Jurnalistlər üçün “Vərəm haqqında ən yaxşı məqalə” müsabiqəsi elan edilir

Tarix : 2018/02/20 19:17     Kateqoriya : SƏHİYYƏ    


	Jurnalistlər üçün “Vərəm haqqında ən yaxşı məqalə” müsabiqəsi elan edilir

QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə TB-REP regional vərəm proqramının Azərbaycan vətəndaş cəmiyyəti əlaqələndiricisi “Sağlamlığa Xidmət” İB-in təşəbbüsü və Vərəm əleyhinə QHT Koalisiyasının dəstəyi ilə yaxınlaşmaqda olan 24 Mart - Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar “Vərəm haqqında ən yaxşı məqalə” müsabiqəsi elan olunur. Müsabiqənin məqsədi vərəm xəstəliyi ilə əlaqədar cəmiyyətdə mövcud stiqmanın aradan qaldırılması və vərəm xəstələrinin probleminə kütləvi-informasiya vasitələri, dövlət strukturları və ictimaiyyətin diqqətini cəlb etməkdir.

Kütləvi informasiya vasitələrində çalışan hər bir jurnalist müsabiqədə iştirak edə bilər, bir jurnalistin birdən artıq məqalə və ya digər media məhsulu təqdim etməsi məqbuldur.

Təqdim edilən məqalə mütləq dərc olunmalı, məqalədə vərəm xəstələrinin problemləri və cəmiyyətin xəstəliyə olan münasibəti işıqlandırılmalıdır. Vərəmlə mübarizə sahəsində dünya təcrübəsi və ölkədə vərəmlə mübarizə sahəsində görülən işlərlə bağlı müqayisəli təhlillərin aparılmasına dair jurnalist araşdırmaları da müsabiqəyə təqdim edilə bilər;

Fevralın 20-dən martın 20-dək qəzet, jurnal, informasiya agentliklərinin rəsmi saytlarında və xəbər portallarında müsabiqə mövzuları ilə bağlı dərc olunmuş bütün məqalələr “Sağlamlığa Xidmət” İctimai Birliyinə təqdim olunmalıdır. Məqalələrin elektron forması və linkləri [email protected] elektron ünvanına, məktubun mövzusunda “Müsabiqə üçün məqalə” qeyd edilərək göndərilməlidir.

Müsabiqəyə təqdim edilmiş məqalələrin qiymətləndirilməsi “Sağlamlığa Xidmət” İctimai Birliyinin təsis etdiyi münsiflər heyəti tərəfindən həyata keçiriləcəkdir.

Müsabiqədə ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaq. Qaliblər diplom və pul mükafatları ilə təltif olunacaqlar:

Müsabiqənin nəticələri bu il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş konfransda elan ediləcək./AZƏRTAC/