Haaqada Azərbaycanın və Niderlandın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Tarix : 2018/02/02 18:01     Kateqoriya : SİYASƏT    


	Haaqada Azərbaycanın və Niderlandın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Fevralın 2-də Haaqada Azərbaycan və Niderland Xarici İşlər nazirlikləri arasında növbəti ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycanın Niderlanddakı səfirliyindən bildiriblər ki, siyasi məsləhətləşmələrdə Niderlandı Xarici İşlər Nazirliyi Şərq tərəfdaşlığı üzrə xüsusi nümayəndə Adrian Palm və Siyasi Məsələlər üzrə Baş Direktorun müavini Piter Yan Klayveq de Zvan, Azərbaycanı isə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

Tərəflər iki ölkə arasında müntəzəm şəkildə siyasi məsləhətləşmələrin aparılmasının ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını vurğulayıblar.

Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar və parlamentlərarası əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ətraflı müzakirələr aparılıb.

Aparılan müzakirələrdə Niderland rəsmiləri birmənalı şəkildə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşdıqlarını rəsmi şəkildə bir daha vurğulayıb, ikitərəfli münasibətlərin daha da inkişafında maraqlı olduqlarını bildiriblər.

Siyasi məsləhətləşmələr zamanı X.Xələfov Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təmin edilməsində rolu, xüsusilə TAP, TANAP layihələrinin əhəmiyyəti barədə məlumat verib.

X.Xələfov ölkəmizin qeyri-neft sektorunun inkişafı, nəqliyyat, kommunikasiya və turizm sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması məsələlərini də qarşı tərəfin diqqətinə çatdırıb. X.Xələfov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən iqtisadi, siyasi və humanitar sahədə ölkəmizdə həyata keçirilən islahatlarla bağlı Niderland tərəfini məlumatlandırıb.

Xarici işlər nazirinin müavini qarşı tərəfə Azərbaycanın “Ekspo 2025” sərgisinə ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı dolğun məlumat verib və bu xüsusda, Niderland tərəfinin Bakının namizədliyinə dəstək verməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndiriləcəyini vurğulayıb.

Tərəflər regional və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər, Azərbaycanın Əfqanıstana göstərdiyi dəstək ilə bağlı müzakirələr aparıb, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən Avropa Şurası, BMT-nin İnsan Hüquqları Şurası, Avropa İttifaqında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Həmçinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı vəziyyəti ilə bağı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

/AZƏRTAC/