Çexiyanın Azərbaycandakı Səfiri: "AZAL-ın biznes siyasətini başa düşürük"

Tarix : 2018/01/30 14:17     Kateqoriya : MÜSAHİBƏ    


	Çexiyanın Azərbaycandakı Səfiri: "AZAL-ın biznes siyasətini başa düşürük"

Çex Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanın "Ölkə.Az" xəbər portalına müsahibəsini təqdim edirik.

Söhbətimizin 2018-ci ilin başlanğıcında olduğunu nəzərə alaraq mənim xalqım üçün faciəli olan 8 rəqəminə tarixi bir baxış edək. 2018-ci il Çexoslovakiya dövlətinin yaranmasının 100 illiyi qeyd olunacaq. Bu qədər müddət də Azərbaycan Demokratik Respublikasının yaranması vaxtından keçir. Bununla belə çexlər faciəli olan avqust hadisələri nəticəsində Varşava müqaviləsi ölkələrinin qoşunlarının ölkəmizə müdaxiləsinin 50 illiyini də yada salırlar. Həmin hadisələr kommunist rejiminin humanistləşməsi cəhdinə qarşı olan bir müdaxilə idi. Həmin hadisələr bizim hər iki xalqımızı yaxınlaşdırır. Belə ki, həmin müdaxiləyə oxşar hadisə nəticəsində Azərbaycan xalqı 1990-cı ilin yanvarında faciə yaşadı.

 Faciəli 8 rəqəmi mənim ölkəmin tarixində 1948-ci ilin “Qələbə fevralı” adı altında da yad edilir. Belə ki, həmin vaxt Çexoslovakiyada hakimiyyəti kommunistlər ələ keçirdilər və 50 il müddətinə ölkəni Şərq düşərgəsinin bir hissəsinə çevirdilər. 

Növbəti faciəli 8 rəqəmi ölkəmizin tarixində 1938-ci ildə özünü biruzə verdi ki, məlum Münhen müqaviləsinin bağlanması nəticəsində ölkəmizin ərazisinin 1/3 hissəsini itirdi. Keçmiş tarixi yol və 1989-cu ilin “Məxməri inqilabı” nəticəsində ölkəmiz demokratik bir hakimiyyət və bazar iqtisadiyyatı qurmaq nəticəsində Avropa İttifaqının və NATO-nun üzv ölkəsinə çevirdi. Bu iki təşkilatda üzvülük bizim gələcəkdə heç bir hərbi müdaxiləyə məruz qalacağımıza və ya siyasi bir oyuncağa çevrilməyəcəyimizə təminat verir. Bu baxımdan 2018-ci ilə biz ümidlə baxırıq. 

-Azərbaycanla Çex Respublikası arasındakı münasibətləri necə xarakterizə edərdiniz?

-Çexiya ilə Azərbaycan arasındakı münasibətləri xarakterizə edərkən mən həmişə deyirəm ki, Azərbaycan bizə yaxın ölkədir. Təkcə ona görə yox ki, 2015-ci ildə Çexiya və Azərbaycan prezidentlərinin imzaladıqları strateji müttəfiqlik haqqında memorandum var, həm də ona görə ki, bizim xalqların keçdiyi tarixi yol çox oxşardır. 

Bizim ölkələr arasındakı münasibətlərimiz iqtisadi sahədə də inkişaf edir. Çexiya hər il Azərbaycanla bir milyarddan dollardan artıq neft idxal edir. Bu çox yaxşı göstəricidir. Onu da deyim ki, bu nefti emal etmək üçün Çexiyada xüsusi bir zavod var. Bu gün inamla demək olar ki, Çexiyada hər üç avtomobildən biri Azərbaycan neftindən alınmış benzinlə işləyir. Bizim qarşılıqlı münasibətlərimiz təkcə neftlə bitmir. Bu münasibətlərin yüksək olduğunu bir fakt təsdiq edir ki, bu da investisiya qoyuluşu miqdarına görə Çexiya 9-cu yerdədir. Xüsusi ilə qeyd etmək istərdim ki, bu investisiyalar strateji layihələrə qoyulmuşdur ki, bunların sırasında da bu yaxınlarda açılmış Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizidir.

Bu günə qədər çoxlarına az məlum olan faktdır ki, bu layihənin Azərbaycan hissəsinin tikintisini Çexiya şirkəti olan “Moraviya Stil” aparır və dəmir yol yatağının bir çox komponentləri Çexiyanın "Trijenes" metallurgiya zavodunda istehsal olunub. Bizim bu lahiyədə iştirakımızı "Çexiya Dövlət Eksport Bankı" və "EQAP" dövlət sığorta şirkəti maliyyələşdirir. 

Azərbaycanla müştərək iştirakımız nəticəsində Azərbaycan tərəfi özünü etibarlı və icraçı tərəf kimi göstərib. Çex biznesmenləri Şərqi Avropa ölkələrində buna bənzər layihələrdə iştirak ediblər. Ancaq Azərbaycan tərəfi öz öhdəliklərini tam və vaxtında icra edən tərəfdaş kimi göstərib.

Əgər əvvəllər Azərbaycan və Çexiya arasında neft, infrastrukturu və nəqliyyat sahəsində münasibətlər var idisə, bu ildən başlayaraq çex biznesmenləri Azərbaycan hökuməti tərəfindən yaradılan Azad İqtisadi Zonalara maraq göstərməyə başlayıblar. Mənə məlumdur ki, bir neçə çex şirkətləri ilə Azərbaycan hökuməti arasında bu barədə də danışıqlar gedir. Bu şirkətlərin adlarını kommersiya sirri olduğu üçün deyə bilmərəm. Təkcə onu qeyd edim ki, bu şirkətlər qeyri-neft sektorunda fəaliyyət göstərirlər. Əgər 10 il əvvələ, hətta 5 il əvvələ nəzər salsaq Azərbaycanla Çexiya arasında olan ticari münasibətlər sırf neftlə bağlı idisə də, hal-hazırda sevindirici haldır ki, Azərbaycan investisiyaları da Çexiyaya yönəlib. Götürək elə turizm sahəsini. Hamıya məlumdur ki, Çexiya özünün kurortları ilə məşhurdur. Bu gün Çexiyanın 3 kurort şəhərində-Karlovı Varı, Frantişkovı Lazne, Marianski Lazne şəhərlərində azərbaycanlı biznesmenlər otel və başqa obyektlər tikirlər. Bunlardan başqa azərbaycanlı investorlar Praqa və Bırıno şəhərlərində ticarət mərkəzlər inşa edirlər. Bütün bu tikilənlər Çexiya iqtisadiyyatına xidmət edəcəklər. 

Turizm sahəsinə gəldikdə deməliyəm ki, bu sahədə müvəffəqiyyətlərimiz olsa da qarşıda böyük bir məsələnin həlli var-Praqada Azərbaycan səfirliyi ilə birlikdə çexlər üçün Azərbaycanı tanıtmaq. Bizim turistlər aktiv istirahət növünü sevirlər. Onlar bir yerdə vaxtlarını keçirmək istəmirlər, bir-iki gün Bakıda qaldıqdan sonra regionlarda da olmaq istəyirlər. Mən Azərbaycanın bir çox regionlarında olmuşam, xüsusi ilə qeyd edim ki, sizin dağlar məni məftun edib. Burada şair Vladimir Vısotskinin “dağlardan gözəl gəzmədiyin dağlardır” sözləri yadıma düşür. 

-İndi hansı layihələr üzərində işlədiyinizi deyə bilərsinizmi?

-Yuxarıda qeyd etdiyim kimi 2018-ci il ölkələrimizin tarixində xüsusi yer tutur. Ölkələrimiz Müstəqillik əldə etməyinin 100 illiyini qeyd edəcək. Bununla əlaqədar səfirliyimiz çex və azərbaycanlı tarixçilərin iştirakı ilə bu yubiley ilə əlaqədar elmi tədqiqat işləri aparırlar və bu layihənin rəhbəri mənim müavinim Pyotr Vaqnerdir. Bu tədqiqat əsəri Çex-Azərbaycan münasibətlərinin qədim kökləri olduğunu göstərir. Ümid edirik ki, bu layihə yubiley ilinə bir töhvə kimi kitab şəklində çap olunacaq. 

-Çex Respublikasının Dağlıq Qarabağ münaqişəsinə münasibəti məlumdur. Bu münaqişənin həlli yollarını rəsmi Praqa necə görür?

-Bizim münasibətimiz dəyişməzdir və yaxşı məlumdur-biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyirik və Çex Respublikası bu münaqişənin həllini sülh yolunda görür. 

-Cənab səfir, bu yubiley ilində rəsmi şəxslərin qarşılıqlı görüşləri gözlənilirmi?

-Ötən ilin oktyabrıda bizim ölkədə parlament seçkiləri keçirildi. Bu günə qədər hökumət formalaşmayıb. Bu ilin 25, 26 yanvarında prezident seçkiləri keçirildi. Hökumət formalaşdıqdan sonra mən sizin bu sualınıza cavab verə biləcəm. 

-Ölkələrimiz arasında iqtisadi əlaqələrdən danışdınız. Bu əlaqələrin səviyyəsi sizi qane edirmi?

-Əgər ölkələrimizin yaxın keçmişdəki tarixinə nəzər salsaq, biz bir sosialist düşərgəsinin üzvü idik. Bu düşərgə dağıldıqdan sonra hər iki ölkə ağır transformasiya yoluna başladı ki, bu da hələ də davam edir. Ölkələrimiz üçün çətin bir sınaqdır. Hər şeyi yenidən başlamaq lazımdır. Bu yolun birinci səviyyəsini Azərbaycan öz neft və qaz resurslarından müvəffəqiyyətlə istifadə edərək başa çatdırdı. İndi inkişafın ikinci dövrü başlayır ki, strateji yol xəritəsində milli iqtisadiyyatın inkişafı göstərilib. Mən bu sənədlə yaxından tanışam və deməliyəm ki, çox yüksək səviyyəli bir sənəddir. İnanıram ki, bu ikinci dövrü də Azərbaycan müvəffəqiyyətlə başa çatdıracaq və yaxşı olan iqtisadi göstəriciləri daha da yüksəldəcək. 

-Bakı-Praqa arasında birbaşa aviareyslər varmı?

-Mənim üçün çətin olan sualdır. Bu günə birbaşa aviareyslər yoxdur. Biz AZAL-ın biznes siyasətini başa düşürük. Əgər sərnişin axını yoxdursa, ziyanla işləyən reysləri saxlamaq sərfəli deyil. Təəssüflə qeyd edim ki, birbaşa aviareyslərin olmaması azərbaycanlı turistlərin Çexiyaya səyahətlərini çətinləşdirir. 

-Cənab səfir, söhbətimiz əsasında siz turizmdən danışdınız. Bildiyimiz kimi Çexiya özünün məşhur kurortları ilə dünyada seçilir. Bu gün bu sahənin vəziyyəti necədir? 

-Əgər iki il bundan əvvəl turist sayı 8 min nəfər idisə, 2017-ci ildə bu rəqəm 6 minə endi. Həmin bu göstərişlər Çexiyadan gələn turistlərə də şamil edilir. 

-Tələbə mübadiləsi nə səviyyədədir?

-Tələbə mübadiləsi barədə deyə bilərəm ki, bu gün Çexiyada azərbaycanlı tələbələrin sayı 100 nəfərə yaxındır. Çex Universitetlərində dövlətə məxsus təhsil müəssisələrində təhsil çex dilində aparılır, bu həm də xarici vətəndaşlara da şamil edilir və təhsil ödənişsizdir. Özəl təhsil müəssisələrində isə təhsil xarici dillərdə aparılaraq ödənişli əsaslarla həyata keçirilir. Çexiyada azərbaycanlı tələbələr üçün dövlət təqaüdü proqramı yoxdur amma Vışeqrad fonduna müraciət etməklə təqaüd almaq olar. 

-Bakıda Çex Mədəniyyət mərkəzi və Praqada Azərbaycan Mədəniyyət mərkəzi varmı?

-Səfirlik kimi bizim mədəniyyət proqramlarımız var və mütəmadi olaraq keçirilir. Hal-hazırda Bakıda Çex Mədəniyyət mərkəzi yoxdur, lazımi hallarda Moskvada yerləşən Çex Mədəniyyət mərkəzinə kömək üçün müraciət edirik. 

-Cənab səfir, Azərbaycanda diplomatik missiyanızı həyata keçirərkən iki ölkə arasında daha hansı sahələrdə inkişaf görmək istərdiniz?

-Mən, özümə ev tapşırığı kimi Azərbaycanı çex vətəndaşlarına tanıtmaq məsuliyyətini görürəm. İqtisadiyyat dünyanın aparıcı sahəsidir. Bu sahədə də əlaqələrimizi gücləndirmək istərdim. Deyim ki, bu əlaqələr inkişaf edir, sübut kimi göstərim ki, iki ay bundan əvvəl bağlanmış müqaviləyə əsasən Gəncə Avtomobil Zavodunda məşhur çex avtomobil markası TATRA-nın yük avtomobillərinin yığılmasına başlanacaq. 

Xəyalə Süleymanqızı