DTX: Beynəlxalq axtarışa verilən kibercinayətkar qrupun üzvlərindən biri Azərbaycana ekstradisiya edilib

Tarix : 2017/12/30 15:29     Kateqoriya : ARAŞDIRMA    


	DTX: Beynəlxalq axtarışa verilən kibercinayətkar qrupun üzvlərindən biri Azərbaycana ekstradisiya edilib

Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkə banklarının kompüter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə 3 milyon manatdan artıq vəsaitin oğurlanması faktı üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən bildiriblər ki, Cinayət Məcəlləsinin 177.3.2-ci və 273.4-cü maddələri ilə aparılan cinayət işi üzrə ifşa edilmiş beynəlxalq kibercinayətkar qrupun üzvü, xarici ölkə vətəndaşı Petroviçi Sergey Aksentiyeviç beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində saxlanılaraq 2017-ci il dekabrın 30-da Azərbaycan Respublikasına ekstradisiya olunub.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kommersiya banklarına qarşı analoji kiberhücumların baş verdiyi tərəfdaş dövlətlərin hüquq mühafizə orqanlarına müəyyən edilən faktlarla bağlı zəruri hüquqi yardım göstərilir. /AZƏRTAC/