Elmar Məmmədyarov Qazaxıstanın səfirini qəbul edib

Tarix : 2017/12/30 17:45     Kateqoriya : SİYASƏT    


	Elmar Məmmədyarov Qazaxıstanın səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevi qəbul edib 

XİN-dən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Qazaxıstan xalqları arasında əlaqələrin ortaq tarixi, etnik və mədəni köklərə əsaslandığı qeyd olunaraq, iki ölkənin liderləri arasında səmimi dostluğun və yüksək səviyyəli dialoqun ölkələrimiz arasında tərəfdaşlığın hərtərəfli inkişafına mühüm təkan verdiyi qeyd olundu. Bu əsnada Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevin Azərbaycana səfərinin və səfər çərçivəsində imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında xüsusi əhəmiyyəti diqqətə çatdırıldı.


Bu il Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu və bu çərçivədə yüksək səviyyədə qarşılıqlı təbrik məktublarının mübadiləsi, Qazaxıstanda və Azərbaycanda müxtəlif tədbirlərin keçirilməsi məmnuniyyətlə nəzərdən keçirildi.


Hökumətlərarası birgə komissiyanın ölkələrimiz arasında iqtisadi-ticarət, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın hərtərəfli inkişafında və qarşılıqlı faydalı birgə layihələrin müəyyən edilməsində mühüm rol oynadığı və komissiyanın bu il məhsuldar iclasının keçirildiyi vurğulandı.


Görüşdə Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətinə toxunuldu və bu çərçivədə Azərbaycan və Qazaxıstanın əməkdaşlığı təqdir edildi. Həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.


Görüşdə Səfir Qazaxıstan Respublikasının Azərbaycan Respublikası ilə diplomatik münasibətlərinin qurulmasının 25 illiyi və ikitərəfli münasibətlərin inkişafında göstərdiyi xidmətlərinə görə, Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevin fərmanı ilə Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun təltif edildiyi “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyi” medalını təqdim etdi.


Nazir Elmar Məmmədyarov bu təltifat münasibətilə dərin təkkürünü və ehtiramını ifadə etdi.