Peru səfiri: "Latın Amerikası Film Festivalı bir başlanğıcdır"

Tarix : 2018/04/20 11:13     Kateqoriya : MÜSAHİBƏ    


	Peru səfiri: "Latın Amerikası Film Festivalı bir başlanğıcdır"

Bakıda İlk Latın Amerikası Film Festivalı keçirildi.

Azərbaycan Dillər Universitetinin, Landmark və Park Cinema Flame Towers otellərinin əməkdaşlığı ilə baş tutan festivalın ilk buraxılışında nümayiş olunan 7 film sayəsində Azərbaycan ictimaiyyəti həmin ölkələrin mədəniyyəti, həyat tərzi və adət-ənənələri ilə daha yaxından tanış oldular.

Latın Amerikasının yeni və köhnə adətlərinin uzunmüddətli qovuşması nəticəsində zəngin mədəni irsi var və bu onun həm mədəni və qastronomik rəngarəngliyində, həm də tarixi və linqvistik (əsasən ispan və portuqal dilləri istifadə olunur) zənginliyində öz əksini tapır.

Bakıda keçirilən İlk Latın Amerikası Film Festivalı çərçivəsində Peru kinomatoqrafçıları tərəfindən ərsəyə gətirilmiş “Köhnə dostlar” (“Viejos amigos”) filmi də nümayiş etdirilib. 2014-cü ildə çəkilmiş bu film dram-komediya janrındadır.

faktat.az” saytının əməkdaşı Perunun Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Luis Çanq Boldrini ilə müsahibə edib.

Həmin müsahibəni təqdim edirik:

-Film Festivalı barədə məlumat verərdiniz.

- Latın Amerikası mədəniyyətini və ənənələrini təşviq etmək üçün Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru və Meksikanın Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərinin birgə səyi əsasında Bakıda aprelin 16-dan 19-a kimi ilk Latın Amerikası Film Festivalı təşkil olundu.

Bakıda keçirilən İlk Latın Amerikası Film Festivalı çərçivəsində Peru kinomatoqrafçıları tərəfindən ərsəyə gətirilmiş “Köhnə dostlar” (“Viejos amigos”) filmi də nümayiş etdirildi.

Rejissor Fernando Villaranın ilk filmi olan “Köhnə dostlar” ilin ən çox sevilən kino əsərlərindən biridir. Film çəkilişdən sonra ilk dəfə üç gün ərzində Lima Film Festivalında iştirak edib ki, eyni zamanda kinoteatrlarda nümayiş olunub, bu da onun geniş tamaşaçı kütləsi tərəfindən izlənməsinə marağı artırıb.

-Cənab səfir, həmin film Azərbaycan televiziyalarında və kino mərkəzlərində nümayiş olunacaqmı?

-Xeyr, bu film İlk Latın Amerikası Film Festivalı üçün nəzərdə tutulub və Azərbaycan Dillər Universitetinin, Landmark və Park Cinema Flame Towers otellərinin əməkdaşlığı ilə baş tutan festivalın ilk buraxılışında nümayiş olundu.

İlk Latın Amerikası Film Festivalı bir başlanğıcdır.  Gələcəkdə biz bunu daha da dərinləşdirəcəyik və əlaqələr inkişaf etdikcə Azərbaycan televiziyasının daha böyük ekranlarına çıxaracağıq.

-Qarşılıqlı mübadilə nəzərdə tutulubmu?

-Biz Perunun mədəniyyətini, tarixini, mətbəxini tanıtmaq məqsədi ilə bu əhəmiyyətli addımı atdıq.  Azərbaycanın Perudakı səfirliyinin belə bir addım atdığından məlumatım yoxdur. Əgər belə bir addım atıbsa mən bunu alqışlayıram.

 

Xəyalə Süleymanqızı