Meksikanın ölkəmizdəki Səfiri: “Bu günkü tələbələr mənim ölkəmi yaxşı tanısınlar”

Tarix : 2017/11/30 16:49     Kateqoriya : MÜSAHİBƏ    


	Meksikanın ölkəmizdəki Səfiri: “Bu günkü tələbələr mənim ölkəmi yaxşı tanısınlar”

“Ölkə.Az” saytının əməkdaşı Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri sənab Xuan Rodriqo Labardini Flores ilə müsahibə edib.

Həmin müsahibəni təqdim edirik:

 

 

“Dağlıq Qarabağ problemi BMT-ın Təhlükəsizlik Şurasının 4 Qətnaməsi çərçivəsində həllini tapmalıdır”

 

 -Cənab səfir, Meksika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranma tarixindən və bu əlaqələrin dünənindən, bu günündən danışardınız.

– Meksika ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyi tamam olur. 1991-ci ildə Meksika Azərbaycanın Müstəqilliyini tanıyıb, bir il sonra isə, yəni 1992-ci ildə diplomatik əlaqələr qurulub.  Diplomatik əlaqələrin yaranmasından bir neçə il sonra hər iki ölkədə səfirlik fəaliyyətə başladı.

2007-ci ildə Azərbaycanın Meksikada səfirliyi açıldı. Azərbaycanın ilk səfiri 2009-cu ildə Mexikoda fəaliyyətə başladı. Ardıcıl olaraq Meksika 2014-cü ildə öz səfirliyini Bakıda açdı və ilk səfir olaraq mən 2015-ci ildə fəaliyyətə başladım. Əlbəttə ki, səfirliklərin açılması diplomatik əlaqələrin güclənməsinə təkan verdi. Bu inkişaf təkcə diplomatiyada yox, həm də ticarət əlaqələrində özünü göstərdi. Onu da qeyd edim ki, 1993-cü ildən başlayaraq 2015-ci ilə qədər ölkələrimiz arasında ticarət dövriyyəsinin orta illik göstəricisi 1,5 milyon ABŞ dollar təşkil edirdi. 2015-ci ildə ikitərəfli ticarət 22 milyon ABŞ dolları, 2016-cı ildə isə 21 milyon ABŞ dolları təşkil edib. Bu rəqəmləri mən Meksikanın statistik idarəsinin göstəricilərindən götürmüşəm. 2016-cı ildə Azərbaycan Meksikadan 50 adda məhsul idxal etmişdir ki, bu da Azərbaycanın Meksikanı daha yaxşı tanımağa başladığını sübut edir. Bu məhsulların qiyməti 2-3 min ABŞ dolları arasında olsa da, sübut edir ki, Azərbaycan Meksika məhsullarına maraq göstərir, onları sınaqdan və təcrübədən keçirir. Əgər həmin məhsullar Azərbaycan tərəfini qane etsə, ticarət daha da genişlənər.

 Cənab səfir, məhsullar Azərbaycana hansı yolla gətirilir?

– İkitərəfli ticarətin 50 faizi üçüncü ölkələr vasitəsilə həyata keçirilir. Məhsullar dəniz yolu ilə Meksikadan Almaniya və Dubay limanlarına çatdırılır.

Hava nəqliyyatı ilə baha başa gəlir. Nəzərə almaq lazımdır ki, ölkələrimiz arasında məsafə 12 min km təşkil edir. Bu səbəbdən daşınmalar dəniz yolu daha əlverişlidir.

Bu il meksikalı istehsalçılar Azərbaycana təşrif buyurmuşdular. Azərbaycanlı iş adamları ilə görüşlər keçirildi. Qarşılıqlı tanışlıq nəticəsində öz məhsullarını təqdim etdilər. Həmin görüş rəsmilər tərəfindən də müşayiət olundu.

Nəhayət bu il Azərbaycanda keçirilən "World Food" sərgisində şəxsi təşəbbüsümüzlə bir neçə Meksika məhsulunu müvəffəqiyyətlə təqdim etdik.

Həmçinin ölkələr arasında olan inkişaf özünü turizm sahəsində də göstərir. Belə ki, 2014-2016-cı illər ərzində turizm mübadiləsinin səviyyəsi üçqat artıb.

 Qarşılıqlı rəsmi səfərlər gözlənilirmi, ümumiyyətlə, bağlanmış sazişlər və onların icrası barədə nə deyə bilərsiniz?

Sualınıza cavab olaraq qeyd edim ki, ölkələrimiz arasında həmişə siyasi məsləhətləşmələr aparılıb. 2016-cı ildə siyasi məsləhətləşmələrin ikinci mərhələsi baş tutdu. Deyə bilərəm ki, gələn rəsmi görüşlər, eyni zamanda, Mexiko şəhərində siyasi məsləhətləşmələrin üçüncü raundunun keçirilməsi gözlənilir.

Azərbaycanın "AZPROMO" şirkəti ilə Meksikanın "PROMEXİKO" şirkəti arasında əlaqələr var və gələn il Meksika şirkətinin baş direktorunun Bakıya səfəri gözlənilir.

Bundan başqa rəsmilərin görüşləri üçüncü ölkələrdə beynəlxalq tədbirlər çərçivəsində də keçirilir. Bir sıra rəsmi görüşlərin Nyu-York şəhərində baş tutması gözlənilir. Meksikanın Neft İnstitutunun baş direktorunun Bakıya səfəri planlaşdırılır.

Bu ilin oktyabr ayında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrini əhatə edən hökümətlərarası saziş imzalanıb. Bu saziş adıçəkilən sahələr üzrə ikitərəfli əlaqələrə böyük bir töhfədir. Bir sıra digər hüquqi sənədlərin hazırlanması prosesindəyik. Bu sıraya gömrük sahəsi də daxildir ki, bu da ticarətin artmasına zəmin yaradır. Başqa bir sənəd isə icmaların fəaliyyəti ilə bağlıdır, ölkələrimizdə yaşayan həmvətənlərimizlə bağlı məsələləri həll edəcəkdir.

Ölkələrimiz arasında idman sahəsində də irəliləyişlər vardır. Azərbaycanın boks, taekvando üzrə yığmaları Meksikada məşqlər keçiriblər. Dünya birinciliklərindən əvvəl bu cür məşqlər keçirilib. Qeyd edim ki, Mexiko şəhəri dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşdiyi üçün, bu, idmançılar üçün çox əlverişli sayılır. Bakıda keçirilən Dünya Şahmat Yarışmasında meksikalı şahmatçılar da iştirak etdilər.

 Meksika beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyir və Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Cənab Səfir, Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ probleminin həllini necə görürsünüz?

– Mən bu fikri hər dəfə deyirəm ki, Dağlıq Qarabağ problemi BMT-ın Təhlükəsizlik Şurasının 4 Qətnaməsi çərçivəsində, beynəlxalq hüququn ruhunda, Minsk Qrupunun fəaliyyəti ilə sülh yolu ilə həll edilməlidir. Uzun müddət davam edən bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Münaqişənin uzanması bizi narahat edir.

 Coğrafi cəhətdən uzaq olan Meksika ilə Azərbaycan arasında iqtisadi, ticari əlaqələr sizi qane edirmi?

– Ticari əlaqələr barədə onu deyim ki, bu əlaqələrin genişlənməsi üçün böyük potensial var. Ümumiyyətlə, ölkələrimiz arasında ticari əlaqələr də artan xətt üzrə inkişaf edir.

Bu gün Meksikanın ümumdaxili məhsulu 1,3 trilyon ABŞ dolları təşkil edir. Xarici ticarətin dövriyyəsi 800 milyard dollardır. Bu da o deməkdir ki, hər dəqiqə 1,5 milyon dollarlıq ticarət həyata keçirilir.

– Sovetlər dövründə Meksika kinematoqrafiyasının nümunələri ekranlarda tez-tez nümayiş olunurdu. Meksika incəsənətinin nümunələri sərgilərdə göstərilirdi. Bu gün bu nümunələri Azərbaycanın yeni nəslinə təqdim etmək, yenidən bu əlaqələri bərpa etmək istərdinizmi? Cənab səfir, ümumiyyətlə, ölkələrimiz arasında təhsil, səhiyyə və mədəni sahələrdə mübadilə necədir?

– Meksika səfirliyinin əsas vəzifələrindən biri xalqlarımız arasında mədəni əlaqələrin gücləndirilməsidir. Bu sırada rəssamlıq və heykəltaraşlıq sərgiləri təşkil olunub. Səfirlik təkcə Bakı üçün deyil, bütün Azərbaycan üçün səfirlikdir. Qeyd etdiyim rəssamlıq sərgiləri Bakıdan əlavə Azərbaycanın daha dörd şəhərində nümayiş olunub. Meksika kinematoqrafiya nümunələrinə gəldikdə deyim ki, bu ay biz “Ölülər Günü”nü qeyd etdik və bu bayramla bağlı qısametrajlı filmi bir neçə dəfə nümayiş etdirdik. Ondan öncə "Avropa Tolerantlıq Festivalı" çərçivəsində Meksikada yaşayan bir ailənin qeyri-adi xəstəlik nəticəsində yaşadıqları dramı əks etdirən bir sənədli filmi də nümayiş etdirdik.

Bundan başqa bu ilin dekabr ayında bir sıra universitetlərdə Meksika filmlərinin nümayişini planlaşdırırıq. Mənim üçün ən vacib odur ki, bu günkü tələbələr mənim ölkəmi yaxşı tanısınlar. Çünki onlar ölkənin sabahıdırlar.

Film festivallarına gəldikdə deyim ki, gələn il üçün bir neçə layihəmiz vardır ki, o layihələrin Latın Amerikası ölkələrinin səfirlikləri ilə birlikdə reallaşması gözlənilir.

Mədəni əlaqələrin təşviqi çərçivəsində biz yaradıcı insanlarla əlaqələr yaradırıq. Birinci “Daş Simpoziumu” çərçivəsində meksikalı heykəltaraş Xavyer Astorqa Bakıya gəldi və onun yaratdığı fiqur “Sevirəm” parkında nümayiş olunur. Bundan başqa dünya şöhrətli heykəltəraş Xorxe Marinin 10 əsəri Heydər Əliyev Mərkəzində 11 ay nümayiş olundu. Bu sərgini 350 mindən çox insan ziyarət etdi. Onu da qeyd edim ki, əvvəlcədən 6 aya nəzərdə tutulmuş sərginin müddəti sonradan uzadılaraq 11 aya çatdırıldı. Bu da bir daha sübut edir ki, meksikalı heykəltaraşın işlərinə maraq böyük olub. Qeyd edim ki, bu heykəllərin hər birinin hündürlüyü 2 metrdən, çəkisi isə 3 tondan çox idi. Bu sərgi o qədər şöhrət tapmışdı ki, hətta yeni evlənən cütlüklər məhşur “Qanadlarla” şəkil çəkdirməyə maraq göstərirdilər.

 Cənab səfir, iki ölkə arasında təhsil mübadiləsi necədir?

– Meksikanın bir neçə Universitetində Qafqaz Regionşünaslığı tədris olunur. Həmin Universitetlər Azərbaycan Universitetləri ilə əməkdaşlığa maraqlıdırlar ki, bu əməkdaşlığı təmin etmək üçün hüquqi baza hazırlanır. Xüsusilə də turizm sahəsində təhsil verən Universitetlər arasında əməkdaşlığa maraq böyükdür.

Tələbə mübadiləsi barədə onu deyə bilərəm ki, 2 meksikalı tələbə ADA Universitetində təhsillərini bitirib ölkəmizə qayıdıblar. Bir tələbə təhsilini davam etdirir. Meksikada isə bir azərbaycanlı tələbə tibb sahəsində təhsil alır. Qarşılıqlı maraq ilbəil artır.

 Azərbaycan Xəzər dənizində neft çıxaran ilk ölkədir. Bizim Neft Daşları dünyada məşhurdur. Meksika da Meksika Körfəzində neft çıxaran böyük ölkədir. Cənab Səfir, bizim neftçilərlə Meksikanın neft mütəxəssisləri arasında əlaqələr necədir?

– Qeyd etdiyim kimi, iki ölkənin neft mütəxəssisləri arasında sıx əlaqələr vardır. Meksikanın neft mütəxəssisləri Azərbaycana gəlmişdilər. SOCAR, Neft və Sənaye Universiteti və Ali Neft məktəbinin mütəxəssisləri ilə görüşlər keçirildi. Həmin görüşlərdə məni ən çox təəccübləndirən o oldu ki, fərqli dillərdə danışan Meksika və Azərbaycan nümayəndlərinin ünsiyyət qurduqları bir dil var idi, o da neft və əməkdaşlıq dili idi. Əlbəttə ki, həllini gözləyən bir çox məsələlər var. Lakin təməl qoyulub, işlər davam edir.

– Dünya ölkələri arasında sahəsinə görə 13-cü, əhalisinə görə 11-ci yerdə qərarlaşan ispan dilli ölkə olan Meksika iqtisadiyyatının aparıcı sahələri hansılardır?

– Meksika iqtisadiyyatının aparıcı sahələrindən biri elektronikadır, məhz buna görə ölkə dünyada düzekranlı televizor və ikiqapılı soyuducuların istehsalı üzrə birinci yerdədir. Elektronikanın yüksək inkişafı avtomobil istehsalçılarını buraya cəlb edib. Dünyanın 19 ən böyük avtomobil markasının zavodları Meksikada 2016-cı ildə 4 milyon avtomobil istehsal ediblər.

Meksikanın kənd təsərrüfatı da yüksək nailiyyətlər qazanıb. Dünya bazarına çıxarılan hər üç avokadodan biri Meksika istehsalıdır. Bu sırada həmçinin manqo, papaya, pomidor və limon kimi məhsulları misal göstərmək olar. Dünya bazarında tuna balığı, qarpız, portağal şirəsi, kakao və digər məhsulların ixracı üzrə Meksika ikinci yerdə qərarlaşıb. Bu siyahını daha da artırmaq olar. Onu demək istəyirəm ki, Meksika kənd təsərrüfatı sahəsində də qabaqcıl ölkələrdən biridir.

Meksika iqtisadiyyatının aparıcı sahələrindən biri olan turizm ümumdaxili məhsulun 10%-ni təşkil edir. 2016-cı ildə Meksikaya 35 milyon turist səfər edib. 2017-ci ildə bu rəqəmin 37 milyona çatacağı gözlənilir. Azərbaycandan olan turistlər adətən qrup halında ölkəni ziyarət edir və uzunmüddətli səfərə çıxırlar. Meksikanın gəzməli və görməli yerləri çoxdur.

 Cənab səfir, diplomatik missiyanızı həyata keçirərkən iki ölkə arasında daha hansı sahələrdə inkişaf görmək istərdiniz?

– Diplomatik fəaliyyətim dövründə hər iki ölkənin xalqları arasında daha sıx tanışlıq yaratmaq mənim üçün vacib vəzifədir. Ölkələrimiz arasında 12 min kilometrlik məsafənin olması əngəl yaratmır, əksinə, əməkdaşlıq üçün böyük potensialın olduğunu göstərir. Bu əməkdaşlıq əlaqələrinin inkişafı hər iki ölkənin rifahına xidmət edəcək. Mexiko ilə Bakı şəhərləri arasında birbaşa uçuş xətti mövcud deyil, lakin hər iki ölkəyə üçüncü şəhərlər vasitəsilə səyahət etmək mümkündür. Mexiko şəhərində fəaliyyət göstərən hava limanı il ərzində 50 milyon sərnişinə xidmət göstərir. Yeni tikilən hava limanı isə 120 milyon sərnişinə xidmət etməklə yeni imkanlar yaradacaq.

 

Söhbətləşdi: Xəyalə Süleymanqızı