məsələsində Macarıstanın rəsmi Bakıya dəstəyi nə dərəcədədir?

-Macarıstan Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin gücləndirilməsində xüsusi ilə maraqlıdır. Hazırda Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında müttəfiqlik müqaviləsi haqqında danışıqlar gedir. Biz bu danışıqları hər cür təqdir edirik və hesab edirik ki, Azərbaycanla sıx əlaqədə olmaq Avropaya lazımdır. Avropaya Azərbaycanla energetika və rabitə, həmçinin ticarət sahəsində əlaqələr xüsusi ilə lazımdır. Hesab edirik ki, Azərbaycan Avropanın strateji istiqaməti olmalıdır. 

-Cənab səfir, Macarıstan Azərbaycan iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağa maraqlıdır?

-Azərbaycan iqtisadiyyatının bir çox sahələrinə bizim marağımız var. Bütün imkanları nəzərdən keçiririk. Macarıstanda faydalı qazıntı  xammalı yoxdur. Lakin, iqtisadiyyatın bəzi sahələrində bizim böyük təcrübəmiz və texnologiya sahəsində böyük nailiyyətlərimiz vardır. Diqqətimizi iqtisadiyyatımızda böyük nailiyyətlər əldə etdiyimiz istiqamətlərə yönəltmişik. Bu istiqamətlər farmakologiya, kənd təsərrüfatı məhsullarının qablaşdırılması və tikinti sahələridir. Yeni istiqamətlərdən biri də informasiya texnologiyaları sahəsdir. Ticari əlaqələrdən tutmuş, birgə layihələrin inkişafına maraqlıyıq. Misal olaraq, Xızı rayonunda bizim "Ekzim Bank"ın krediti ilə böyük istilik kompleksi tikilir. Bundan başqa Macarıstanın "Su-Kanal Korporasiyası" sizin "AZƏRSU" ilə sıx əməkdaşlıq edir. 

-Tələbə mübadiləsi Sizi qane edirmi və bu mübadilənin artırılması üçün hansı addımların atılmasını planlaşdırırsınız?

-Əlaqələrin bu istiqaməti son illər çox yüksək şəkildə inkişaf edir. Bu ildən başlayaraq Macarıstan azərbaycanlı tələbələr üçün 200 nəfərlik təqaüd təsis edib. Bu kiçik rəqəm deyil. Biz Azərbayacanın təhsil müəssisələri ilə də əlaqələrdə maraqlıyıq: xüsusi ilə türkologiya və ölkəşünaslıq ixtisasları üzrə. Keçmişimizdən bizə qalan nəailiyyətləri öyrənmək bizim gələcəyimiz üçün  lazımdır və bu istiqamətdə görüləcək işlər çoxdur. Azərbaycan Dillər Universitetində uzun illərdir macarıstanlı rektor macar dilini tədris edir. 

-Cənab səfir, rəsmi Budapeştin bu gün regionda baş verən həqbi münaqişələrə mövqeyi necədir?

-Hökumətimizin regionda baş verən münaqişələrə münasibəti birmənalıdır-dövlətlərin ərazi bütövlüyü təmin edilməli və bütün mübahisələrin sülh yolu ilə həll edilməlidir. Bu münaqişələr regionda böyük narahatçılıq yaradır və ölkələrin iqtisadiyyatına mənfi təsir edir. 

-Cənab səfir, diplomatik missiyanızı həyata keçirərkən iki ölkə arasında daha hansı sahələrdə inkişaf görmək istərdiniz?

-Macarıstanın Azərbaycandakı səfiri kimi mənim bəxtim onda gətirib ki, ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədədir və mən çalışacağam ki, əlaqələr bu səviyyədə davam etsin və daha da inkişaf etsin. Diqqətimi  iqtisadi inkişafın daha da yüksəlməsinə yönəldəcəm. Mədəni əlaqələrin daha sıx olmasına çalışacam, vətəndaşlarımız arasında daha sıx əlaqələrin yaranmasına və turist mübadiləsinin artımına çalışacam. Sizdə də, bizdə də, yüksəksəviyyəli kurort sahələri var.

Mən Azərbaycana cəmisi 2 aydır ki, təyin olunmuşam və bütün planlarım 4 ilə hesablanıb. Azərbaycanın müxtəlif rayonlarını görmək, onların iqtisadi potensialı ilə yaxından tanış olmaq istəyirəm. Bizim müvafiq regionlarla əlaqələrin yaranmasına çalışacağam. 

Əlbəttə ki, insanlarla və Azərbaycanın mədəniyyət nümayəndələri ilə əlaqələrin artmasına da çalışacağam. Planlar var, onları həyata keçirmək məsələsi var.

Söhbətləşdi: Xəyalə Süleymanqızı