Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib

 
Tarix : 2018/06/29 17:47     Kateqoriya : PARLAMENT    


	Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib

	 

İyunun 29-da Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

Milli Məclisin sədri Oqtay Əsədov gündəlik barədə məlumat verib.

İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, son 15 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir. Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə artıb və bu dünya miqyasında analoqu olmayan inkişafdır. Biz böyük valyuta ehtiyatlarımızı yaratmışıq. Ölkənin valyuta ehtiyatları ümumi daxili məhsula bərabər səviyyədədir. Ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, əgər dünyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Əldə olunan uğurlar ölkə rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir. Ölkəmiz heç kimdən asılı deyil və buna görə də inamla müstəqil siyasətini həyata keçirir. Məhz belə siyasətin nəticəsidir ki, 2018-ci ilin arxada qalan ayları böyük iqtisadi fəallıqla müşahidə olunur. Bu yaxınlarda Cənub Qaz Dəhlizi, TANAP kimi irimiqyaslı layihələr istifadəyə verilib. Bakı Dəniz Limanının istifadəyə verilməsi Azərbaycanın tranzit ölkə kimi nüfuzunu daha da artıracaq.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, təqdim olunmuş qanun layihəsi ilə dövlət və icmal büdcələrinin bir sıra gəlir və xərc maddələrinin artırılması və azaldılması, həmçinin dövlət büdcəsinin gəlir və xərclərinin tarazlaşdırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkənin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, əhalinin həssas qruplarının müdafiəsinin artırılması və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq əlavə maliyyə təminatının formalaşdırılması zərurəti 2018-ci il dövlət və icmal büdcələrinin gəlirlərinə yenidən baxılmasını şərtləndirib. Belə ki, gömrük inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı qanunvericilikdə qəbul edilmiş son qərarlar, o cümlədən bir sıra rüsumların artırılması, əsasən də alkoqollu içkilərə və tütün məmulatlarına yeni aksiz dərəcələrin tətbiqi Dövlət Gömrük Komitəsinin xətti ilə gömrük rüsumu və əlavə dəyər vergisi üzrə daxilolmaların əlavə 785 milyon manat artırılmasına imkan yaradıb. Xam neftin dünya bazarlarında qiymətinin əhəmiyyətli dərəcədə artması dövlət və icmal büdcələrinin müvafiq gəlir göstəricilərin dəqiqləşdirilməsinə şərait yaradıb. 2018-ci il üzrə təsdiq edilmiş dövlət büdcəsinə görə büdcə gəlirlərinin hesablanmasında bir barrelə 45 dollar neft qiymətinin proqnozu istifadə olunub. Həmin proqnozun 10 dollar artırılaraq bir barrel üçün 55 dollara çatdırılması təklif olunur. Bunun nəticəsində neft gəlirlərinin Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsində əks olunan daxilolmaları 500 milyon manat məbləğində artırılacaq. Bu artım əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici neft şirkətlərindən mənfəət vergisi qismində əlavə gözlənilən daxilolmalar hesabına proqnozlaşdırılır. Bununla yanaşı, Dövlət Neft Fondunun icmal büdcədə əksini tapan gəlirləri dəqiqləşdirilir və 5,6 milyard manat artırılır. Eyni zamanda, qeyd olunmalıdır ki, Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə gəlir proqnozunun təsdiq olunmuş büdcə ilə müqayisədə 1 milyard 27 milyon manat məbləğində azaldılması zərurəti yaranıb. Həmin zəruri dəyişiklik əvvəlki illərdə vergi ödəyicilərindən, əsasən də qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərindən proqnozla nəzərdə tutulduğundan artıq alınmış vergi ödənişlərinin sahibkarlara geri qaytarılması və ya cari büdcə ilində ödəniləcək vergilərlə əvəzləşdirilməsi ilə bağlıdır. Nəticədə Vergilər Nazirliyinin xətti ilə 2018-ci il dövlət büdcəsində təmin olunması nəzərdə tutulan məcmu daxilolmaların 527 milyon manat azaldılması dövlət büdcəsində öz əksini tapmalıdır. Beləliklə, təklif olunan dəqiqləşdirilmələrin aparılması nəticəsində 2018-ci il təsdiq olunmuş dövlət büdcəsinin gəlirləri 14 milyon manat büdcədənkənar daxilolmalar da nəzərə alınmaqla cəmi 272 milyon manat məbləğində artırılacaq.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, müzakirə olunan qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunun 23-cü maddəsinə və sənədlə müəyyən edilmiş məlumatlar əlavə olunmaqla təqdim edilib. Diqqətə çatdırılıb ki, dövlətin əsas planına – dövlət büdcəsinə dəyişikliklər bir sıra iqtisadi və qeyri-iqtisadi amillərin təsiri ilə formalaşır. Neftin qiymətində volatilliklər büdcə planlaşdırılması və büdcə proqnozunun icra edilmə səviyyəsinə təsir edən mühüm iqtisadi amildir. Bu səbəbdən, istər 1998-ci ildə neftin dünya bazarlarında qiymətinin azalması, istər 2008-2009-cu illərdəki maliyyə və iqtisadi böhran, istərsə də 2014-2016-cı illərdə dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinin yaratdığı büdcə fəsadları dövləti qeyd edilən sənədə təkrar baxmağa, həmçinin büdcə planlaşdırılması və icrası mərhələlərində ehtiyatlı davranmağa sövq edib. Eyni zamanda, cari ilin ötən dövründə həm dünyada, həm də respublikamızda iqtisadi sahədə bir sıra müsbət meyillər müşahidə edilib ki, məhz bu amillər də əsas makrogöstəricilərin dinamikasına təsir göstərib.

Qeyd edilib ki, 2018-ci ilin ilk 5 ayında neftin orta qiyməti dövlət büdcəsində ilkin nəzərdə tutulmuş göstəricidən 71 faiz, yenidən baxılan dövlət büdcəsində nəzərdə tutulmuş göstəricidən isə 40,0 faiz çoxdur. Neftin qiyməti ilə son aylarda müşahidə edilən meyillər, həmçinin geosiyasi proseslər yenidən dövlət büdcəsində neftin qiymətinin 55 dollar səviyyəsində proqnozlaşdırılmasını obyektiv zərurətdən irəli gələn və ölkənin valyuta ehtiyatlarının qorunmasına xidmət edən ehtiyatlı yanaşma olduğunu vurğulamaq imkanı verir. Neftin dünya bazarlarında qiymətinin kəskin şəkildə dəyişməsi, həmçinin dövlət maliyyəsi sahəsində aparılan islahatların hədəfləri ilə üst-üstə düşməsi baxımından ölkədə makrofiskal bazanın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bildirilib ki, 2018-ci ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrünə nisbətən 1,1 faiz çox ümumi daxili məhsul istehsal edilib, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artıb, neft sektorunda isə sabit qalıb. Nominal ifadədə neft sektorunda 28,1 faiz, qeyri-neft sektorunda isə 5,7 faiz artım müşahidə edilib. Mərkəzi Bankın verdiyi məlumatlara görə ölkənin tədiyyə balansının yaxşılaşması şəraitində 2018-ci ilin ötən dövründə strateji valyuta ehtiyatları artaraq xarici dövlət borcunu dəfələrlə üstələyib.

Hesablama Palatasının sədri qeyd edib ki, təklif olunan dəyişikliklərlə dövlət büdcəsinin gəlirlərinin 22,1 milyard manat məbləğinədək artırılması nəzərdə tutulub ki, bu da gəlirlərin ÜDM-ə nisbətinin təsdiq edilmiş göstəricilərlə müqayisədə 0,6 faiz bəndi çox olmaqla 29,6 faizə çatmasına şərait yaradacaq.

Dövlət büdcəsi gəlirlərinin tərkibində əlavə dəyər vergisinin malların idxalı əməliyyatları üzrə artması, ölkə ərazisində malların (işlərin, xidmətlərin) təqdim edilməsi əməliyyatları üzrə isə azalması meylinin cari ilin icrasına da təsirləri müşahidə olunur ki, bu da vergi orqanları üzrə təsdiq olunmuş müvafiq proqnozların icra olunmaması risklərini artırır. Ümumiyyətlə, ölkə üzrə istehlakın davamlı artımı şəraitində 2016-cı ildən etibarən dövlət büdcəsinə təmin olunan əlavə dəyər vergisinin gömrük orqanları üzrə artması, vergi orqanları üzrə isə azalması dinamikası əlavə dəyər vergisi üzrə vahid inzibatçılıq modelinin tətbiqini zəruri edir. “2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə dair Hesablama Palatasının rəyində vergi orqanları tərəfindən dövlət büdcəsinə təmin olunan gəlirlər üzrə qeyri-neft sektorundan daxilolmaların tərkibində rezident müəssisələrin əlavə dəyər vergisi və mənfəət vergisi üzrə proqnozların tam şəkildə əsaslandırılmaması barədə qeyd olunanlar qeyri-neft sektoru üzrə gəlirlərin azaldılmasını nəzərdə tutan hazırkı dürüstləşdirilmə təklifi ilə bir daha öz təsdiqini tapır.

Eyni zamanda, cari dövrdə gəlirlərin icra vəziyyəti malların ixracından gömrük rüsumları, Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) topdansatış qiyməti arasındakı fərqdən yığımlar və Dövlət Zəmanəti ilə Alınan Borcların Təminat Fonduna daxilolmalar üzrə potensialın mövcudluğunu deməyə əsas verir.

Dövlət büdcəsinin xərcləri 23,1 milyard manat məbləğində nəzərdə tutulub ki, bu da ilkin proqnoza nisbətən 2,0 milyard manat və ya 9,6 faiz çoxdur. Dövlət büdcəsinin xərclərində funksional təsnifat üzrə 10 bölmə üzrə artım nəzərdə tutulub, 4 bölmə üzrə dəyişiklik aparılmayıb, ən çox artım isə 1,1 milyard manat və ya 5,7 dəfə olmaqla “İqtisadi fəaliyyət” bölməsi üzrə təklif edilib. Proqnozlaşdırılmış artım ilkin təsdiq edilmiş büdcə layihəsində nəzərə alınmayan xərclərin yenidən baxılan büdcəyə daxil edilməsi ilə bağlıdır. Təklif olunan artım funksional təsnifatın xarakterinə uyğundur.

Sonra Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunub. Nəzərdə tutulan dəyişikliklərə əsasən 188.1.1-ci maddədə “üç” sözü “1,5” rəqəmi ilə və “600” rəqəmi “200” rəqəmi ilə əvəz edilir. Həmçinin sənədə “Aksiz markasının verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur” məzmunlu 194.1-2-ci maddə əlavə olunur.

“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliyə görə, sənədə “aksiz markasının verilməsi” adlı 2.0.8-2-ci maddə əlavə ediləcək. Bundan başqa, qanuna əlavə olunan 20-3-cü maddəyə əsasən alkoqollu içkilərə görə aksiz markasının verilməsi üçün 0,06 manat, tütün məmulatlarına görə aksiz markasının verilməsi üçün 0,05 manat məbləğində dövlət rüsumu müəyyən edilib.

İclasda “Məşğulluq haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə təqdim edilib. Bildirilib ki, qanun layihəsi 6 fəsil, 37 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edəcək. Qanun Azərbaycan vətəndaşlarına, ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Məşğul şəxslərə muzdla işləyənlər, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər, əyani təhsil alanlar, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri və sair aiddir.

Sonra “Hesablama Palatası haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. Ziyad Səmədzadə bildirib ki, 6 fəsil, 41 maddədən ibarət qanun layihəsi Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və effektiv istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri ilə və digər tərəflərlə münasibətlərini tənzimləyir.

İclasda “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxılıb. Qeyd edilib ki, 4 fəsil, 21 maddədən ibarət qanun layihəsi ölkəmizdə dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir. Layihədə dövlət daktiloskopik qeydiyyatı, daktiloskopik məlumat bankı, dövlət genom qeydiyyatı, DNT profili və digər anlayışların izahı verilir. Qeyd edilir ki, ölkədə dövlət daktiloskopik və genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılır. Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya təsdiq olunub, “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Əşrəfi-Dan Ulduzu-Aypara BV və SOCAR-ın Ortaq neft şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə”, “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSİ arasında Risk xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihələri qəbul edilib.

“İnformasiya əldə etmək haqqında” qanun layihəsinə görə, sənədin 30.1-ci maddəsinə “Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyət məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir” məzmunlu ikinci hissə əlavə olunur.

Deputatlar, həmçinin Vergi Məcəlləsində, “İcarə haqqında”, “Dövlət qulluğu haqqında”, “Siyasi partiyalar haqqında”, “Feldyeger rabitəsi haqqında”, “Yol hərəkəti haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında və “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında” qanun layihələrinə də baxıblar.

İclasda “Büdcə sistemi haqqında” Qanuna təklif olunan dəyişikliklər də müzakirə edilib. Bildirilib ki, bu dəyişikliklər 2019-cu büdcə ilindən başlayaraq dövlət və icmal büdcələrinin tərtib olunmasını təkmilləşdirmək məqsədi daşıyır. Dəyişikliklər fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə neft ixrac edən ölkələrin təcrübələri və Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb və fiskal qaydaları, o cümlədən neft gəlirlərindən səmərəli istifadə ilə bağlı qaydaları müəyyən edir, makroiqtisadi sabitliyin, eləcə də maliyyə və borc intizamının təmin edilməsi üçün çərçivə formalaşdırır. Qeyd olunub ki, bu dəyişikliklərin tətbiqi dövlət büdcəsinin neft gəlirlərindən asılılığını azaldacaq.

Cinayət Prosessual Məcəlləsində edilən dəyişikliklər Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinin təkmilləşdirilməsi və 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğunlaşdırma məqsədi daşıyır. Eyni zamanda, layihədə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması zamanı kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul etmək səlahiyyətinin verilməsi təklif edilir. Həmçinin dəyişikliklərə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxarkən hökm və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edə bilər və birinci və ya apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin) qəbul edə bilər.

İclasda Cəzaların İcrası Məcəlləsində, “İcra məmurları haqqında”, “Polis haqqında”, “İcra haqqında, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklər müzakirə olunub. Bildirilib ki, bu dəyişikliklər “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun icrası ilə əlaqədar və mövcud qanunların təkmilləşdirilməsi məqsədi daşıyır.

Deputatlar, həmçinin Cinayət, İnzibati Xətalar, İnzibati Prosessual, Mülki, Miqrasiya məcəllələrinə edilən dəyişiklikləri də nəzərdən keçiriblər.

“Dövlət rüsumu haqqında” Qanunda edilən dəyişikliyə görə, sənədin 10.9-cu maddəsində “10 manat” sözləri “20 manat” sözləri ilə əvəz edilir.

İclasda “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Notariat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihələrinə də baxılıb.

Müzakirə olunan bütün qanun layihələri səsə qoyularaq qəbul edilib.

Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. /AZƏRTAC/