Niderlandın ölkəmizdəki səfiri: "Azərbaycanda investisiya şərtləri daha da yaxşılaşdırılmalıdır"

 

Tarix : 2018/01/28 13:50     Kateqoriya : MÜSAHİBƏ    


	Niderlandın ölkəmizdəki səfiri: "Azərbaycanda investisiya şərtləri daha da yaxşılaşdırılmalıdır"

	 

Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Onno Kerversin "Ölkə.Az" xəbər portalına müsahibəsini təqdim edirik.

- Niderland Krallığı Azərbaycanın müstəqilliyini tanıyan dövlətlərdəndir. Cənab səfir, diplomatik əlaqələrin qurulduğu vaxtdan və indiyə qədər olan dövrdə münasibətlərin inkişaf dinamikasını necə dəyərləndirərdiniz?

-Niderland Azərbaycan ilə diplomatik əlaqələri 1992-ci ildə qurdu və 2009-cu ildə Bakıda səfirliyini açdı. O vaxtdan bəri bizim əlaqələrimiz genişlənib və dərinləşib. İndi isə siyasi, iqtisadi, ticarət, demokratiya və insan haqları kimi sahələrdə diplomatik fəaliyyətimizi davam etdiririk.

-Qarşılıqlı rəsmi səfərlər gözlənilirmi, ümumiyyətlə, iki ölkə arasında bağlanmış sazişlər və onların icrası barədə nə deyə bilərsiniz?

-Dövlətlər arasında ikitərəfli əlaqələr dərinləşdikcə son illər ərzində bir sıra əhəmiyyətli görüşlər baş tutub və əminik ki, belə görüşlər gələcəkdə də davam edəcək. 2017-ci ilin sonlarında Hollandiyada yeni hökumət qurğulduğu üçün beynəlxalq rəsmi səfərlər ilə bağlı planlaşdırma hələ davam edir. Məmnuniyyətlə qeyd edə bilərik ki, fevralın əvvəlində Azərbaycan xarici işlər nazirliyinin rəsmi nümayəndə heyəti Haaqada Niderlandın XİN əməkdaşları ilə görüşəcək. Bundan sonra, biz bu ilin may ayında holland senator Rene van der Lindenin "Xəzər Kənd Təsərrüfatı Sərgisi"ndə iştirak etmək üçün Bakıya səfəri daxil olmaqla, ticarət məqsədli görüşlərin baş tutacağını da gözləyirik.

Ölkələrimiz arasında bir sıra Anlaşma Memorandumu vardır və nümunə kimi biz su və infrastruktur sahəsində əməkdaşlığı göstərə bilərik. Həmçinin ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlər də mövcuddur və ötən il Azərbaycan Respublikasının xidməti pasport sahiblərinə münasibətdə viza tələbinin aradan qaldırılması üzrə ikitərəfli sazişlər da imzalanıb.

- Niderland Avropa İttifaqına ilk qoşulan dövlətlərdəndir. Azərbaycanın Avropa İttifaqına inteqrasiyasına Niderlandın münasibəti məlumdur. Azərbaycan "Şərq Tərəfdaşlığı"na daxil olan ölkələrdən də biridir. Rəsmi Amsterdamın münasibəti necədir, ümumiyyətlə bu partnyorluq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək ola bilərmi?

- Mənim ölkəm "Şərq Tərəfdaşlığı"nı dəstəkləyir, çünki bu tərəfdaşlıq Aİ və üzvləri və ŞT ölkələri arasında daha yaxın əlaqələrin qurulmasına yardım göstərəcək. Ötən il təşkil edilən ŞT sammitində “2020 üçün 20 hədəf” proqramı təsdiq edilib ki, proqramın məqsədi ŞT ölkələrindən olan insanları Aİ-ə cəlb etməkdir. Bu sivil cəmiyyət, yerli və beynəlxalq səviyyədə yeni iş imkanları, gənclər və təhsil imkanların artırılması, mədəniyyət kimi sahələrdə həyata keçirilməlidir. Bu kimi pozitiv fəaliyyət özünü yalnız mövcud münaqişələrin sülh yolu ilə həllində göstərə bilər.

-Niderland dəniz ölkəsi olaraq böyük müvəffəqiyyətlər qazanıb. Dəniz tikintisi, gəmiqayırma sənayesi yüksək inkişaf edib. Bundan başqa Niderland çiçəklər ölkəsi də sayılır. Niderland iqtisadiyyatının bugünkü yüksək səviyyəyə çatması yollarından danışardınız.

-Əsrlər boyunca Niderland əlverişli coğrafi mövqedə - Reyn və Maas kimi Avropanın aparıcı çaylarının deltasında yerləşməsindən və həm regional həm də beynəlxalq ticarət üçün imkanlar yaradan dənizlərə çıxışından yararlanıb. Ticarətin ən yaxşı halda inkişafının sülh və əmin-amanlıq şəraitində mümkünlüyünü nəzərə alsaq, sülh və əmin-amanlığın təbliği hər zaman bizim beynəlxalq siyasətimizin açarı olub. Eyni zamanda biz anladıq ki, yalnız texniki nou-hoular və innovasiyalar sayəsində iqtisadiyyatı inkişaf etdirmək mümkündür. Buna görə də gəmiqayırma sənayesi və gülçülüyün inkişafı ilə yanaşı biz bu üsuldan həmçinin birinci dərəcəli logistikaya malik olmaq üçün istifadə elədik və bu gün biz avtomobil, dəmir yolu, dəniz yolu və ya hava yolu vasitəsilə istənilən yükləri asanlıqla daşıya bilirik.

-Azərbaycan postneft dövründən sonra qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirir və farmakologiya sənayesinin inkişafı üçün Bakı yaxınlığında böyük sənaye parkı tikilir. Niderland iş adamlarının bu sahəyə investisiya yatırmaq planları varmı, ümumiyyətlə qarşılıqlı investisiyalar düşünülürmü?

-Niderlandda şirkətlər istər neft, istərsə də qeyri-neft sektorunda iqtisadi əməkdaşlıq, ticarət və investisiyaların yatırılmasında olduqca maraqlıdırlar. Hələ ki, farmakoloji sektora investisiya yatırılması ilə bağlı hər hansı konkret plan olmasa da, sənaye parkına gəldikdə "Fluor Engineering" şirkətinin Hollandiya filialı "Sumqayıt Sənaye Parkı"nda inşa olunan ARDNŞ Polimer zavodunun tikintisi layihəsində layihənin idarə edilməsi üzrə podratçı qismində iştirak edir. Xarici investisiya cəlb edilməsi üçün Azərbaycanın real bazar iqtisadiyyatına keçidinin bir hissəsi olaraq Azərbaycanda investisiya şərtləri daha da yaxşılaşdırılmalıdır.

-Bir çox ölkələrin hökumətləri ilə Azərbaycan hökuməti arasında müştərək iqtisadi komissiyalar fəaliyyət göstərir. Niderland və Azərbaycan arasında belə komissiya yaradılıbmı və ehtiyac varmı?

-Hələ ki, Azərbaycan və Niderland arasında belə bir komissiya yoxdur. Məndə belə bir təəssürat var ki, holland şirkətləri Azərbaycan bazarına yol tapa bilərlər. Lakin sözsüz ki, yanıla da bilərəm!

-Cənab səfir, Azərbaycanla Niderland arasında ticari-iqtisadi əlaqələr necədir və sizi qane edirmi?

-Düşünürəm ki, bizim iqtisadi münasibətlərimiz əla səviyyədədir. Ənənəvi olaraq Holland şirkətləri Azərbaycanda enerji, su resurslarının idarə olunması, ətraf mühitin mühafizəsi, limanların inkişafı, neft-kimya, gəmiqayırma, logistika və təhsil kimi sahələrdə fəaldırlar. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsində prioritetin kənd təsərrüfatına verilməsi faktı Niderlandın dünyanın ikinci qida ixracatçısı olması və dünyanın ən inkişaf etmiş kənd təsərrüfatı sahəsinə malik ölkələrdən biri olması ilə əlaqəlidir. Bizim Azərbaycanla kənd təsərrüfatı sahəsindəki əməkdaşlığımız inkişaf edir və digər sahələrlə yanaşı bağçılıq, toxumçuluq, istixana və istixana texnologiyası, süd məhsulları, quşçuluq və ət istehsalı sahələrində də ticarət və investisiya yatırımlarına başlanılıb.

Ticarət və investisiyaların təbliği mənim əsas öhdəliklərimdən olduğundan, belə tez bununla kifayətlənmək olmaz. Düşünürəm ki, ölkələrimiz arasında ikitərəfli ticarət həcmini artırmaq mümkündür və bunun üçün daha çox investisiyalar cəlb etmək lazımdır. Buna görə də Azərbaycanın real bazar iqtisadiyyatına keçidinin bir hissəsi olaraq Azərbaycanda investisiya şərtləri yaxşılaşdırılmalıdır.

-İki ölkə arasında birbaşa aviareyslər varmı və iki ölkə arasında ticari əlaqələr hansı yolla həyata keçirilir? 

-Hal-hazırda iki ölkə arasında birbaşa sərnişin reysləri yoxdur. Lakin bununla belə "Silk Way" aviaşirkəti Bakı və "Maastricht" hava limanı arasında birbaşa yükdaşımalar həyata keçirilir.

-Avropa terrorizmlə üz-üzədir. Niderlanda qonşu olan Fransa və Belçikada da terrorlar böyük insan tələfatına səbəb oldu. Niderland Krallığında terrorla mübarizə necə aparılır?

-Buna qısa cavab verməyə çalışacam, çünki, biz terrorizmlə bir çox yollarla mübarizə aparırıq. Biz Niderlandda mümkün hədəfləri qoruyur, radikallaşdırmanın qarşısını almağa və ya onu aşkar etməyə çalışır, terror, terror aktlarına hazırlıq və terrorist qruplaşmalara üzvlüyün qarşısını alırıq. Biz həmçinin terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparır və mümkün terror aktı törədə biləcək şəxsləri izləyirik. Beynəlxalq aləmdə isə biz Avropa İttifaqı çərçivəsində və Avropalı tərəfdaşlarımızla, həmçinin Birləşmiş Millətlər Təşkilatı çərçivəsində və üçüncü ölkələrlə ikitərəfli əməkdaşlıq edirik. Holland hərbi qüvvələri ölkə xaricində hərbi əməliyyatlarda terrorizmə qarşı mübarizə aparır: “biz ISAF/Əfqanıstanda çox aktivik və hal-hazırda İraqda İŞİD –lə mübarizə yardım etmək üçün təlim missiyasına cəlb olunmuşuq. Bizim hərbi missiyamızda müdafiə, inkişaf və silahsızlaşdırma yanaşmamızın prinsipləri əsas rol oynayır”.

- Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayıb. Bu istiqamətdə Niderland ilə əməkdaşlıq qane edicidirmi?

-Həqiqətən də "Cənub Qaz Dəhlizi" Avropada enerji təhlükəsizliyi üçün əhəmiyyətlidir. Biz şimal-qərbi Avropada yerləşdiyimiz üçün CQD-nə qoşula bilmirik, buna görə də bizim bu layihədə birbaşa əməkdaşlığımız mümkün deyil. Bütün bunlara baxmayaraq, biz Azərbaycan, Aİ və bir sıra Aİ-na üzv dövlətlər arasındakı enerji sahəsində əməkdaşlığa açıq dəstək veririk.

-İkinci dünya müharibəsi zamanı Niderland işğal olundu. Niderland xalqının azadlıq mübarizəsində azərbaycanlı Məmməd Məmmədov adlı bizim həmvətənimiz də iştirak edib. Bilirəm ki, onun xatirəsi Niderlandda əziz tutulur. Cənab səfir, Niderland və Azərbaycan arasında mədəni əlaqələr necədir, ümumiyyətlə iki ölkənin ərazisində Mədəniyyət Mərkəzləri varmı?

-Bəli, “Medo” ləqəbli Məmməd Məmmədovu mənim ölkəmdə yaxşı xatırlayırlar. Xüsusilə də onun ikinci dünya müharibəsində "Holland Müqavimət Hərəkatı"nın üzvləri ilə birlikdə mübarizə apardığı Oistervijk şəhərində hər kəs onu tanıyır və hər il 4 may anım günündə o və yoldaşları yad edilir. Onun xatirəsi 2008-2015-ci illərdə Haaqa şəhərində Azərbaycan səfirliyinə çalışan azərbaycanlı diplomat Elxan Ələsgərov tərəfindən yazılan “İtkin Zaman” kitabında da yad edilib.

Biz mədəniyyət sahəsində əməkdaşlığa böyük önəm veririk, çünki belə əməkdaşlıq müxtəlif ölkələrdən, sivilizasiya və dinlərdən olan insanlara bir-birlərinin mədəniyyətini anlamağa yardım göstərir və buna görə də o, millətlər və sivilizasiyalar arasında körpü yolunu oynaya bilər. Bizim Azərbaycanda Mədəniyyət Mərkəzimiz olmasa da səfirliyimiz imkan daxilində bu sahədə aktivik və mədəni tədbirlərin keçirilməsinə yardımımızı göstəririk. Buna misal olaraq, "Bakı Caz Festivalı"nda holland musiqiçilərinin iştirakı, holland bədii və sənədli filmlərinin nümayişi və gender bərabərliyinin vurğulandığı teatr tamaşalarının təşkilini nümayiş etdirmək olar.

-Dünyada baş verən vətəndaş müharibəsinə rəsmi Amsterdamın münasibəti necədir?

-Niderland milli və beynəlxalq aləmdə silahlı münaqişələrin sülh yolu ilə həllinə dair BMT Nizamnaməsində əksini tapan beynəlxalq hüquq prinsiplərinin dəstəkləyicisidir. Vətəndaş müharibəsi ilə bölünmüş ölkələr anlamalıdır ki, münaqişələrin həlli hərbi yolla deyil, yalnız sülh yolu ilə mümkündür və bütün tərəflər sülh və əmin-amanlıq şəraitində yaşamalıdırlar.

-Cənab səfir, diplomatik missiyanızı həyata keçirərkən iki ölkə arasında daha hansı sahələrdə inkişaf görmək istərdiniz?

-İnanıram ki, iki ölkə arasında əlaqələr əla səviyyədədir, lakin bununla belə bu əlaqələri daha da yaxşılaşdırmaq üçün imkanlar var, ona görə də ümid edirəm ki, müsahibəmin əvvəlində qeyd etdiyim diplomatik fəaliyyətin hər bir sahəsində əməkdaşlıq daha da güclənəcək!

Xəyalə Süleymanqızı