Təbriz Vəfalı: "İnternet portallarının bəzilərində ümumiyyətlə arxiv olmur"

Tarix : 2018/07/03 11:53     Kateqoriya : SOSİAL    


	Təbriz Vəfalı: "İnternet portallarının bəzilərində ümumiyyətlə arxiv olmur"

Tanınmış tədqiqatçı-jurnalist, Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri, www.azim.az internet portalının baş redaktoru Təbriz Vəfalı Şərq qəzetinə açıqlamasında bildirir ki, keçmiş SSRİ dövründə təkcə Bakı şəhərində deyil, Azərbaycan SSR-nin ayrı-ayrı rayon və şəhərlərinin yerli mətbu orqanlarının hamısı mütləq redaksiyaların arxivlərində saxlanılırdı.

Eyni zamanda əlyazmalar belə arxivləşdirilirdi: "Elə əlyazmalar olurdu ki, onların 2-3 il belə saxlanılması tələb olunurdu.


Azərbaycanda və ölkənin hüdudlarından kənarda tanınan bəzi şəxslərin əlyazmaları isə xatirə olaraq arxivləşdirilmiş formada ömürlük saxlanılırdı. Üstəlik, bəzi kitabxanalarda əksər qəzetlər üçün arxivlər və onların kataloqları yaradılmışdı. Oxucular sözügedən kataloqlar əsasında istədikləri materialların dərc olunduğu qəzetləri asanlıqla tapa və oxuya bilirdilər. Bir sözlə, Sovetlər dönəmində dövri mətbuatın və bəzi materialların arxivləşdirilməsinə ciddi fikir verilirdi. Hətta Sovet İttifaqı dönəmində yazılmış bəzi kitablar da məhz arxivləşdirilmiş qəzetlərin materialları əsasında yazılırdı”.


Baş redaktor vurğulayır ki, 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra qəzetlərin arxivləşdirilməsi məsələsinə bir o qədər əhəmiyyət verilmədi. Düzdür, bəzi kitabxanalarda və redaksiyalarda müstəqilliyin ilkin dövrlərində SSRİ dövründən qalma və nəşrini davam etdirən, eləcə də yenicə nəşrə başlayan bəzi qəzetlərin nüsxələri saxlanılırdı: "Ancaq maddi imkansızlıq dövri mətbuat orqanlarının tam arxivləşdirilməsi məsələsini ciddi problemə çevirirdi. Çünki həm redaksiyalar, həm də kitabxanalar tərəfindən qəzetlərin toplanılaraq arxiv kimi saxlanılması, onların təhlükəsizliyinin qorunması və sair problemlərin həlli üçün kifayət qədər maliyyə vəsaiti tələb olunurdu. Müstəqilliyin ilkin dövrlərində məqalələrin, müxtəlif səpkili yazıların, xəbərlərin və eləcə də digər qəzet materiallarının arxivləşdirilməsi də ciddi problemə çevrilmişdi. Qəzetlər nəşr olunduqdan sonra əlyazmaların böyük əksəriyyəti dərhal zibil qutularına atılırdı. Mübahisələrə yol açacaq, müəyyən fikir ayrılıqlarına səbəb ola biləcək yazılar bir neçə gün saxlanılır və sonra məhv edilirdi. Çox nadir hallarda bəzi əlyazmaların ömrü uzun olurdu. Onlar redaksiyalarda bir neçə ay saxlanılırdı. Həmin dövrlərdə komputer texnologiyası kifayət qədər zəif inkişaf etdiyindən yazılar adətən "Norton Commander” ilə yazılır, həmin fayllar disketlərdə saxlanılırdı. Nəmişlikdən, tozlanmadan, virusdan və bəzən də ehtiyatsızlıqdan disketlər məhv olur, onların yaddaşlarına köçürülmüş arxiv materialları silinirdi. Üstəlik, həmin dövrlərdə əksər redaksiyalarda köhnə modelli kompüterlərdən və proqramlardan istifadə edildiyi üçün əlyazlmaların arxivləşdirilməsi də ciddi problemə çevrilirdi”.


Mərkəz rəhbəri vurğulayır ki, sonrakı dövrlərdə rabitə və informasiya-kommunikasiya texnologiyalarının ilbəil sürətli inkişafı, kompüterləşdirilmə və avtomatlaşdırılma proseslərinin təkmilləşdirilməsi, eləcə proqramlaşdırılmanın yenilənməsi arxivləşdirilmə üçün hərtərəfli şərait yaratdı. Lakin buna baxmayaraq, arxivləşdirilmənin səviyyəsi hələ də qənaətbəxş deyil: "Bu gün bəzi qəzetlər şəxsi redaksiyalarında öz arxivlərini saxlayırlar. Ancaq həmin arxivlərdən nəinki kənar şəxslərin, hətta redaksiya əməkdaşlarının yararlanmasına imkan verilmir. Hətta redaksiyalarda saxlanılan arxiv qəzetlər üçün kataloqlar hazırlanmayıb. Belə ki, oxucuya və ya redaksiya əməkdaşına lazım olan materialın qəzetin hansı tarixli buraxılışında, yəni, hansı gün, ay və ildə, həmçinin hansı səhifədə çap olunduğunu tapmaq qeyri-mümkündür. Çünki bugünədək hər hansı bir qəzetin redaksiyası məqalələrin və xəbərlərin adlarının, onların hansı tarixli qəzetdə və hansı səhifədə çap olunmasını göstərən faktlar yoxdur. Eyni zamanda, redaksiyalar qəzetlərin tarixlərinin və səhifələrinin arxivləşdirilməsi və kataloqlaşdırılması ilə məşğul olmayıblar. Üstəlik, redaksiyalara yazılı şəkildə ünvanlanan əlyazmaların heç biri arxivləşdirilərək saxlanılmır. Digər tərəfdən, əksər redaksiyalarda elektron poçtlar vasitəsilə göndərilən məlumatlar, məqalələr və yazılar kompüterlərdə arxivləşdirilmir. Bunlardan əlavə, əksər qəzetlərin internet versiyası olsa da, həmin saytların əksəriyyətində də arxivləşdirilmə ciddi problemə çevrilib. Belə ki, həmin internet portallarının bəzilərində ümumiyyətlə arxiv olmur. Bəzi internet portallarında isə müəyyən müddətdən bir yenilənmə zamanı arxivlər ya tamam silinir, ya da yalnız bəzi arxiv materiallarını tapmaq mümkünləşir. Analoji problemlər təkcə qəzetlərin deyil, xəbər portallarının arxivləşdirilməsi zamanı da yaşanır. Ona görə də oxucuya lazım olan materilalları istər sözügedən saytlardan bəzilərindəki "Axtarış” bölməsi, istərsə də "google.az” vasitəsilə tapılması qeyri-mümkün olur”.


Tədqiqatçı jurnalist qeyd edir ki, bəzi redaksiyalar qəzetlərin elektron versiyasının PDF variantını da arxivləşdirirlər. Ancaq əksər hallarda PDF fayllarının kompüterlərdə, xüsusilə də mobil telefonlarda və planşetlərdə açılması çox qəlizləşir və onlardan istifadə üçün ən son modelli proqramlar tələb olunur: "Hətta bəzi PDF variantlı materiallar fotoşəkil formatlı olmaqla arxivləşdirilir və onları yazı faylına çevirməyi və oxumağı da hər oxucu bacarmır. Düzdür, bəzi hallarda oxucular PDF fayllı fotoşəkilləri kompüterə yüklənmiş proqramlar, yaxud, internetdəki onlayn çevirmə proqramları vasitəsilə PDF-dən "Word” faylına çevririrlər. Ancaq bu yolla PDF-ləşdirilmiş bütün arxiv fotoşəkillərini "Word” faylına çevirmək mümkün olmur. Bütün bunlar da həmin məlumatların yalnız fotoşəkillər kimi oxucular, istifadəçilər tərəfindən oxunmasına şərait yaradır. Digər bir problem də odur ki, bəzi saytlarda və qəzetlərin internet portallarında olan materiallar elə formada arxivləşdirilir ki, onların "kopirovat” edilməsi mümkünləşmir”.


Mütəxəssis vurğulayır ki, kataloqlaşdırma olmadığından və istifadəsinə icazə verilmədiyindən redaksiyalardakı arxivləşdirilmiş qəzetlərdən istifadə qeyri-mümkündür. Amma dövri mətbuatın arxiv materialları ictimaiyyət üçün açıq olmalıdır: "Araşdırma yazılarının, tarixi əsərlərin və sair materialların yazılmasında, kitabların hazırlanmasında arxivlər önəmli rol oynaya bilər. Əvvəllər 50 minədək qəzeti şəxsi arxivimdə saxlayırdım. Müəllifi olduğum "Mafiya. Zor və ağlı özündə birləşdirən məxfi qurum” adlı kitabımı yazarkən şəxsi arxivimdəki qəzetlərdəki materiallardan yararlanmışam. Amma mənə jurnalistlərin binasında mənzil verildikdən sonra qəzet arxivimi saxlamaq imkanım məhdud oldu. Bu səbəbdən də 50 minədək qəzeti dost-tanışlara istifadə etmək üçün verdim. Hazırda bugünədək ayrı-ayrı yazılı mətbuat orqanlarında və elektron KİV-lərdə çap olunmuş, yayılmış yazılarımın əksəriyyətini arxivləşdirdiyim variantını şəxsi komputerimdə saxlayıram və onlar mütəmadi olaraq araşdırma yazılarımı və digər materialları hazırlamaqda mənə yaxından köməklik edir”.


Təbriz Vəfalı vurğulayır ki, hazırkı dövrdə qəzetlərin, dövri mətbuatın arxivləşdirilməsi gələcək nəsillərə mətbuatımızın keçmişini, tarixini anlatmaq, oxucularımızın jurnalistlərimizin və jurnalistikamızın fəaliyyəti ilə əyani şəkildə tanış olmaları baxımından vacid məsələ olsa da, bütün qəzetlərin arxivləşdirilməsinə ehtiyac yoxdur. Baş redaktor fikrini onunla əsaslandırır ki, kataloqlaşdırılma və arxivləşdirilmə zamanı ən sanballı materialların olduğu qəzetlərin və qəzet səhifələrinin arxivləşdirilməsinə fikir vermək lazımdır: "Elə qəzetlər var ki, onların səhifələri ayrı-ayrı dövlət qurumlarının press-relizləri ilə, müxtəlif xəbər portallarından götürülmüş xəbərlərlə doldurulub. Yəni, özəl xəbərlər, oxucuları maraqlandıran və ya onları narahat edən məsələlərlə bağlı reportajlar, araşdırmalar və digər səpkili məqalələr yoxdur. Ona görə də bu cür qəzetlərin arxivləşdirilməsi və onun gələcək nəsillərə hər hansı bir faydasının olacağı barədə danışmağa dəyməz. Təklif edirəm ki, dövri mətbuatda dərc olunan ən sanballı materiallar arxivləşdirilsin. Yəni, həmin materialın dərc olunduğu qəzetin səhifəsi fotoşəkil, yaxud PDF faylı formasında saxlanılsın, həmin materialın "Word” faylı isə internet variantı formasında arxivləşdirilsin. Onu da bildirim ki, internet vasitəsilə kənar müdaxilələrin edilməməsi, haker hücumlarının qarşısının alınması, arxiv materiallarının silinməməsi, dəyişdirilməməsi və digər acınacaqlı vəziyyətin yaranmaması üçün peşəkar kadrların xidmətlərindən, ən son, ən yüksək keyfiyyətli və təminatlı proqramlardan istifadə olunması lazımdır. Bu da redaksiyalar üçün əlavə xərc deməkdir. Hesab edirəm ki, yuxarıda sadaladığım problemlərin həm redaksiyalar, həm də dövlət səviyyəsində müzakirə edilməsi və onların həllinə nail olunması arxivləşdirilmiş materialların etibarlı müdafiəsini təşkil edəcək və onların gələcək nəsillərə çatdırılmasında və oxunmasında, gələcək nəsillərin maarifləndirilməsində mühüm və əhəmiyyətli rol oynayacaq”.

Şəymən