Kosta-Rika səfiri: "İnsan haqlarına hörmət etmək vacibdir"

Tarix : 2018/01/30 08:21     Kateqoriya : MÜSAHİBƏ    


	Kosta-Rika səfiri: "İnsan haqlarına hörmət etmək vacibdir"

Kosta-Rika ərazi baxımından kiçik, lakin, sülhsevər bir ölkə olaraq yaddaşlarda qalmağı bacarır. Azərbaycanda səfirliyini yenicə açmış bu ölkənin səfirinin ölkələrimiz arasında münasibətləri daha da sıx etmək iddiası müsahibəmizə maraq yaratdı. Söhbətimizi tərcüməçi Afaq Əzizovanın iştirakı ilə apardıq.


Kosta-Rikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xayro Lopes Bolanyosun "Ölkə.Az" xəbər portalına müsahibəsini təqdim edirik:

- Cənab səfir, ölkənizlə Azərbaycan arasında diplomatik münasibətlərin tarixindən danışardınız.

-Qeyd etmək istərdim ki, bizim ölkələrin xarici işlər nazirlərinin görüşlərində səfirliyin açılmasının vacibliyi qeyd olunub. Səfirliyimiz bu görüşlərin nəticəsində açıldı. Bir çox ölkələr Avropanın və Amerikanın böyük dövlətləri ilə əlaqələri gücləndirməkdə gələcək inkişaflarını görürlər. Lakin biz Cənubi Qafqazdakı inkişafı görərək Bakıda səfirlik açmaq qərarına gəldik. Ümid edirəm ki, səfirliyin açılması təkcə diplomatik əlaqələri yox,ticari əlaqələri də gücləndirəcək. Kosta-Rikanın səfirliyinin açılması ilk addımdır. Bu yaxınlarda da Azərbaycanın səfirliyi Kosta-Rikada açılacaq. Bu da hər iki ölkə arasındakı əlaqələri gücləndirəcək. 

-Azərbaycanın müstəqilliyini tanıyan Kosta-Rikanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə münasibəti necədir?

-Hazırkı dövürdə bu problemlə əlaqədar xarici işlər nazirimizin fikrini bildirirəm: “Kosta-Rika Azərbaycanın ərazi bütövlüyünü və suveren hüququnu tanıyır və münaqişənin beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə həllinin tərəfdarıyıq”.

Kosta-Rika Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və BMT TŞ-nın qətnamələrinə riayət edilməsinin tərəfdarıdır. 

Kosta-Rika dinc ölkədir və Dağlıq Qarabağ məsələsi həssasdır. Bizim silahlı qüvvələrimiz yoxdur, biz beynəlxalq hüquqa BMT TŞ-nın nizamnaməsinə və BMT TŞ-nın qətnamələrinə riayət edilməsinə inanırıq. Buna görə də dünyadakı bütün münaqişələrin sülh yolu ilə həllini dəstəkləyirik. Dağlıq Qarabağ münaqişəsi də istisna deyil. Bütün dünyada sülh olmasını istəyirik. Problemlər danışıq yolu ilə həll olunmalıdır. 

- Cənab səfir, Dövlət başçılarının rəsmi səfərləri gözlənilirmi, bağlanmış Sazişlər və onların icrası barədə nə deyə bilərsiniz?

-Azərbaycanın xarici işlər naziri bir neçə dəfə Kosta-Rikaya səfər edib. Bir neçə ay bundan əvvəl isə Kosta-Rikanın xarici işlər naziri Bakıda səfərdə olub və səfirliyin açılışda şəxsən iştirak edib. Daha əvvəl də xarici işlər nazirimiz bir neçə dəfə də Bakıda olub. Bakının gözəlliyi, ona göstərilən diqqən onu heyran etmişdi və bu barədə böyük həyacanla danışırdı. Çox mümkündür ki, yaxın gələcəkdə Kosta-Rikanın prezidenti Azərbaycana, Azərbaycanın prezidentinin də Kosta-Rikaya səfəri baş tutsun. Hal-hazırda Kosta-Rika seçkilər ərəfəsindədir. Bu ilin fevralın 4-də prezident seçkiləri olacaq. Çox güman ki, may ayında hökumət seçilsin. Hazırkı prezidentin Bakıya səfərini çox arzu edirəm. Çünki bu səfirliyin Bakıda açılmasında prezidentin adı çox böyük əməyi oldu. May ayından sonra isə yeni seçilmiş prezidentin Azərbaycana gəlişi ola bilər.

- Kosta-Rikada müxtəlif dinlərin daşıyıcıları yaşayır. Cənab səfir, tolerantlıq çətin deyil ki?

-Bu sualınızla çox maraqlı məqama toxundunuz. Belə ki, Kosta-Rika konstitusiyası ilə bir din təsdiq olunsa da, bu gün bu çox da önəmli deyil. Kosta- Rikada bütün dinlərə etiqad edən vətəndaşlar yaşayırlar. Bu keçmişdən qalan bir tələbdir. İnsanların hansı dinə etiqad edəcəkləri şəxsi bir məsələdir. Bu gün Kosta-Rikada bütün vətəndaşlar xoşbəxt yaşayırlar. Bir-birinə hörmət etmək vətəndaşlarımızın adətidir. Kosta-Rikada belə bir deyim var ki, süfrə arxasında siyasətdən və dindən danışmazlar. Çünki nə qədər bəhs olunsa da heç vaxt ortaq məxrəcə gəlinmir. Hər bir insanın daxilində bir inam var. İnsan haqlarına hörmət etmək vacibdir. Kosta-Rika xalqı başqa dinlərə etiqad edənlərə hörmətlə yanaşır.

-Coğrafi cəhətdən ərazicə uzaq olan Kosta-Rika Azərbaycanda hansı sahələrə maraqlıdır və sərmayə yatırmağı düşünür?

-Məsafədən danışarkən deməliyəm ki, bu günkü zəmanədə məsafə məhfumu ikinci planda qalır. Azərbaycan və Kosta-Rika arasında ortaq maraqlar var. Məsafə olsa belə bu maraqlar üstündürlər. Bu sırada ticari maraqlar üstünlük təşkil edir. Kosta-Rika Azərbaycanı Qafqaza açılan bir qapı kimi nəzərdə tutur. Kosta-Rika Latın Amerikasına açılan bir qapı kimi Azərbaycanı da maraqlandıra bilər. 

-İki ölkə arasında birbaşa aviareyslərin olmaması ticari əlaqələrə təsir göstərirmi?

-Bəli, birbaşa aviareyslər yoxdur. Bu gün bu mümkün deyil. Böyük dövlətlər arasında aviareyslər var və həmin dövlətlərdən Kosta-Rikaya uçuşlar həyata keçirilir. Ancaq aviareyslərin olmaması ticari əlaqələrə mane olmur. Bu gün Avropanın bir çox ölkələrində Kosta-Rikaya birbaşa uçuşlar var. Bu uçuşlar turist axınını gücləndirir. 

-Cənab səfir, Azərbaycanla Kosta-Rika arasında təhsil mübadiləsi sizi qane edirmi?

-Hazırda ölkələrimiz arasında təhsil mübadiləsi ilə bağlı müqavilə imzalanmışdır. Qeyd edim ki, Kosta-Rika hal-hazırda ispan dilinin öyrənilməsi üçün ABŞ vətandaşları üçün bir nömrəli istiqamətdir. Azərbaycan vətəndaşları üçün də Kosta-Rika ispan dilinin öyrənilməsi və tədrisi üçün gözəl ölkədir. İspan dilinin öyrənilməsi təkcə dilçilik üçün deyil, başqa elm sahələrinin də öyrənilməsi üçün önəm ola bilər. 

-Kosta-Rika turizm sahəsində ixtisaslaşmış ölkələrdən biridir. Azərbaycanda da turizm sahəsinə maraq artmışdır. İki ölkə arasında turist mübadiləsi hansı səviyyədədir?

-Hər bir ölkənin iqtisadiyyatında sənayenin bir istiqaməti inkişaf edib. Kosta-Rikada bu turizm sahəsidir. Turizm təkcə paytaxtda yox, regionlarda da inkişaf edib. Bu sahədə olan təcrübəmizlə Azərbaycanla bölüşə bilərik. Eləcə də Azərbaycanda neft-qaz sənayesi yüksək inkişaf edib. Bizim ölkə bu sahədə Azərbaycandan çox yararlana bilər.

Azərbaycan xarici işlər nazirinin Kosta-Rikaya səfərləri nəticəsində müqavilə imzalanmışdır ki, xidməti və diplomatik pasportu olan vətəndaşlar hər iki ölkəyə vizasız səfər etmək imkanındadırlar. Ümid edirəm ki, gələcəkdə bu turistlərə də şamil olunacaq, hər iki ölkənin vətəndaşlarının səyahətlərini daha da asan edəcək.

-Kosta-Rika iqtisadiyyatının aparıcı sahələri hansılardır?

-Turizm iqtisadiyyatımızda üstünlük təşkil edir. Lakin başqa sahələr də inkişaf etmişdir. 1997-ci ildə İNTEL şirkəti Kosta-Rikada Yüksək Texnologiyalar zavodunu açmaq qərarına gəldi. 1998-ci ildən həmin zavod fəaliyyət göstərir. Yüksək texnologiyalar sahəsinin inkişafı nəticəsində ABŞ şirkətləri öz filiallarını ölkəmizdə açıblar. Bundan başqa Kosta-Rika kənd təsərrüfatı məhsulları ilə də məşhurdur. Bir çox ölkələrə turopik bitkilər-banan, ananas, kofe ixrac edir. Bu məhsullar həm kəmiyyət, həm də keyfiyyətcə yüksək səviyyədədirlər. 

-İki ölkə ərazisində Mədəniyyət mərkəzləri varmı?

-Hal-hazırda bu Mərkəzlər yoxdur. Lakin artan əlaqələrimiz nəticəsində bunun da mümkün olacağına ümid edirəm. 

-Cənab səfir, diplomatik missiyanızı həyata keçirərkən iki ölkə arasında daha hansı sahələrdə inkişaf görmək istərdiniz? 

-Mən əlbəttə ki, bütün sahələrdə inkişaf görmək istərdim. Lakin ilk əvvəl hazırda mümkün olan turizm sahəsidir. Şəxsən mənim təəssüratım belədir ki, təkcə Bakı yox, regionların da potensialı yüksəkdir. Azərbaycanın da çimərlik turizmini artırmağa imkanları genişdir. Ümid edirəm ki, Kosta-Rikanın təcrübəsi Azərbaycan üçün də gərəkli olacaq. 

Xəyalə Süleymanqızı