Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Tarix : 2018/07/06 18:09     Kateqoriya : İQTİSADİYYAT    


	Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

2018-ci il iyul ayının 6-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən "Fakt-Araşdırma"-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarı ilə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

İclasda Dövlət Neft Fondunun 2017-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2017-ci il büdcəsinin icrası və Fondun 2018-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələlərinə baxılıb.

Müşahidə Şurası ARDNF-nin İcraçı direktorunun təqdim etdiyi Fondun 2017-ci ildə fəaliyyəti haqqında illik hesabatı, 2017-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatını məqbul hesab edib, ARDNF-nin 2017-ci il büdcəsinin icrası layihəsinin və ARDNF-nin 2018-ci il büdcəsindəki dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.