Qətər Əmirliyi Milli Gününü qeyd edir

Tarix : 2017/12/14 20:11     Kateqoriya : MƏDƏNİYYƏT    


	Qətər Əmirliyi Milli Gününü qeyd edir

Qətər Dövlətinin Azərbaycandakı səfirliyi ölkənin Milli Günü münasibəti ilə rəsmi qəbul təşkil etdi.

Tədbirdə iştirak edən “Ölkə.Az” saytının əməkdaşının verdiyi məlumata görə, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Səfir Yusif bin Həsən əl-Saai Qətərlə Azərbaycan arasındakı əlaqələrdən söz açdı.

Səfir bildirdi ki, Qətər Dövləti ilə Azərbaycan arasında bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edirik.

Səfir qeyd etdi ki, Milli Gün 18 dekabr 1878-ci ildə Qətər Dövlətinin Banisi, Şeyx Casim bin Məhəmməd Al Tani tərəfindən yaradılması münasibətilə qeyd edilir və bu Bayram Qətərin yaranma tarixini, irsini və bu dövlət qurularkən əsaslandığı ali məqsədləri və ümidləri təcəssüm etdirir.

Azərbaycan hökuməti adından Qətər xalqını təbrik edən çıxış edən Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirdi ki, ötən 46 il ərzində uğurlu inkişaf yolu keçən Qətər Dövləti dünya birliyinin bir çox regional və qlobal problemlərin həllində kostruktiv rol oynayan, beynəlxalq münasibətlərdə ədalətli mövqe nümayiş etdirən, güclü iqtisadiyyata malik layiqli bir üzvünə çevrilib. Azərbaycanla Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə toxunan K.Heydərov qeyd etdi ki, bu dostluq münasibətlərin əsası ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə – 1994-cü ildə diplomatik əlaqələrin qurulması ilə qoyulub. Yüksək səviyyəli qarşılıqlı səfərlər bu əlaqələrin daha da genişləndirilməsini təmin edir. 

Qeyd edək ki, tədbir hələ davam edir.

Xəyalə Süleymanqızı