Məhəmməd Taqi Xəlili: «Əfqanıstan hər zaman Azərbaycanın yanındadır»

Tarix : 2018/04/27 11:06     Kateqoriya : MÜSAHİBƏ    


	Məhəmməd Taqi Xəlili: «Əfqanıstan hər zaman Azərbaycanın yanındadır»

«Ölkə.az» saytının əməkdaşı Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Mohammad Taqi Xəlili ilə  müsahibə edib.

Həmin müsahibəni təqdim edirik:  

-Cənab Səfir, ötən il Azərbaycan və Əfqanıstan arasında siyasi əlaqələrin inkişafı baxımından çox əlamətdar oldu. Bakıda yüksək səviyyəli toplantı keçirildi və Prezident Əşrəf Qaninin səfəri çərçivəsində müqavilələr imzalandı. Bu il üçün planlar nədir və münasibətlərin inkişafı üçün perspektivləri necə qiymətləndirirsiniz?

 -Mən deyərdim ki, hər ötən il Azərbaycanla Əfqasnıstan arasında münasibətlər, onların əhatə dairəsi genişlənir. Bəli, ötən ilin sonunda azərbaycanlı tərəfdaşlarımız Asiyanın Qəlbi-İstanbul Prosssesi çərçivəsində təşkil olunan Nazirlər görüşünü yüksək səviyyədə keçirdilər. Həmin görüşdə Azərbaycan və Əfqanıstan Prezidentləri də iştirak etdilər. Bu görüş iki ölkə münasibətləri baxımından da çox əhəmiyyətli bir tədbir oldu. Biz buna görə dostlarımıza minnətdarıq. Orada səsləndirilən fikirlər, qəbul edilən qərarlar çox vacibdir və Əfqan xalqının sülh içərisində yaşaması üçündür. Əfqanıstan uzun illərdir ki, terrordan, hərbi əməliyyatlardan əziyyət çəkir. Yüksək səviyyəli görüş çərçivəsində Əfqanıstan İslam Respublikaının Prezidenti Zati-aliləri cənab Məhəmməd Əşrəf Qaninin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Bu əsnada Əfqanıstan və Azərbaycan nümayəndə heyətlərinin görüşləri keçirildi. Hər iki ölkənin Prezidentlərinin iştirakı ilə beş sənəd imzalandı. Hər iki tərəf üçün vacib olan sənədlər imzalandı. Bu sənədlər təhlükəsizlik sahəsində əməkdaşlıq, təhsil, iqtisadi və ticarət sahələrində iki ölkə arasında əməkdaşlığı inkişaf etdirməyə yeni səhifə açır. Çox xoşdur ki, hər iki tərəfdə bu əlaqələri inkişaf etdirmək üçün qətiyyət və inam var. Əfqanıstan Prezidentinin səfərindən sonra da Bakıya nazirlər, rəsmilər səviyyəsində səfərlər keçirilir və bu davamlı prosessdir. Biz bu səfərlərin münasibətlərimizin dostluğ və konstruktivliyi baxımından uğurlu nəticələr verəcəyinə inanırıq.  

-Cənab Səfir, sizin bu günlərdə azərbaycanlı rəsmilərlə görüşləriniz olub. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində, Energetika Naziri ilə və Parlamentin Komitə sədri ilə apardığınınz müzakirələr bir diplomat kimi sizin üçün nə qədər faydalıdır?

-Bir diplomat kimi əlbəttə bu mənim üçün çox vacibdir. Biz əlaqələrimizin çoxşaxəli olmasını istəyirik. Sizin qeyd etdiyiniz görüşlər də bu qəbildəndir. Mübariz Qurbanlı, Pərviz Şahbazov və Səməd Seyidovla eləcə də Azərbaycanda görüşdüyüm bütün şəxslərlə apardığımız müzakirələr çox vacibdir. Biz müvafiq sahələrdə əlaqələrin inkişafı üçün görə biləcəyimiz işlərdən danışırıq. Hər bir görüşdə əlaqələrimizin inkişafı üçün potensialın olduğunun şahidi oluruq. Mübariz Qurbanlı ilə görüşdə iki ölkənin dini qurumları, Azərbaycan bu dövlət komitəsinin tərkibində yaradılacaq təhsil müəssisəsi ilə Əfqanıstanın təhsil ocaqları arasında əməkdaşlığı müzakirə etmişik. Azərbaycan nəinki regionun, hətta bütün dünyanın vacib enerji qovşaqlarından biridir. Energetika naziri ilə Azərbaycanın təcrübəsi barədə müzakirə apardıq. Münasibətlərimizdə xüsusilə də parlamentlərarası əməkdaşlığı inkişaf etdirmək üçün səylərmizi artırmalıyıq. Bunun üçün müəyyən addımlar atılacağını düşünürük. Hörmətli deputat Səməd Seyidovla bu barədə ətraflı danışdıq.

-Bu yaxınlarda Kabildə Sülh konfransı keçirildi və Azərbaycanda orada təmsil olunurdu. Uzun müddətdir müharibələrdən, silahlı qarşıdurmadan əziyyət çəkən əfqan xalqının sülhə nail olması üçün hökumətiniz nələr edir? Cənab səfir, bu gün Əfqanıstan həmin problemlərin öhdəsindən necə gəlir?

-Bəli, həmin görüşdə Azərbaycan da təmsil olunurdu. Xarici İşlər Nazirinin müavini Araz Əzimov iştirak edirdi. Bu görüşdə iştirak etmək qərarına görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və hörmətli Araz Əzimova təşəkkürümüzü bildiririk. Azərbaycan Əfqanıstanda sülhə dəstək verən ölkələr sırasındadır. Bu gün Azərbaycan əsgərləri mənim ölkəmdə sülhün qorunması üçün keşik çəkirlər. Rotasiya üzrə Əfqaanıstanda xidmət keçən Azərbaycan əsgərlərinin sayı bu yaxınlarda artırılıb və bu bir daha Azərbaycanın Əfqanıstanla bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığının təzahürüdür. Sizin də qeyd etdiyiniz kimi, Əfqanıstan da uzun illərdir müharibələrdən, terrordan əziyyət çəkir.  Dövlət və hökumət üzvləri bu illər ərzində xeyli iş görüb və tərəfdaşlarımızdan çox dəstək görürük. Elə gün yoxdur ki, Əfqanıstanda milli birliyə, barışığa çatmaq üçün addımlar atılmasın. Amma bununla belə görülməli işlərimiz çoxdur.  Bu gün biz “terror” adlı fenomenlə mübarizə aparırıq. Əfqanıstanda terrorun kökü bu ölkədə deyil, xaricdədir və bütün dünya bunu bilir. Buna görə də sülhün əldə edilməsi üçün  beynəlxalq aləmlə, regional ölkələr ilə əməkdaşlıq olmalıdır. Biz birlikdə bu məsələni həll etməliyik. 

-Siz bir neçə dəfər çıxışlarınızda, söhbətlərinizdə bildirmisiniz ki, Azərbaycanın ən çətin günlərində siz tələbə ikən bizim ölkəmizdə olmusunuz. Müharibənin fəsadlarını öz gözlərinizlə görmüsünüz. Bu gün isə bir diplomat kimi, Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edirsiniz. Bu necə bir hissdir? Ölkəniz Dağlıq Qarabağ münaqişəsinin həllini hansı çərçivədə görür?

-Mən 1995-ci ildə ilk dəfə Azərbaycana gəlmişəm. Həmin dövrlər Azərbaycan üçün çətin dövrlər idi. Biz müharibənin yaratdığı fəsadları öz gözlərimizlə görmüşük. Azərbaycanın həmin dövrdə ümumilli lider Heydər Əliyevin təcavüzün və çətinliklərin yaratdığı fəsadların öhdəsindən necə gəldiyinin şahidiyik. 2014-cü ildə mən yenidən Azərbaycana  qayıtdım, bu dəfə ölkəmi təmsil edən diplomat kimi. İstər Bakı, istər regionlar çox inkişaf edib. Çox təəssüflər olsun ki, Azərbaycan torpaqları hələ də işğal altındadır. Erməni silahlı birləşmələri işğalı davam etdirirlər. 2016-ci ildə aprel döyüşlərindən sonra biz diplomat həmkarlarımla cəbhəyanı ərazilərdə olduq, ermənilərin nə etdiklərini öz gözlərimizlə gördük. Cocuq Mərcanlıya görüşümüz zamanı orada yaşayan ailə iləngörüşümüz məndə çox böyük inam yaratdı. Ermənilərin hədəfində olmasına baxamayaraq o ailə bir gün belə olsa evini tərk etməyib. Bu ermənilərə, həm də bütün dünyaya güclü bir mesaj oldu. Daha sonra biz yenidən Cocuq-Mərcanlıya qayıtdı. Bu dəfə təmamilə dəyişmiş bir məkaran gördük. Bu böyük nailiyyətdir. Sizi təbrik edirəm. Əfqanıstan hər zaman Azərbaycanın yanındadır, və bu bizim açıq mövqeyimizdir ki, Azərbaycan torpaqları ermənistan tərəfindən işğal olunub və bu işğala son qoyulmaldır. 

-Siyasi əlaəqələrin səviyyəsi yüksək olduğu halda iqtisadi münasibətlərimiz barəsində bunu deyə bilərikmi?  İki ölkə arasında hər hansı iqtisadi fəallıq nə vəziyyətdədir?

-Haqlısınız. İqtisadi münasibətylərimiz istədiyimiz səviyyədə deyil. Amma bu hər zaman belə olacağı anlamına gəlmir. Artıq, ticari-iqtisadi münasibətlərimizi inkişaf etdirmək üçün hər iki tərəfin istifadə etdiyi hökümətlərarası hüquqi-baza mövcuddur. Müsahibəmin əvvəlində də qeyd etdiyim kimi iki ölkə Prezidentinin iştitakı ilə imzalanan iqtisadi-ticarət sahəsində əməkdaşlıq haqqında Saziş əsasında işçi qrupunun yaradılması nəzərdə  tutulur. Bakıya səfər edən Əfqanıstan Maliyyə Naziri, eləcə də digər rəsmilər hazırda işçi qrupun gələcək plamları barədə müzakirə aparırlar. Düşünürəm ki, yaxın  müddətdə biz yenilikləri eşidəcəyik. 

-Sovetlər dönəmində Azərbaycanda xeyli sayda əfqan tələbələri təhsil alıblar. Cənab Səfir, bu gün iki ölkə arasında tələbə mübadiləsi Sizi qane edirmi?

-Azərbaycan hər zaman əfqan tələbələri üçün güvəndikləri yer olub. Memarlıq və İnşaat Mühəndisləri Universitetində çox qısa-bir semestr təhsil almışam. Rus dili kurslarına getmişəm və illər keçdikdən sonra mən Bakıya Ölkəmi təmsil edən diplomat kimi gəldim. Bu gün paytaxt Bakı dünyanın ən sabit və təhlükəsiz şəhərlərindən biridir. Sizə səmimi deyim ki, bu çox böyük nailiyyətdir. İndi də əfqan tələbələr Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alırlar. Onlar ADA, Xəzər Universiteti, Dövlət Neft və Sənaye Universitetində elm öyrənirlər. Biz mütəmadi olaraq onlarla, təhsil aldıqları təhsil müəssisələrinin rəhbərləri ilə də görüşürük və təəssüratlarını alırıq. Sizə bir maraqlı faktı deyim: Dövlət Neft və və Sənaye Universiteti qurulduğu dövrdən bu yana orada 1400 əfqan tələbə təhsil alıb.  Onlar burada öz evlərindəki kimi hiss edirlər.  Bu ona görədir ki, bizi birləşdirən xeyli oxşarlıqlar var. İnanırıq ki, bir gün Əfqanıstanın da ali məktəblərində azərbaycanlı tələbələr təhsil alacaqlar. 

Əfqanıstan İslam Respublikasının Prezidenti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Prezident seçilməsi ilə əlaqədar göndərdiyi bir cümlə var. Əfqanıstan Prezidenti əminliyini ifadə edir ki, “Qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz bütün sahələrdə mövcud imkanlar baxımından genişlənəcək və güclənəcəkdir. Biz dost və tərəfdaş ölkəyik, heç kəs bizim aramıza nifaq sala bilməz. Biz dar gündə bir-birimizə dəstək olmuşuq. Sizdə də, biz də bir atalar sözü var: “Dost dar gündə tanınar”. Biz bu sınaqlardan keçmişik. Əfqan xalqı və Əfqanıstan hökuməti artıq əməkdaşlıq perspektivlərini müəyyən ediblər və bu hal-hazırda uğurla həyata keçirilir”.      

Xəyalə Süleymanqızı