İranın Azərbaycandakı səfiri: "İranın həyatını amerikalılar, ingilislər həll edirdilər"

Tarix : 2018/02/08 15:52     Kateqoriya : MÜSAHİBƏ    


	İranın Azərbaycandakı səfiri: "İranın həyatını amerikalılar, ingilislər həll edirdilər"

“Ölkə.Az” saytının əməkdaşı İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Cənab Cavad Cahangirzadə ilə müsahibə edib. 

Həmin müsahibəni təqdim edirik:  

Azərbaycana hər cəhətdən yaxın olan İran xalqı İslam İnqilabının 39-cu ildönümünü qeyd edir. Bu 39 ildə İran xalqının keçdiyi fəxrli yol hər bir azərbaycanlıya məlumdur... 

Bu məşəqqətli yolu keçən İran xalqı bu gün öz qələbəsini bütün dünyaya göstərir. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirinin öz müsahibəsində göstərdiyi rəqəmlər buna sübutdur. 

Bu qələbə həm mənəvi, həm də iqtisadi qələbədir. İran və Azərbaycan xalqlarını yaxın edən təkcə sərhəd yox, həm milli, dini, mədəni və tarixi köklərimizdir. Qonşu İran xalqının Azərbaycanın ağır günlərində göstərdiyi maddi və mənəvi dəstək danılmaz və unudulmazdır... İran xalqının bu qələbəsi hər bir azərbaycanlı üçün böyük fəxrdir. 

 – Cənab Səfir, Sizi və Sizin simanızda bütün İran xalqını İslam İnqilabının 39-cu ildönümü münasibəti ilə təbrik edir, xoş günlər, rifah və abadlıq arzulayıram.

Bildiyimiz kimi İslam İnqilabının qələbəsində Ağa Ruhulla Xomeninin danılmaz rolu vardır... Bu keşməkeşli yolu necə xarakterizə edərdiniz?

 –  Mən də öz növbəmdə Azərbaycan xalqına və dövlətinə rifah və abadlıq arzrulayıram. Azərbaycanın hər zaman sülh şəraitində yaşamasını diləyirəm.
Biz bu gün böyük İslam İnqilabının 39-cu ildönümünü qeyd edirik və 40-cı ildönümünə qədəm qoyuruq. Bu gün İran xalqına ağır itkilərlə başa gəlsə də, bu günümüz üçün İran xalqı şaddır. 1979-cu ilin fevralın 9-da bizim Böyük İnqilabımız Ayətullah Xomeninin rəhbərliyi ilə qalib gəldi. Bundan əvvəl İran şahlıq üsuli-idarəsi ilə idarə olunurdu, hakimiyyət nəsildən-nəsilə, atadan oğula keçirdi. Heç bir azadlıqdan, sərbəstlikdən, demokratiyadan və müstəqillikdən danışmaq olmazdı. Hakimiyyəti xarici qüvvələr idarə edirdilər. İranın həyatını amerikalılar, ingilislər həll edirdilər. İran xalqı bu zülmə dözmək istəmirdi. İran şahlarından biri öz xatirələrində yazırdı: “İstərdim İranın cənubuna gedim, bunun üçün ingilis baş konsulundan icazə almalı idim. İstərdim ki, İranın şimalına gedim, bunun üçün rus konsulundan icazə almalı idim”. 

Uzun illər şahın yanında olmuş, şah idarə-üsuluna rəhbərlik etmiş, baş nazir olmuş Əsədulla Ələm öz xatirələrində yazıb: “Şahın yanına Amerika səfiri gəlib hansı xarici siyasəti, hansı daxili siyasəti yeritmək lazım olduğunu göstərirdi. Bir başqa vaxt ingilis səfiri gəlib başqa göstərişlər verirdi. Bütün bunlar bizə ağır gəlirdi”. Bütün bu xarici müdaxilələr İran xalqının mədəniyyətinə, davranışına mənfi təsir edirdi. Bunun da nəticəsində narazılıqlar artırdı ki, İslam İnqilabını labüd etdi. Bu İnqilabın qələbəsi çox ağır itkilər nəticəsində başa gəldi. 10 minlərlə insan zindanlara atıldı, milyonlarla insan məcburən sürgün edildi. Bu zülümdən doymuş insarlar istibdada qarşı qalxdılar. Lakin İnqilabın Qələbəsi İran xalqının düşmənlərini rahat etmədi. Onlar İrana qarşı Səddam Hüseyni silahlandırıb müharibəyə təhrik etdilər. Bütün qərb ölkələri Səddamı silahlandırırdılar. 8 illik müharibədə İran xalqı 300 min şəhid verdi, 100 minlərlə vətəndaşımız yaralandı, 3 milyon vətəndaşımız öz doğma yurd-yuvasından məcburi köçkün oldu. Bizə qarşı müharibədə alman istehsalı kimyəvi silahlardan da istifadə etdilər. Lakin müharibənin bitməsi ilə onlar barışmadılar, iqtisadi sanksiyalarla bizi boğmağa çalışdılar. İran iqtisadiyyatını çökdürmək üçün neftin bir barrelinin qiymətini altı dollara endirdilər. Bütün bu çətinliklər İran xalqını sarsıtmadı, bu çətinliklərə sinə gərdik və bu gün bizim Qələbəmizdir. 

 – İslam İnqilabının qələbəsindən sonra Qərb ölkələrinin tətbiq etdikləri embarqo siyasəti İran iqtisadiyyatının daha da güclənməsinə gətirib çıxardı. İnqilabın İran iqtisadiyyatına verdiyi töhfələrdən danışardınız.

 – İnqilabdan əvvəl İranın əhalisi 36 milyon nəfər idi. Bu gün bu rəqəm iki dəfədən də çox artıb. İnqilabdan əvvəl İranın 100 min tələbəsi var idi, bu gün bu rəqəm 4 milyon yarımdan çoxdu. İnqilabdan əvvəl doğuşdan sonra ölən uşaqların sayı hər min nəfər 124 nəfər idisə, indi bu rəqəm 22-yə bərabərdir. Bu rəqəm dünya səhiyyəsində yaxşı göstəricidir. İnqilabdan əvvəl əhalimizin 50%-i tam savadsız idisə də, bu gün İranda savadlılıq dərəcəsi 90%-dən yuxarıdır. İranda 32 min kənd var ki, İnqilabdan əvvəl ancaq birində içməli su kəməri var idi. Bu gün kəndlərin 90%-i içməli su ilə təmin olunub. İnqilabdan əvvəl 2 min kənd elektrik enerjisi ilə təmin edilmişdi, bu gün isə elektrik enerjisi almayan bir neçə kənd qalıb. 

Qeyd edim ki, şah dövründə heç bir kəndin qaz təminatı yox idi. Bu gün kəndlərin 46%-i qazla təmin olunub. Bu rəqəmin aşağı olması sizi təəccübləndirməsin. İranın həm sahəsi böyükdür, həm də ərazinin relyefi mürəkkəbdir. Yol infrastrukturu barədə də deyim ki, şah dövründə heç bir kəndin asfalt yolu yox idi. Bu gün kəndlərin 60%-də yollar asfaltlanıb. Bundan başqa bizim dəniz sahillərimiz də uzundur, həm Fars Körfəzində, həm Xəzər sahillərində.

Elə bizim Ostanlarımız - Vilayətlərimiz vardır ki, ərazicə bəzi Avropa ölkələrindən böyükdürlər. Bütün bu quruculuq işləri həm vaxt, həm də böyük məsrəf tələb edir. 

Əvvəllər biz adicə gülləni də xaricdən almalı olurduq. Bu gün isə İranın Müdafiə Sənayesi təyyarə, raket, tank və başqa silah-sursatla ordumuzu tam təchiz edir və hətta ixrac potensialımız da var. Bizi nüvə silahı istehsalında günahlandıranlara sübut etdik ki, bizim elə bir niyyətimiz yoxdur, iqtisadi tələbatımızı elektrik enerjisi ilə təmin etmək niyyətimiz vardır. Bizim güclü avtomobil sənayemiz vardır ki, ildə 200 min avtomobil istehsal edir. Bu gün İranda 70 min zavod-fabrik var ki, əhalinin işgüzar hissəsini cəlb edib. 

Kənd təsərrüfatı sahəsində də böyük irəliləyiş var. Bu gün İran əvvəlki dövrə nisbətən kənd təsərrüfatı məhsullarını beş dəfə artırıb. Bizim çətinliyimiz su ilə bağlıdır, bunun üçün də 100 su anbarı tikilib və bu anbarlara da 4 milyard kub metr su yığılır. Bu ehtiyat kənd təsərrüfatımızın tələbatını tam ödəyir. 
Əhalinin mədəni səviyyəsini artırmaq üçün kinoteatrlar, kitabxanalar tikilir. Səhiyyə sahəsində xəstəxanaların sayı 4 dəfə artıb, xəstəxanalarda çarpayıların sayı 4 dəfə yarımdan da çox artıb. İranın dini lideri Ayətullah Xamenei, Prezidentimiz Ruhani əhalinin rifahının yüksəlməsinə böyük diqqət yetirirlər və bu rifahın əhali arasında bərabər olmasını tələb edirlər. 

Bundan başqa qeyd edim ki, bu gün İranın dağ-mədən sənayesi də yüksək inkişaf edib. Daş karxanaları, mərmər-qranit yataqları, mis və dəmir yataqları yüksək istehsal məhsulları ilə məşhurdurlar. Əgər şah dövründə İran ildə 150 min ton polad istehsal edirdisə, bu gün İranda 12 milyon ton polad istehsal olunur. 

Təhsil sahəsində də nəaliyyətlərimiz böyükdür. Təkcə onu qeyd edim ki, İranın Azad Universitetinin 4 milyon tələbəsi var. Bu tələbələr İranın müxtəlif şəhərlərində, 450 filialda təhsil alırlar. 

İran İnqilabının İran xalqına və onun iqtisadiyyatına verdiyi töhfələrdən qısa bir nümunələr gətirdim. 

 – İran, İslam ölkələri arasında, Beynəlxalq Təşkilatlarda söz sahibidir. İranın bu gün dünya ölkələri ilə əlaqələri necədir?

 – Nümunə üçün Azərbaycanla əlaqələrimizdən misal gətirim. 2015-ci ildə bizim ticari əlaqələrimiz 70% artdı. 2016-cı ildə bu rəqəm 40% də artdı, yenicə bitmiş 2017-ci ildə də 40%-lik artım olub. Müştərək Astara-Rəşd yolunun tikintisi, Astara-Astara dəmir yolu terminalının tikintisi, avtomobil zavodunun tikintisi bizim əlaqələrin artmasının nümunəsidir. 2 aya avtomobil zavodunun tikintisini yekunlaşdırmaq üçün çalışıq. Astara-Astara terminalında ildə 10 milyon tona qədər yükün daşınması mümkün olacaq. Pirallahı dərman  zavodunun tikintisi uğurla davam edir. İranın 450 şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu əlaqələrimizin iqtisadi tərəfidir. 

Dövlət başçıları səviyyəsində də görüşlər intensivləşib. Son ildə keçirilən üçtərəfli görüşlər bizim sülhsevər və mehriban qonşuluq siyasətimizi təsdiq edir.

 – Cənab Səfir, bu üçtərəfli-İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Türkiyə görüşlərini tarixi görüş adlandırmaq olarmı?

 – Bəli, bu görüşlərin hamısı bizim siyasətimiz üçün tarixidir, bu yaxınlarda İran-Azərbaycan-Gürcüstan formatında da görüşümüz olacaq.
Cənab İlham Əliyevin Həsən Ruhani ilə 11 dəfə görüşməsi və bu yaxınlarda 12-ci görüşün olacağı bizim əlaqələrin nə qədər sıx olduğuna sübutdur. 
Son ötən il ərsində Azərbaycana səfər etmiş İranın rəsmi şəxslərinin siyahısına nəzər salsaq, ölkələrimiz arasında olan sıx əlaqələri qiymətləndirmək olar. Bu siyahıya Xarici İşlər Nazirimizi, Rabitə Nazirimizi, Ədliyyə Nazirimizi, bir çox nazir müavinlərini və İranın beş Ostanının Valilərinin səfərlərini göstərmək olar. Bu siyahıda Ərdəbil, Təbriz, Urmiya, Gilan və Gürkan Valilərinin adı var. 

Azərbaycandan da İrana səfər etmiş rəsmi şəxslərin siyahısı genişdir. 

Təkcə Azərbaycanla əlaqələrimiz sübut edir ki, bizim xarici siyasətimiz mehriban qonşuluq və bərabərlik üstündə qurulub. Başqa İslam ölkələri ilə də əlaqələrimizi gücləndirmək istərdik. İslam dövlətləri, İslam xalqları əzab-əziyyət çəkməməlidirlər. Aramıza nifaq salmaq istəyənlər bizim xoş günümüzü istəmirlər. Biz istəmirik ki, Suriya xalqı, Fələstin xalqı bu müsibətləri çəksinlər. 

Bizim Azərbaycanla, Türkiyə ilə əlaqələrimiz xüsusi səviyyədədir. Görüşlər bizi hər dəfə yeni mərhələlərə yüksəldir. Bu əlaqələri biz hamı ilə yaratmaq istəyirik. 

 – Cənab Səfir, bu İnqilab xalqın tələbi idimi?

 – İran İslam İnqilabı tarixən labüd idi. Bu inqilab xalqın tələbi idi. Biz İnqilabın qələbəsini qorumaq üçün 8 illik müharibənin əziyyətini çəkmişik, 35 il xarici dövlətlərin embarqosundan ziyan görmüşük. Bu qələbə ancaq İslam İnqilabına inanan xalqın qələbəsidir. 

Söhbətləşdi: Xəyalə Süleymanqızı